Məhkəmə qərarları › İş №2(001)-1097/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1097/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1097/2022 09.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı (QBTK) X1 (MMM) Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2015-ci il tarixli, **********5610 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 42 faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X3 zamin kimi qeydiyyata alınmışdır. Sonradan tərəflər arasında imzalanmış 11 aprel 2016-cı il tarixli sazişə əsasən, Cavabdeh1 borcu restrukturizasiya edilərək 2675 manat, ödəniş müddəti 20 ay, faiz dərəcəsi illik 34,85 faiz müəyyən edilmişdir. Cavabdeh1 götürdüyü krediti faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi səbəbindən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən 03 dekabr 2021-ci il tarixə 2151,52 manat əsas borcu yaranmışdır. İddiaçı tərəfindən faiz və cərimə borcu hesablanmamışdır. İddiaçı QBKT MMM Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41,51 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, onun iddia ərizəsində göstərilən məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Həmçinin, o, ödəniş etməkdən yayınmır, belə ki, 19 yanvar 2022-ci il tarixdə 20 manat ödəniş etmişdir. Bundan sonra da təxminən belə məbləğlərdə ödəniş edə bilər. Daha artıq məbləğ ödəməyə imkanı yoxdur. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə cavabedh Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QBKT MMM qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddia ona münasibətdə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən məhkəmə hesab edir ki, iddia ona münasibətdə də qismən təmin olunmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, 19 yanvar 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən iddiaçıya 20 manat pul ödənilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, ödənilmiş həmin məbləğ borcdan çıxılmaqla cavabdehlərdən 2131,52 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 41,51 manat məbləğində pul vəsaitinin 40 manat məbləğində hissəsi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2131,52 manat məbləğində borc müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QBKT MMM-ə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 40 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QBKT MMM-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar