Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1100/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı Cavabdeh Qoşqar oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qoşqar oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin vaxt cavabdeh Türkiyə Respublikasının Ankara şəhərinin tibb universitetində təhsil alıb eyni zamanda işlədiyindən tərəflər ailə qurandan bir ay sonra Ankara şəhərinə köçmüşlər. Orada ayı təxminən 300 manat ətrafında 4 otaqlı mənzili kirayə tutaraq yaşamışlar. xx xxxx 2018-ci il tarixdə onların X3 adında bir uşaqları doğulmuşdur. Uşaq doğulandan bir neçə gün sonra cavabdeh iddiaçıya onunla yaşamaq istəmədiyini bildirmiş və onun yanına gəlmiş anası onu Naxçıvan şəhərinə gətirmək məcburiyyətində qalmışdır. Həmin vaxtdan da tərəflər arasında əlaqələr kəsilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh iddia ərizəsi əsasında onlar arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra azyaşlı uşaq ananın yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət olunmuş və Naxçıvan Şəhər Məhkəməsinin həmin mülki iş üzrə icra vərəqəsi icra olunması üçün Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun ərizəsinə əsasən məhkəmə qətnaməsinə izah verilmiş, əmək qabiliyyətli əhali üçün yaşayış minimumun (əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 201 manat təşkil edir) 1/4 hissəsi miqdarında alimentin tutulmasına qərar verilmiş, həmin qərar əsasında cavabdehin ayda ödəyəcəyi alimentin miqdarı 50 manat müəyyən olunmuşdur. Cavabdeh Türkiyə Respublikasında təhsil aldığı müddətdə həm də ixtisası üzrə işləyirdi. 2018-ci ildə təhsilini qurtararaq Ankara şəhərinin tibb klinikalarının birində həkim cərrah kimi fəaliyyət göstərirdi. Qeyd olunanlara əsasən iddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-26/2020 nömrəli, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə Cavabdeh bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək sabit məbləğdə hər ay 300 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Quliyeva X4 şəhərindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə teleqram ünvanlayaraq bildirmişdir ki, mövcud olan pandemiya vəziyyətinə görə Bakı şəhərinə gəlib-gedə bilmir və ona görə də, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)- 26/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(078)- 36/2020 saylı qərardadından görünür ki, icra məmuru icra vərəqəsinin icrası ilə bağlı izah verilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə qərardadında Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun məbləğindən (201 manat) tutulmalı olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-26/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, Cavabdeh Qoşqar oğlundan xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-26/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin və tutulan alimentin məbləği artırılsın. Cavabdeh Qoşqar oğlundan xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Qoşqar oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1100/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1100/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver