Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1124/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yuynis qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-387/2022 saylı 10 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə böyük icra məmuru R.İbrahimov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, bir ədəd enerji götürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş və üzərindən çıxarılmış elektron nəzarət vasitəsi komplektinə texniki baxış keçirilmiş və mobil nəzarət qurğusunun yararsız hala salındığı aşkar edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəflərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat vəsaitin alınaraq dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, 02 avqust 2023-cü il tarixdə hökmlə qadağan olunmamış vaxtda marketə gedərkən qonşuluqda yaşayan Rəcəb adlı şəxsin onu vuraraq yerə yıxdığını və döyməyə başladığını, bu zaman onun əlindən qaçaraq yolu keçmək istədikdə “Toyota Prius” markalı avtomobilin onu vurduğunu bildirmiş və evə çatdıqda elektron nəzarət vasitəsinin ekranının qırıldığını müəyyən etmiş, dərhal bu barədə Polis orqanlarına və Probasiya Şöbəsinə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçınə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı nümayəndəsi məhkəməyə məktubla müraciət edərək, ərizənin təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 387/2022 saylı 10 avqust 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmün icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs elektron nəzarət vasitələrinin tətbiq olunçası və onun cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokolun surətindən görünür ki, məhkum Cavabdeh bir ədəd “Attenti” markalı elektron nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, bir ədəd enerji götürücü qurğu təhvil verilmiş və istifadə qaydaları izah edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanmış 29 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” Texniki rəyin surətindən görünür ki, 28 sentyabr 2023-cü il tarixdə Cavabdeh tətbiq edilmiş “Attenti V6” mobil qurğusuna texniki baxış keçirilmiş və baxış zamanı “Ana plata əyilib. Təmiri mümkün deyil. İstifadəyə tam yararsız” kimi rəy verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 hazırda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı olmaqla yanaşı, Cavabdeh müraciəti əsasında digər əməkdaş Fərid Nəzərli tərəfindən araşdırma aparıldığını və araşdırma aparılarkən R.Hüseynovla Cavabdeh marketin qarşısında dalaşdıqlarını və bunun nəticəsində üzərində olan elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşməsi barədə məlumatlı olduğunu, lakin həmin ərazidə Təhlükəsizlik Şəhər kameralarının olmadığını, yalnız marketin kameralarının olduğunu və həmin marketin kameralarına baxış zamanı elektron nəzarət vasitəsinin Cavabdeh üzərində olmasının və onun hər-hansı təsir nəticəsində qırılmasının müşahidə edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-387/2022 saylı 10 avqust 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmün icrası və onun davranışına nəzarəti həyata keçirmək vəzifəsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. 19 sentyabr 2022-ci il tarixdə məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmiş, həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, bir ədəd enerji götürücü qurğu məhkum Cavabdeh təhvil verilmiş, nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim olunmuş mobil nəzarət qurğusu yararsız hala salınmış və bununla da 2277.40 manat məbləğində maddi zərər vurulmuşdur. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında 02 avqust 2023-cü il tarixdə hökmlə qadağan olunmamış vaxtda marketə gedərkən qonşuluqda yaşayan Rəcəb adlı şəxsin onu vuraraq yerə yıxdığını və döyməyə başladığını, bu zaman onun əlindən qaçaraq yolu keçmək istədikdə “Toyota Prius” markalı avtomobilin onu vurduğunu və bunun nəticəsində elektron nəzarət vasitəsinin ekranının qırıldığını bildirsə də, qeyd edilən halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli və 2277.40 manat pul vəsaiti cavadeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1124/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1124/2024
19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver