Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1125/2022 09.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.618 manat məbləğində borcun və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 236 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan “KİA Optima” markalı, **- VL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə avtomobili qəbul etməyi və avtomobildən istifadə etdiyi hər gün üçün 60 manat məbləğində pul ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə təhvil verilmiş, eyni zamanda avtomobili idarə etmək üçün cavabdehə yol vərəqəsi (etibarnamə) verilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd edilən avtomobil onu idarə etmək hüququ olmayan X7 tərəfindən idarə edilmiş və bu səbəbdən sonuncu 100 manat məbləğində inzibati qaydada cərimə edilmiş, bundan sonra avtomobil həmin tarixdə cərimə meydançasına yerləşdirilmiş və yalnız xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi 240 manat məbləğində ödəniş etdiyini, nəticədə onun 300 manat məbləğində borcunun yarandığını, bundan əlavə müqavilənin şərtlərinə zidd olaraq avtomobilin idarə edilməsini digər şəxsə ötürdüyünü, nəticədə həmin şəxsin 100 manat məbləğində inzibati qaydada cərimə edildiyini və avtomobilin cərimə meydançasına yerləşdirildiyini, avtomobilin 8 gün cərimə meydançasında qaldığını, bununla bağlı 100 manat məbləğində cərimənin, 8 manat duracaq pulunun, avtomobilin cərimə meydançasına daşınması xidmətinin göstərilməsi üçün 30 manat məbləğində pulun onun tərəfindən ödənildiyini bildirir və bu məbləğlərin cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda, avtomobilin müqavilə üzrə müəyyən edilmiş müddət bitdikdən 3 gün sonra ona təhvil verildiyini qeyd edir və bu müddət üçün də ümumilikdə (60 x 3 = 180) 180 manat məbləğində pulun, habelə avtomobilin idarə etməsinin digər şəxsə verilməməsi öhdəliyini pozması səbəbindən 1.000 manat cərimə məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli və “X5” MMC-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinə əsasən iddiaçı tərəfindən müvafiq olaraq avtomobilin cərimə meydançasına daşınmasını həyata keçirən "xxxx" MMC-yə 30 manat, avtomobilin 8 gün müdətində cərimə meydançasında saxlanılması üçün 8 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş icarə haqqını müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə yaranmış 300 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penya ödəyəcəyini vəd etmişdirsə, kreditor penyanın ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, xx.xx.2021-ci il tarixli müqavilənin 8-ci bəndində cavabdeh bir sıra hərəkətlərə yol verdiyi, o cümlədən avtomobilin idarə edilməsini digər şəxsə ötürdüyü (müqavilənin 8.4-cü yarımbəndi) halda iddiaçıya cərimə ödəyəcəyini vəd etmişdir. Buna baxmayaraq, üzərinə götürdüyü bu öhdəliyini də pozmuş və avtomobilin idarə edilməsini digər şəxsə, yəni X4 ötürmüşdür. Həmin şəxs də bu avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Hazırda da iddiaçı icarə müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən müqavilənin 8.4-cü yarımbəndinin tələblərinin pozulması səbəbindən razılaşdırılmış 1.000 manat cərimə məbləğinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə işin hallarını, o cümlədən müqavilənin müddətini, icarə haqqının məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində cərimə borcu tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən icarə müqavilənin 8.4-cü yarımbəndinin tələblərinin pozulması nəticəsində avtomobil cərimə meydançasına yerləşdirilərək, 8 gün cərimə meydançasında qalmış, bununla bağlı 8 manat duracaq pulu, avtomobilin cərimə meydançasına daşınması xidmətinin göstərilməsi üçün 30 manat pul da iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bu məbləğin cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində yaranmış zərər məbləği olmasını və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, 38 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, avtomobil müqavilə üzrə müəyyən edilmiş müddət bitdikdən 3 gün sonra iddiaçıya təhvil verilmişdir. İddiaçının avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olduğu və avtomobilin 1 gün üçün icarə haqqının 60 manat təşkil etdiyi nəzərə alındığı təqdirdə iddiaçı ümumilikdə (60 x 3 = 180) 180 manat gəlirdən (faydadan) məhrum olmuşdur. Belə ki, avtomobil həmin günlərdə cərimə meydançasında olmadığı təqdirdə iddiaçı onu icarəyə verib hər gün üçün real olaraq azı 60 manat məbləğində pul əldə edə bilərdi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 180 manat əldən çıxmış fayda məbləği də tutulmalıdır. Məhkəmə iddia tələbinin “100 manat məbləğində inzibati cərimənin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh avtomobilin idarə edilməsini digər şəxsə, yəni X4 ötürmüşdür. Həmin şəxs də bu avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı bu məbləği X3 deyil, cavabdehdən tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmənin bu qənaəti iddiaçının qeyd edilən məbləğin məhkəmə qaydasında X3 tələb etməsini istisna etmir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (300 + 300 + 38 + 180 = 818) 818 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 30 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan 8 manat hissəsi iddiaçıya aid edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə 300 manat məbləğində əsas, 300 manat məbləğində cərimə, cəmi 600 manat məbləğində borc, ödənilmiş 38 manat zərər və 180 manat əldən çıxmış fayda məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsinin əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə 300 (üç yüz) manat məbləğində əsas, 300 (üç yüz) manat məbləğində cərimə, cəmi 600 (altı yüz) manat məbləğində borc, ödənilmiş 38 (otuz səkkiz) manat zərər və 180 (bir yüz səksən) manat əldən çıxmış fayda məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsinin əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1125/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1125/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver