Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1152/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 2958,51 manat məbləğində vəsaitin və tərəfindən köçürülmüş 49.60 manat məhkəmə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 21 iyul 2022-ci il tarixli mənzil alqı-satqısına dair № ÇP/1-19-saylı müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 1-ci bina, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,73 kv.m olan 38 saylı mənzilin dəyəri olaraq 64649 manat pul vəsaiti onun tərəfindən cavabdehin təqdim etdiyi bank hesabına nağdsız qaydada tam ödənilmişdir. Mənzili alarkən yalnız bank rekvizitləri təqdim olunmuş, o, xx.xx.2022-ci il tarixində 64649 manat pul vəsaitini həmin bank hesabına nağdsız qaydada tam ödəmiş, mənzili alarkən ona ödəniş etmək üçün bank rekvizitlərindən başqa digər heç bir sənədlər (hesab faktura, elektron-qaimə, ƏDV depozit hesabı) təqdim olunmamışdır. ƏDV-nin geri qaytarılması ilə bağlı cavabdehlə aparılan danışıqlar zamanı ona bildirilmişdir ki, mənzil üçün bank hesabına nağdsız qaydada ödədiyi tam məbləğin ƏDVyə aid olan hissəsini də Vergilər Nazirliyinə köçürərək öz hesabatlarında qeyd etmişlər. Bu səbəbdən ƏDV-nin geri qaytarılması ilə bağlı vergi orqanlarına müraciət etməli olduğunu cavabdeh ona bildirmiş və o da ƏDV-nin geri qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin cavabdeh tərəfdən ona ƏDV depozit hesabı və həmçinin elektron-qaimə təqdim olunmamışdır. Məhkəmə də onun iddia tələbini rədd edərkən əsaslardan biri kimi tərəfindən vəsaitin ƏDV hesabına ödənilməməsini qeyd etmişdir. Halbuki həmin hesab cavabdeh tərəfindən ona təqdim olunmalı idi və o da həmin hesaba ödənilmiş vəsait əsasında ƏDV məbləğini geri tələb etməli idi. Bundan başqa cavabdeh tərəfindən ödənilmiş vəsaitdən vergi məbləğini ayırdığını və bununla bağlı vergi orqanına hesabat verdiyini də qeyd etmişdir. Belə olan halda cavabdeh ƏDV məbləğini 3 ay müddətində geri almaqla ona qaytarmalı olduğu halda bunu etməmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, ƏDV o zaman geri qaytarılır ki, həmin alqı-satqıda ƏDV ödənişi də həyata keçirilsin. Yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada ödəmiş şəxslər isə mənzilin dəyərindən ƏDV-nin qaytarılması üçün ödənişin, müvafiq qaydada, əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini təmin etməlidir. Qeyd edilən tələb MTK arasında bağlanmış müqavilənin tələbindən irəli gəlir. Lakin mənzilin dəyərinin həm ana məbləğinin, həm də ƏDV məbləğinin vahid hesaba-satıcının bank hesabına ödənilməsi onun həmin ƏDV məbləğini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsindən geri tələb etməyinə əsas vermir, qarşı tərəf onun səhvi üzündən guya 3 ay müddətində həmin məbləği geri tələb etmədiyini qeyd etməklə onun özünü təqsirkar çıxartmaq istəyir, halbuki həmin müddətdə də o, vergi orqanından qeyd edilən vəsaiti geri ala bilməzdi, belə ki, o, vəsaiti bütünlüklə cavabdeh orqanın təqdim etdiyi hesaba ödədiyi üçün cavabdeh də hesabatı vergi orqanına təqdim etmiş və bu halda ƏDV məbləğini 3 ay müddətində geri tələb etmək hüququ da ona məxsus olmuşdur. Lakin cavabdeh bunu etməmiş, əvvəldən ona ƏDV hesabını təqdim etməmiş və bu da onun maddi ziyanla qarşılaşmağına səbəb omuşdur. Belə ki, bu qayda onunla şirkət arasında bağlanan müqavilədə nəzərdə tutulmalı idi, həm də şirkət ödəniş aparan zaman həmin vəsaitlərin bir hesaba ödənilməsini ondan tələb etməməklə yanaşı ona ƏDV depozit hesabını da təqdim etməli idi. Ona cavabdeh tərəfin təqsiri üzündən dəymiş ziyan 2958.51 manat təşkil edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh MTK-dan 64.649 manata mənzil alınmış və mənzilin pulu cavabdeh tərəfindən təqdim olunmuş bank hesabına nağdsız qaydada tam ödənilmişdir. Mənzilin pulunun ödənilməsi üçün cavabdeh tərəfindən yalnız bank rekvizitləri təqdim olunmuş, əlavə heç bir sənəd təqdim olunmamışdır. Ödənilmiş ödənişə görə ƏDV-nin geri qaytarılmasını cavabdehdən tələb etdikdə onlara bunun üçün vergi orqanlarına müraciət olunmalı olduğunu bildirmişlər. Bununla bağlı müvafiq vergi orqanına, daha sonra isə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Lakin müraciətləri təmin edilməmişdir. ƏDV-nin ödənilməməsinə səbəb isə həm müddətin keçməsi, həm də ki, cavabdeh tərəfindən onlara düzgün ƏDV hesabının verilməməsi olduğunu bildirdi. Əgər onlar mənzilin pulunu ödəyərkən MTK tərəfindən onlara verilmiş rekvizitlərdə ƏDV hesabı qeyd olunsaydı, belə bir problemlə üzləşməyəcəklərini qeyd etdi. Hesab edir ki, cavabdehin təqsiri ucbatından onlara maddi ziyan dəyib. Hazırda da həmin ziyanı tələb edirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi-vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bundan başqa iddiaçının mənzili 2022-ci ilin iyul ayında aldığını, ƏDV-lərin qaytarılmasına isə 2022-ci ilin noyabr ayından başlanıldığını, MTK-nın 4 ay sonra elektron qəbz vermək kimi səlahiyyəti olmadığını, bu səbəbdən də MTK-nın heç bir nöqsana yol vermədiyini və iddiaçı ƏDV-nin geri qaytarılması üçün nəzərədə tutulmuş 90 günlük müddəti ötürdüyünü bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
b) Mülki işin materialları:
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5626/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ÇP/1-19 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, 1.1. “İcraçı", özü tərəfindən ünvan 2 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 1-ci bina, 7-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 49,73 kv. metr olan 38 saylı təmirsiz mənzilin tikintisini, mənzilin yerləşdiyi yaşayış binasının bünövrəsinin qoyulduqdan sonra hesablanmaqla 24 (iyirmi dörd) ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb "Sifarişçi"yə təhvil verməyi öhdəsinə götürür. 2.2. Mənzilin 1 kv.m sahəsinin dəyəri 1300,00 (bir min üç yüz) manat olmaqla ümumi dəyəri 64649,00 (altmiş dörd min alti yüz qirx doqquz) manat müəyyən edilir. 2.3. "Sifarişçi" tərəfindən bu müqavilənin 2.2-ci bəndində qeyd olunan ümumi dəyəri 64649,00 (altmiş dörd min alti yüz qirx doqquz) manat tam ödənildi və borcu yoxdur.
7. xx.xx.2022-ci il tarixli öhdəlikdən görünür ki, VÖEN: **********, müştəri adı: “İddiaçı tərəfindən 64649.00 manat məbləğində pul ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
8. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. 21.2-ci maddəsinı əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
11. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
12. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası MPM-nin:
13. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
Məhkəmənin mövqeyi:
19. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 2958,51 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən düzgün rekvizitlər verilməmiş, ƏDV ödənişinin ödənilməsi ilə bağlı məlumatlandırılmamışdır ki, bunun da nəticəsində ona maddi ziyan dəymişdir.
20. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır.
21. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5626/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin qeyd edilən qərarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə əsasən mənzili satın almış və mənzilin dəyərini xx.xx.2022-ci il tarixdə ödəmişdir. İddiaçı ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. İşin faktiki hallarından isə məlumdur ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal (https://new.etaxes.qov.az/eportal/az/loqin/) xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir.
22. Qeyd edilən qərardan müəyyən olunur ki, iddiaçıya ƏDV-nin ödənilməməsinə əsas onun qanunvericilikdə nəzərdə tutulan 90 gün müəyyən olunmuş müddəti ötürməsidir.
23. Hazırkı iddia tələbində isə iddiaçı cavabdehin təqsiri ucbatından ona 2958,51 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək həmin vəsaitin tutularaq ona ödənilməsini tələb etmişdir.
24. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə mənzil alqı-satqısına dair müqavilə bağlanılmışdır. ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal isə xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən yerləşdirilmişdir.
25. Məhkəmə qeyd edir ki, belə olduqda cavabdehin 4 aydan sonra elektron qəbz verməyə səlahiyyəti olmamışdır. Yəni belə qənaətə gəlmək olar ki, iddiaçının ƏDV-ni ala bilməməsində cavabdeh hər hansı bir nöqsana yol verməmişdir. Bununla məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən ona 2958,51 manat məbləğində maddi ziyan dəyməmişdir.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz iddiasını əsaslandıra bilməmiş, cavabdeh tərəfindən ona maddi ziyan dəyməsini sübuta yetirə bilməmiş, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
28. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.
29. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi, tutarlı bir sübut təqdim etməmişdir.
30. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X1 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
31. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X1 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
32. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
33. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
34. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
35. Beləliklə, məhkəmə hesab edir ki, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi əsassız olduğundan iddaçı İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
36. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova