Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1163/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı “X1” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4957,4 manat əsas, 380,9 manat faiz, 13,12 manat cərimə borcu olmaqla, cəmi 5351,42 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 73,52 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18% ödəmək şərtilə 5107 manat məbləğində kredit xətti açmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24 noyabr 2023-cü il, tarixinə "xxxx" KB ASC-yə 4957,4 AZN əsas, 380,9 AZN faiz, 13,12 AZN cərimə borcu olmaqla, cəmi 5351,42 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, işdən çıxdığı üçün kredit ödənişlərini ödəyə bilməmişdir. O, hazırda bağlara baxır, əlinə pul düşdükcə ödənişlər edir. Əsas və faiz borcu barədə mübahisəsi olmadığından, ekspertiza keçirilməsinə zərurət yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. «X1» ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli 1077nkNAR22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC borcalana istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18% ödəmək şərtilə 5107 manat məbləğində kredit xətti açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.
6. «X1» ASC-nin 24 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 4957,4 manat əsas, 380,9 manat faiz borcu, 13,12 manat cərimə borcu olmaqla, cəmi 5351,42 manat borcu vardır.
7. «X1» ASC tərəfindən borclu Cavabdeh ünvanlanan bildirişin surətindən görünür ki, cavabdehə borcunu 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. 24 noyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 73,52 manat məbləğində dövlət rüsumunu, 0,40 qəpik xidmət haqqını ödəmişdir; Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «X1» ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 1077nkNAR22 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə illik 18% ödəmək şərtilə 5107 manat kredit limiti açılmışdır. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmiş, nəticədə banka maliyyə arayışında göstərilən məbləğdə borcu yaranmışdır. Hazırda həmin borcu cavabdehdən tələb edir. Cavabdeh isə borcunu birdəfəyə ödəməyə imkanının olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
13. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
15. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
16. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
17. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
18. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
19. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
22. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək, cavabdehin tələb edilən borc məbləğini mübahisələndirməməsini nəzərə alaraq o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur və tələb edilən borcun əsaslılığını şübhə altına alacaq hər hansı hal müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
27. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
28. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli 1077nkNAR22 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4957,4 manat, faiz borcuna görə 380,9 manat, cərimə borcuna görə 13,12 olmaqla, ümumilikdə 5351,42 manat məbləğində pul vəsaiti, həmçinin 73,52 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 1077nkNAR/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 4957,4 manat, faiz borcuna görə 380,9 manat, cərimə borcuna görə 13,12 olmaqla, ümumilikdə 5351,42 (beş min üç yüz əlli bir manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 73,52 (yetmiş üç manat, əlli iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev