Məhkəmə qərarları › İş №2(001)-118/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-118/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-118/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat məbləğində pulun və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və qeyd edilən ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Belə ki. qeyd edilən ünvanda yerləşən evinin ikinci mərtəbəsini və mansardını tam təmir etdirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayında mobil telefonundakı “İnstagram” sosial şəbəkəsində "Təmir-Az" adlı bır şirkətin olması barədə məlumat əldə etmiş və həmin şirkət ilə əlaqə saxlamışdır. Həmin şirkət haqqında məlumat əldə edərkən şirkət müdirinin Cavabdeh olduğunu və ünvanlarda təmir işlərinin aparıldığını öyrənmişdir. Bundan sonra həyat yoldaşı X6 evlərində təmir işlərinin aparılmasından ötrü cavabdehlə 2018-ci ilin sentyabr ayında Cəlilabad şəhəri, Qurtuluş prospektində görüşmüşlər. Görüş zamanı cavabdeh həyat yoldaşı Elmana özünü briqadir kimi təqdim etmişdir. Həmin vaxt cavabdehin yanında Elxan adlı şəxs də olmuşdur. Bundan sonra cavabdeh evə baxmaq üçün həyat yoldaşı Elman və onlarla birlikdə olan Elxan adlı səxslə birlikdə yaşadıqları evə gəlmişlər. Həmin vaxt cavabdeh onlara vəd vermişdir ki, evin ikinci mərtəbəsini və mansardını iki ay müddətində tam təmir etdirib onlara təhvil verəcəklər. Elə orada da evin hansı formada təmir ediləcəyi barədə kataloqlara da baxılmışdır. Cavabdeh evin tam təmir edilib təhvil verilməsi müqabilində ona 42.000 manat məbləğində pul verəcəklərini bildirmiş və alınacaq tikinti materiallarını da öz öhdəsinə götürmüşdür. Belə ki, aralarında olan razılığa əsasən onlar arasında işin görülməsi barədə podrat müqaviləsi bağlanılmalı idi. Bu təklif elə cavabdeh tərəfindən onlara bildirilmişdir. Lakin həmin gün Cəlilabad rayon 1 saylı Notariat Ofisi işləmədiyi üçün aralarında podrat müqaviləsini rəsmiləşdirə bilməmişdirlər. Həmin vaxt cavabdeh onlara başqa vaxt gəlib podrat müqaviləsini bağlaya biləcəklərini bildirmişdir. Bundan bır neçə gün sonra ikinci dəfə Cəlilabad rayon 1 saylı Notariat Ofisinə gedib podrat müqaviləsini bağlamaq istəsələr də, notarius tərəfindən onlarda podrat müqaviləsi üçün nümunə olmadığı bildirilmişdir. Yenidən bundan bir neçə gün sonra cavabdeh Cəlilabad rayonuna gələn zaman həmin vaxt Cəlilabad rayon 1 saylı Notariat Ofisi işləməmişdir. Çünki, Cəlilabad rayon 1 saylı Notariat Ofisi həftənin 5-ci və 6cı günləri işləmir. Qeyd edilən səbəblərdən podrat müqaviləsinin bağlanması mümkün olmamışdır. Həmin gün yaşadıqları evin həyətində cavabdehə 18.000 manat pul verilmişdir. Həmin vaxt cavabdehlə birlikdə evlərinə gələn Elxan adlı şəxs də orada olmuşdur. Cavabdeh onlardan pulu aldığı günün səhəri evə müxtəlif tikinti materialları olan "Ağ-dağ", "Mətanət”, gips, alçıpan, profil və digər tikinti materialları gətirmişdir. Bundan 3-4 gün sonra, yəni 2018-ci ilin sentyabr ayının axırlarında cavabdeh evdə işləmək üçün əvəllər tanımadığı İlham və Azad adlı ustaları gətirmişdir. Hər iki şəxs evdə usta kimi işləyəndən sonra "Təmir-AZ“ adlı şirkətin işçiləri kimi tanımışlar. Bundan bır ay sonra, yəni 2018-ci ilin oktyabr ayında cavabdeh yenidən onlardan 10.000 manat pul istədikdə, yaşadıqları evin həyətində yenidən həmin pulu cavabdehə vermişlər. Həmin vaxt orada cavabdeh tərəfindən onlara dizayner kimi təqdim edilən Ləman adlı qadın da olmuşdur. Bundan bir müddət sonra cavabdeh yenidən onlardan pul istəmiş və 2019-cu ilin may ayında yaşadıqları evin həyətində cavabdehə fəhləsi Samır adlı şəxsin yanında 7.000 manat pul vermişlər. Samir adlı şəxsə isə lepka almaq üçün əlavə 1.000 manat pul vermişlər. Həmin vaxtlarda da Cəlilabad şəhəri, Qurtuluş prospektində Azad adlı şəxsin inşaat malları mağazasında evin təmiri üçün 2.000 manatlıq mal almışlar. Bundan sonra o, cavabdehlə Bakı şəhəri 11 saylı notariat kontorunda xx xxx 2019-cu il tarixdə podrat müqavilə bağlamışlar. Podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən ikinci tərəf özünün aldığı materiallardan istifadə etməklə X2 məxsus Cəlilabad şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən, ümumi sahəsi 266.1 kv/m təşkil edən fərdi yaşayış evini tam təmir edərək yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini tam təmirli qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 42.000 manat təşkil edir. Məmin müqavilənin 2.5-ci maddəsinə əsasən hu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərərin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Belə ki, cavabdehlə aralarında olan razılığa əsasən evin tam təmir edilib başa çatdırılıb onlara verilməsi üçün cavabdehə ümumilikdə 38.000 manat məbləğində pul verilmiş, qalan 4.000 manat məbləğində pulu isə təmir bitdikdən sonra ödəniləcəkdi. Lakin cavabdeh evin təmirini tam başa çatdırmamışdır. Hal-hazırda evin təmir işlərinin 60% yarımçıq qalmış və artıq bir ildir ki, təmir dayandırılmışdır. Belə ki, cavabdehə görülən işlərə 38.000 manat pul verilsə də, cavabdeh tərəfindən təmiri üçün materiallara 18.000 manat xərc çəkilmişdir. Qalan 20.000 manat xərc çəkilməmiş qalmışdır. xx xxx 2019-cu il tarixdə cavabdeh onun həyat yoldaşı Elmanın telefonuna mesaj yazaraq evin təmirinin başa çatdırılmasına dair vəd vermişdir. Hətta yoldaşı cavabdehə gəlib işlərə davam etməsini bildirsə də, cavabdeh həyat yoldaşının ad günü olduğunu bəhanə edərək işi görməkdən yayınmışdır. Bundan bir müddət keçməsinə baxmayaraq cavabdeh həm üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir həm də ki, aldığı pulu geri qaytarmır. Cavabdehdən dəfələrlə öhdəliyini yerinə yetirməsini tələb etsə də o, buna məhəl qoymamış, yalandan müxtəlif bəhanələrlə bundan imtina etmiş və telefon zənglərinə cavab verməmişdir. Göstərilən səbəbdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Qeyd edilən məsələ ilə bağlı xx xxxx 2019-cu il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə əri ilə birlikdə müraciət etsələr də, Cəlilabad Rayon Polis X4 tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" xx xxxx 2019-cu il tarixli qərar qəbul edilərək müraciətin mülki xarakterli olduğu bildirilmişdir. Cavabdehin yaşadıqları evin həyətində olarkən onlardan aldığı pulu etiraf etməsi ilə bağlı video görüntüləri də vardır və həmin video görüntü çəkilməmişdən qabaq cavabdehə xəbərdarlıq edilmiş, o, buna etiraz etməyərək razılıq vermiş və bundan sonra onun video görüntüsü çəkilmişdir. Həmçinin cavabdeh olan podratçıya mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında həll edilməsi üçün xx xxxxxx 2019-cu il pretenziya məktubunu göndərsə də, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinin tələblərini pozaraq, ona dəymiş zərəri bu günədək ödənilməmişdir. O, sifarişçi kimi podratçıya razılaşdıqları kimi muzd ödəsə də, lakin cavabdeh müqavilədə nəzərdə tutulan işi tam icra etməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Müqavilədə nəzərdə tutulmuş tələb edilən işləri aradan qaldırmalı olduğu halda aradan qaldırmamışdır. İddiaçı olaraq tərəfindən cavabdehə işlərin tam başa çatdırılmasına dair dəfələrlə vaxt verilməsinə baxmayaraq, cavabdeh işi tam başa çatdırmayaraq məsuliyyətdən yayınmışdır. Cavabdeh öhdəlik üzrə üzərinə götürdüyü işi şəxsən yerinə yetirməli olduğu halda yerinə yetirməmiş və iş nəticəsiz qalmışdır. Cavabdeh görüləcək işləri əsassız və səbəbsiz yerə onları aldadaraq ləngitməsi nəticəsində ona maddi zərər dəymişdir. Nəticədə də cavabdeh müqavilə şərtlərini pozmaqla öz qanunsuz hərəkətləri ilə sifarişçi kimi mənə vurduğu maddi zərərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 7304/2019 saylı qiyabi qətnaməsi iddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmiş, daha sonra isə qiyabi qətnamə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-4902/2020 saylı qərardadı ilə ləğv edilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, cavabdeh iddiaya etirazında evə 9 qapı aldığını qeyd etsə də, lakin onların evində 9 qapı yoxdur, cəmi 6 qapı vardır. Bundan əlavə, cavabdeh evə italyan divar kağızı aldığını və ona təhvil verdiyini bildirsə də, cavabdeh nəinki iltalyan divar kağızı, ümumiyyətlə hər hansı divar kağızı almamışdır. Cavabdeh sadəcə olaraq divar kağızının kataloqunu göstərmişdir. Daha sonra cavabdeh evin birinci mərtəbəsinin mağaza olduğunu bildirsə də, halbuki evin birinci mərtəbəsi mağaza yox, gözəllik salonudur. Eyni zamanda cavabdeh ona 36.000 manat pul verildiyini bildirsə də, ona 38.000 manat pulun verilməsi məhkəməyə təqdim olunmuş videogörüntüdə öz əksini tapmışdır. Etirazda cavabdeh evdə tam olaraq elektrik işlərini həyata keçirdiyini bildirsə də, elektrik xəttəri və aksesuarları alınmış, lakin naqillər tam çəkilməmişdir. Cavabdeh rəngsaz işlərini görüdüyünü iddia etsə də, lakin boyalar alınsa da istifadə edilməmişdir. Belə ki, boyalar divar kağızlarından sonra vurulmalı idi lakin, divar kağızları işinə gəldikdə cavabdeh onları aldadaraq yoxa çıxmışdır. Cavabdeh heç bir sübut olmadan, formal mülahizələrlə borcunu ödəməmək üçün məhkəmə proseslərini uzatmaq istəyir. Qeyd edilənlərə əsasən təqdim edilmiş sübutlar əsasında iddiasını müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəfindən təmir işləri aparılmış Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən 95 saylı ev üç mərtəbədən ibarətdir. Həmin evin birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi yaşayış sahəsi və üçüncü mərtəbəsi isə mansarddan ibarətdir. Cavabdeh həmin evin ikinci və üçüncü mərtəbəsində təmir işlərini görmüşdür. Cavabdeh iddiaçıdan cəmi 36.000 manat məbləğində pul almış və həmin məbləğdə də təmir işlərini görmüşdür. Cavabdeh həmin evdə tam olaraq elektrik işlərini (naqillərin çəkilməsi), santexnik işlərini (boruların çəkilməsi), yerə taxta və diktdən döşəmələrin vurulması, tavanın vurulması və rəngsaz işlərini görmüş, həmçinin evə vurulması üçün 1 kv.metri 28 manat olmaqla ümumi dəyəri 3.680 manat məbləğində təqribən 130 kv.metrlik laminat, 5.200 manat dəyərində 9 ədəd qapı, 1 rulonu 65 manat olmaqla 4.150 manat dəyərində italyan divar kağızı almış və iddiaçının evinə aparıb təhvil vermişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə pul verilmədiyi üçün təmir işlərini yekunlaşdırmamışdır. Beləliklə cavabdeh aldığı məbləğə uyğun olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının, 9 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh arasında bağlanan xx xxx 2019-cu il tarixli podrat müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ikinci tərəf aldığı materiallardan istifadə etməklə, İddiaçı məxsus Cəlilabad şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən fərdi yaşayış evini tam təmir edərək xx xxxx 2019-cu il tarixdə yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini tam təmirli qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndindən görünür ki, podratçı tərəfindən icra olunan işin ümumi dəyəri 42.000 manat təşkil edir və sifarişçi tərəfindən həmin məbləğ müqavilə bağlanan gün ödənilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Cəlilabad RPİ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qərardan müəyyən olunur ki, İddiaçı və həyat yoldaşı X1 Sənan Cavid oğlu tərəfindən onlara 20.000 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh ilə telefon vasitəsilə əlaqə saxlanılmış, Cavabdeh evin təmir işlərini yaxın vaxtlarda başa çatdıracağını bildimiş, tərəflər arasında yaranan mübahisənin mülki xarakterli olduğu nəzərə alınaraq cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilən xx xxxxxx 2019-cu il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh iddiaçıya vurulan zərərin əvəzini ödəmədiyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barəsində xəbərdar edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş foto şəkillərdən müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin təmir işləri tamamlanmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən iş materiallarına sübut kimi əlavə edilmiş video yazılara baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh təmir işlərinin görülməsi üçün 36.000 manat məbləğində pul aldığını qeyd edir. Həmçinin video yazılarda yerə diktdən döşəmələrin vurulması, mətbəxə və hamama isti pol sisteminin çəkilməsi, laminatın gətirilməsi, lakin vurulmaması, tavanlarda təmir işlərinin bir hissəsinin aparılması və evin üçüncü mərtəbəsində, yəni mansardda divarların ağardılması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2021-ci il tarixli, 10/3973 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı iddiaçı tərəfindən ekspertə, cavabdeh tərəfindən görülən işlər olaraq təqdim olunan işlər üzrə aparılmış hesablamalar nəticəsində həmin işlərin görülməsinə sərf olunan vəsait orta bazar qiymətinə uyğun olaraq təqribi 6.258,2 manatdır. Baxış zamanı və baxış zamanı aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansardının təmiri üçün 6 ədəd qapı, 34 rulon (1x10) divar kağızı və 140 kv.m laminat lazımdır. 6 ədəd qapının orta baza qiyməti təqribən 2.280 manat, 34 rulon divar kağızının orta bazar qiyməti təqribi 2.380 manat, laminatın orta bazar qiyməti təqribi 1.400 manatdır. xx xxxx 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx xxx 2019-cu il tarixində podrat müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya məxsus Cəlilabad şəhəri, H.Əliyev prospekti 95 ünvanında yerləşən fərdi yaşayış evini təmir edərək xx xxxx 2019-cu il tarixdə yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı cababdehə bunun üçün 38.000 manat məbləğində ödəniş etdiyini bildirsə də, cavabdeh 36.000 manat məbləğində ödənişin aldığını və həmin məbləğdə işlərin görüldüyünü bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə təmir işlərinin görülməsi üçün 38.000 manat məbləğində ödənişin edildiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə həmin məbləğin 36.000 manat olduğunu etiraf edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh evə vurulması üçün 1 kv.metri 28 manat olmaqla ümumi dəyəri 3.680 manat məbləğində təqribən 130 kv.metrlik laminat, 5.200 manat dəyərində 9 ədəd qapı, 1 rulonu 65 manat olmaqla 4.150 manat dəyərində italyan divar kağızı aldığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə alınmış ekspert rəyindən müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus evdə gördüyü təmir-bərpa işlərin ümumi dəyəri 6.258,2 manat təşkil edir. Ekspert tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansardının təmiri üçün cavabdehin bildirdiyi kimi 9 ədəd qapı deyil, 6 ədəd qapı, 34 rulon (1x10) divar kağızı və 140 kv.m laminat lazımdır. 6 ədəd qapının orta baza qiyməti təqribən 2.280 manat, 34 rulon divar kağızının orta bazar qiyməti təqribi 2.380 manat, laminatın orta bazar qiyməti təqribi 1.400 manatdır. Göründüyü kimi, cavabdeh iddiaçıdan 36.000 manat məbləğində muzd alsa da, cəmi 6.258,2 manat dəyərində təmir-bərpa işləri görmüşdür. Cavabdeh tərəfindən iddiaçıya məxsus evin təmiri üçün qapılar, divar kağızı və laminatın alındığı təsdiq olunduğu təqdirdə belə, həmin tikinti materiallarına xərclənmiş vəsait ekspert rəyinə əsasən 6.060 manat təşkil edir (2.380 (qapılar) + 1.400 (laminat) + 2.280 (divar kağızları)) və bu məbləğ də iddiaçının tərəfindən cavabdehə ödənilən 36.000 manat məbləğində muzdu əhatə etmir (36.000-6.258,2-6.060=23.681,8 manat). Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış podrat müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçıya icra etmədiyi işlərə görə aldığı muzdu geri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 20.000 manat məbləğində vəsait və iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində vəsait və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar