Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1180/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 3000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2016-cı ildə xaricdə hüquqşünaslıq ixtisası üzrə təhsil almış, Bakı şəhərinə qayıdıb ixtisası üzrə iş axtarmağa başlamışdır. Onun diplomu təsdiq olunmadığı üçün işə daxil olmaqla bağlı bir sıra problemlər yaranmışdır. 2018-ci ilin iyul ayında tanışı vasitəsi ilə Cavabdeh ilə tanış olmuş və cavabdeh ona diplomunu təsdiqlətdirə biləcəyini bildirmişdir. Bu məqsədlə o, 2018-ci ilin sentyabr-oktyabr aylarında cavabdehə ümumilikdə 9000 manat pul vermiş, lakin bir müddət keçdikdən sonra cavabdehin onu aldatdığını anlamış və bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun şikayəti əsasında cavabdeh barəsində cinayət işi başlanılmış və müvafiq olaraq Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə cavabdeh təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı Cavabdeh ona dəymiş zərər olan 3000 manat məbləği ödəmədiyini etiraf etmişdir. Cavabdeh qeyd edilən məbləği qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Ona görə də Cavabdeh maddi ziyana görə 3000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(006)-195/2020 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Əbülhəsən qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh Əbülhəsən qızının məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(006)-195/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh Əbülhəsən qızı 2016-cı ildə Karazin adına Xarkov Milli Universitetini bitirmiş İddiaçı ali təhsil alması haqqında 16 seriyalı 242408 nömrəli bakalavr diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyini bildirərək aralarındakı razılaşmaya əsasən bu məsələni 2018-ci ilin sonuna kimi 9000 manata həll edəcəyinə dair yalan vəd verib onu aldadaraq İddiaçı 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında 6000 manat, xx xxxxxxx 2018-ci il tarixdə Xırdalan şəhərində 1000 manat, xx.xx.2019-cu il tarixdə Səbail rayonu Parlament prospektində yerləşən Azərbaycan Respublikası Milli Məclisi yaxınlığında 1800 manat və xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında 200 manat olmaqla vahid niyyətlə ümumilikdə 9000 manat məbləğində pulu alıb ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, təqsirləndirilən şəxs Cavabdeh Əbülhəsən qızı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2018-ci ilin ortalarında X1 ilə tanış olduqdan sonra sonuncuya məxsus avtomobili kirayə götürüb taksi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda T.Qocayevə xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarını Azərbaycanda təsdiq etdirə biləcəyini bildirmişdir. Sentyabr ayının əvvəllərində ona Hüseyn adlı şəxs zəng edərək telefon nömrəsini Teyyubdan götürdüyünü və onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Hüseyn ona Karazin adına Xarkov Milli Universitetini bitirməsini, aidığı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirmək istədiyini demiş, o da ona diplomu təsdiq etdirə biləcəyinə dair yalan vəd verərək ondan bu məqsədlə hissə-hissə 9000 manat pul almış, aldığı pulu isə xəstə olan anasının müalicəsi və digər ehtiyacları üçün xərcləmişdir. Hazırda aldığı puldan 6000 manatı qaytarmış, qalan məbləği qısa müddət ərzində tam şəkildə qaytaracaqdır. Hökmdən daha sonra müəyyən olunur ki, zərər çəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Ukraynanın Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsinin bakalavr pilləsini bitirib Bakıya qayıdıb ixtisası üzrə iş axtarmağa başlamış, lakin diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmadığı üçün bununla əlaqədar bəzi problemlər yaranmışdır. 2018-ci ilin iyul ayının sonlarında tanışı Pərvin ona Teyyub adlı şəxsin nömrəsini verərək bildirmişdir ki, sonuncunun onun diplomunu təsdiq etdirə biləcək Sevinc adlı bir tanışı var. X4 həmin qadının nömrəsini alaraq ona vermişdir. O da iki gün sonra Sevincə zəng edərək məsələsini ona danışmış, Sevinc də Təhsil Nazirliyində işlədiyini və ona kömək edə biləcəyini deyərək bir neçə gündən sonra görüşə biləcəyini demişdir. 2018-ci ilin sentyabr ayının əvvəlində onlar Mərkəzi Neftçilər xəstəxanısının yaxınlığında görüşmüş, bu zaman Sevinc özünü bir daha Təhsil Naziriliyində işləyən yüksək vəzifəli şəxsin köməkçisi olaraq təqdim etmiş, diplom təsdiqi ilə məşğul olduğunu və bu məsələnin onun işlədiyi şöbənin səlahiyyətinə aid olduğunu bildirmişdir. O da özü ilə gətirdiyi diplomu və digər sənədləri ona göstərmiş, sonuncu sənədlərə baxdıqdan sonra ona kömək edə biləcəyini, lakin bu məsələnin həll olunması üçün 10000 manat pul lazım olduğunu demişdir. O isə 9000 manat pul verə biləcəyini bildirdikdən sonra Sevinc tərəddüd etmiş, lakin sonda onunla razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən o, ilk öncə 6000 manat, daha sonra isə 3000 manatı pul verməli idi. 2018-ci ilin sentyabr ayının ortalarında Cavabdeh ilə Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında görüşmüş və diplomu təsdiq etdirməsi üçün ona 6000 manat pul və sənədləri vermişdir. Sevinc pulu aldıqdan sonra 3 ay ərzində işi həll edəcəyini bildirmişdir. Lakin 2018-ci ilin sentyabr ayının sonları Sevinc ona zəng edərək diplomu daha tez təsdiqlətmək imkanı olduğunu bildirmiş və bunun müqabilində ondan 1200 manat pul istəmişdir. O da xx xxxxxxx 2018-ci il tarixdə qohumu X2 ilə birlikdə Xırdalan şəhərində Sevinclə görüşüb yalnız 1000 manat gətirə bildiyini deyərək həmin pulu ona vermiş, sonuncu isə bu işi yaxın vaxtda düzəldəcəyini bildirmişdir. İki gün sonra Sevincə zəng edib işin nə yerdə olduğunu soruşanda, Sevinc ona pulun hamısının verilmədiyi üçün işin ləngidiyini və təcili olaraq daha 2000 manat pulu gətirməsini istəmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Sevinclə Səbail rayonu Parlament prospektində yerləşən Milli Məclisin yaxınlığında görüşərək ona 1800 manat pul vermiş, sonuncu da 200 manat pulun əskik olduğunu bildirəndə, o, bu məbləği sonra verəcəyini demişdir. Bundan sonra imtahan verib-verməyəcəyi barədə soruşduqda, Sevinc ona ilin sonunda diplomun imtahansız təsdi olunacağını demişdir. xx xxxx 2019-cu il tarixdə Sevinc ona zəng edib qalan 200 manatı da istəmiş, o da onunla Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşüb həmin pulu ona vermişdir. Bundan sonra mütəmadi olaraq Sevincə zəng edib məsələ barədə maraqlansa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirmiş, bir müddət sonra isə ona işin düzəlmədiyini və yaxın vaxtlarda pulu qaytaracağını bildirmişdir. Bir neçə dəfə Sevincdən pulunu geri tələb etsə də, sonuncu qısa müddət ərzində pulu qaytaracağına vəd vermiş, lakin pulu qaytarmamışdır.Hazırda ona dəymiş zərərin yalnız 6000 manatı ödənilmiş, qalan məbləğ qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası CPM-nin 65.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olubolmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı 9000 manat ziyan dəymiş, Cavabdeh həmin məbləğdən 6000 manatı qaytarmış, qalan 3000 manatı isə qaytarmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi təmin edilərək Cavabdeh vurulmuş maddi ziyana görə 3000 manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 3030 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1180/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1180/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver