Məhkəmə qərarları › İş №2(001)-1181/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1181/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1181/2022 16.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2020-ci il tarixli, RH- 00057-16/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 18 avqust 2014-cü il tarixli, MK-01971-16/14U saylı kredit müqaviləsi üzrə qalıq borcunun bağlanması üçün 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə müddətinə illik 3,63 faiz dərəcəsi ilə 13315,59 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 götürmüş olduğu krediti faizləri ilə birlikdə müqavilədə nəzərədə tutan müddətdə və qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı kimi bankla Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı onunla eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə bank tərəfində təqdim edilmiş maliyyə arayışına əsasən, 01 dekabr 2021ci il tarixə 12637,82 manat əsas, 15,76 manat faiz, 112,24 manat dəbbə borcu olmaqla ümumilikdə 12765,82 manat borcu yaranmışdır. Bank "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 15 may 2020-ci il tarixli, RH-00057- 16/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləsi üzrə cavabdehlərdən yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 128,29 manat, bank xidməti kimi 0,4 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, banka borcu olduğunu qəbul edir. Kredit müqaviləsinə əsasən, aylıq 295 manat ödəməli olduğu halda maddi imkanının çatdığı məbləğdə, təxminən 200-240 manat pul ödəyir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilən müddətdən sonra 640 manat ödəniş etmişdir. Borc məbləğini birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh1 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, maliyyə arayışında göstərilən tarixdən, yəni 01 dekabr 2021-ci il tarixdən sonrakı dövr ərzində Cavabdeh1 tərəfindən 640 manat ödəniş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh1 15 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 15 may 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə də qismən təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2020-ci il tarixli, RH-00057-16/20A saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh tərəfindən sonradan ödənilmiş 640 manat əsas borcdan çıxılmaqla 11997,82 manat əsas, 15,76 manat faiz, 112,24 manat dəbbə borcu olmaqla ümumilikdə 12125,82 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, Bank "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 128,29 manat pul vəsaitinin 120 manat hissəsi, bank xidmət haqqı kimi 0,4 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi barədə iddiası qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2020-ci il tarixli, RH- 00057-16/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11997,82 manat əsas, 15,76 manat faiz, 112,24 manat dəbbə borcu olmaqla ümumilikdə 12125,82 manat məbləğində pul vəsaiti tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 120 manat, bank xidmət haqqı kimi 0,4 məbləğində pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar