Məhkəmə qərarları › İş №2(001)-1186/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1186/2023

21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1186/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, halhazırda tərəflərin birgə nikahından doğulmuş uşaqların tələbatları artmış, cavabdehin ödədiyi aliment uşaqların saxlanılmasına kifayət etmir və o, uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Əvvəllər yaxşı işdə işləyirdi, gəliri yüksək idi, sonradan cavabdehin onun iş yerinə zənglərinə görə işdən çıxası oldu, hal-hazırda aşağı gəlirli bir işdə işləyir. Cavabdeh tərəfindən döyülmələrə görə daim müalicəyə ehtiyacı var, lakin pulu olmadığına görə müalicə oluna bilmir. Eyni zamanda uşağı da əməliyyat olunmalıdır – maddi imkanının olmamasına görə elətdirmir. Kirayədə yaşayır və qazandığı elə ev pulunu ödəməyə gedir. Cavabdeh uşaqların həyatında hər hansı formada iştirak etmir. Cavabdehin adına ev, maşın və rəsmi iş yeri olmasa da, kifayət qədər əmlakı və gəliri, özünün kondisioner satışı yeri var. Qeyd olunanlara əsasən alimentin miqdarının hər uşaq üçün 250 manat, cəmi 500 manat müəyyən edilməklə artırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir, hal-hazırda ödədiyi alimentdən artıq aliment ödəməyə imkanı yoxdur. Belə ki, işləmir və səhhətində də ciddi problemlər var. İddiaçının imkanı olmasaydı dodaqlarını şişirtməzdi. İddiaçı dediyi kimi kirayədə yaşasa da, onun kirayə pullarını FETO-çular ödəyir. Bundan əlavə, iddiaçının rəsmi əmək haqqı aşağı olsa belə, yüksək məbləğdə “konvert” alır. İddiaçının həyat tərzini nümayiş etdirən şəkillər alimentin nəyə görə tələb edilməsini və nəyə xərclənməsini açıq şəkildə göstərir. İddiaçı yüngül həyat tərzi sürür. Ona görə də, o, heç uşaqları ilə indi ünsiyyətdə olmaq istəmir. Alimentin artırılmasına qəti surətdə etiraz edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(001)-4745/13 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması tələbinə dair» iddiası təmin olunmuş, İddiaçı ilə Cavabdeh arasında 02 mart 2011-ci il tarixdə bağlanmış və AZ-İ № 651225 nömrəli qeydlə qeydə alınmış nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3835/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş; xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı qızının yanında saxlanılması; xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat alimentin Cavabdeh tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 4 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı qoruyaraq və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3835/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3835/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar