Məhkəmə qərarları › İş №2(001)-1195/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1195/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1195/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5097 manat, faiz borcu üzrə 4473,27 manat, cəmi 9570,27 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 115,71 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **- KN-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı minik (buraxılış ili 2011, Ban XTA21074OB3064023, rəngi-boz metal) avtomobilinə yönəldilərək açıq hərracda satılması vəsatışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X3 Edilməsi Agentliyi" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1431 saylı, 24 noyabr 2017ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sumqayıt filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra "Borclan") arasında xx.xx.2011-ci il tarixdə, No 287/11 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehǝ avtomobil almaq məqsədi ilə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-KN-*** dövlət qeydiyyat nömrəli "VAZ 21074" minik markalı (buraxılış ili 2011, ban-XTA21074OB3064023, rangi boz metal) avtomobil xx.xx.2011-ci il tarixdə, № 287/11 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış ve xx.xx.2011-ci tarixli, AA seriyalı, 099863 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün "Borcalan"a 6000 (altı min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3 bənd) "Borcalan" bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı "Borcalan"in ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. (5.4.bəndi) "Borcalan"a verilən vəsaitdən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 (iyirmi) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 5097 (beş min doxsan yeddi) manat, faiz borcu üzrə 4473.27 (dörd min dörd yüz yetmiş üç manat, 27 qəpik) manat olmaqla, cəmi 9570.27 (doqquz min beş yüz yetmiş manat, 27 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehǝ şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı "X3 Edilməsi Agentliyi" MMC xx.xx.2018-ci il tarixdə Cavabdeh "əsas və faiz borcunun tutulması, tutmanın ipoteka predmetina yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət -etmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1078/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1078/2019 saylı qətnaməsindən iddiaçı "X3 Edilməsi Agentliyi" MMC tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11513/2019 saylı qətnaməsi ilə "X3 Edilməsi Agentliyi" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1078/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 11513/2019 saylı qətnaməsindən iddiaçı "X3 Edilməsi Agentliyi" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1405/2020 saylı qərarı ilə "X3 Edilməsi Agentliyi" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11513/2019 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021cu il tarixli 2(103)-461/2021 saylı qərardadı ilə iddiaçı "X3 Edilməsi Agentliyi" MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-1078/2019 saylı qətnaməsi baxılmamış saxlanılmışdır.Bundan başqa xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3797/2022 saylı qərardadı ilə "xxxx" QSC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası baxılmamış saxlanılmışdı. Məhkəmənin diqqətinə çatdırmaq istənilir ki, Binəqədi rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri "X3 Edilməsi Agentliyi" MMC-yə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, No 287/11 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehǝ avtomobil almaq məqsədi ilə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Cavabdeh banka hazırda olan əsas borc üzrə 5097 manat, faiz borcu üzrə 4473.27 manat olmaqla, cəmi 9570.27 manat məbləği təşkil edir. Hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi onu borcun ödənilməsi öhdəliyindən azad etmir. Ümumiyyətlə iddia müddəti ötürülməmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini təqdim etmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdeh bildirmişdir ki, 2022-ci ilin dekabr ayında onu Bakı şəhər Baş Polis İdarəsinə çağırdılar. Orada krediti ilə bağlı "xxxx" QSC-yə yaxınlaşmağı bildirdilər. Dərhal "xxxx" QSC-yə yaxınlaşmıdır. Orada maşının təxminən 10- 12 il bundan əvvəl Binəqədi şossesi, Zəngəzur şadlıq sarayının yanında hərəkətdə olarkən bankın əməkdaşları onu saxladaraq maşını aldıqlarını bildirmişdir. Qeyd edilən avtomobil Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur Şadlıq sarayının yaxınlığında olan cərimə meydançasında yerləşdirilmiş və bundan sonra avtomobilə dair hər hansı məlumat əldə edə bilməmişdir. Daha sonra "Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialına getmiş və maşınla bağlı bir daha maraqlanmışdır. Orada maşının onlarda olmadığı bildirildi. Ehtimal edirəm ki, avtomobil bankın nümayəndəsi tərəfindən cərimə meydançasından təhvil alınmışdır. Eyni zamanda onda olan məlumata əsasən bankın həmin əməkdaşı özünü asıb. Avtomobilin satışında iştirak etməmiş, heç kimə etibarnamə verməmişdir. 2013-cü ildən avtomobildən xəbəri yoxdur. 2012-ci ilin aprel-may avtomobili ondan alıblar. Bu barədə polisə də müraciət etmiş, lakin bügünədək maşın tapılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. "xxxx" ASC-nin “Sumqayıt” Filialı ilə borcalan Cavabdeh arasında imzalanmış 17 oktyabr 2011-ci il tarixli, 287/11 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank avtomaşın alınması məqsədilə ilə istifadə etmək üçün Cavabdeh 17 noyabr 2011ci il tarixindən 17 oktyabr 2013-cü il tarixinə qədər illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. 17 oktyabr 2011-ci il tarixli, 287/11 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 17 oktyabr 2011-ci il tarixli, 287/11 saylı kredit müqaviləsinə əsasən 6000 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi mülkiyyətində olan **-KN-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074" minik markalı (buraxılış ili 2011, Ban XTA21074OB3064023, rəngi-boz metal) avtomobili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 7500 manat məbləğində qiymətləndirilmişdir.

8. İddiaçı QSC BOKT tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh İddiaçı QSCyə 5097 manat əsas, 4473,27 manat faiz borcu vardır.

9. “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 10 noyabr 2022-ci il tarixli 4743 saylı bildirişdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi barədə məlumat verilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli bildirişlə cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. “X3 Edilməsi Agentliyi” MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli, 4471 saylı bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin qeydə alınması xahiş edilmişdir.

11. 17 oktyabr 2011-ci il tarixli, 287/11 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus "VAZ 21074" minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir, ipoteka saxlayan "xxxx" ASC-nin “Sumqayıt” Filialıdır.

12. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür.

13. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 24 noyabr 2017-ci il tarixli, S-AVK-1431 saylı akta əsasən borclu Cavabdeh 9570,27 manat borcunun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-1078/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin onun adından çıxış edən törəmə müəssisəsi “X3 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

15. Azərbaycan Respubikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1405/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11513/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1078/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən“X3 Edilməsi Agentliyi” MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Həmçinin göstərilmişdir ki, xx.xx.2016-cı il tarixində iddia müddətinin axımı kəsilməklə, iddia müddəti həmin tarixdən hesablanmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə hazırki iddi ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddəti keçməmiş müraciət etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-461/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010- 1078/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, hazırki mülki mübahisə üzrə iddiaçı qismində İddiaçı QSC-nin çıxış etməsinə baxmayaraq,iddia ərizəsi İddiaçı QSC tərəfindən deyil, “X3 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi-icraçı direktro Sülyman Bəkirov tərəfindən imzalanmışdır.

17. İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Binəqədi rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ddia ərizəsi ilə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-3797/2022 saylı qərardadı ilə "xxxx" QSC-nin Cavabdeh qarşı "əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası baxılmamış saxlanılmışdı.

18. 11 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 115,71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

19. "xxxx" ASC ilə Cavabdeh arasında i 17 oktyabr 2011-ci il tarixdə avtomobil alınması üçün kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank borclana illik 20 faizlə 24 ay müddətinə qaytarmaq üçün 6000 manat kredit vermişdir. Bununla yanaşı eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan VAZ-21074 markalı minik avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

20. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 24 noyabr 2017-ci il tarixli, S-AVK-1431 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu Cavabdeh aid hüquqi sənədlər, borc və ipoteka müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” Cavabdeh borc məbləği ilə birlikdə "xxxx" ASC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir.

21. İddiaçı ilk dəfə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə xx.xx.2018-ci il tarixdə müraciət etmiş və iddia tələbi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsinə görə təmin edilməmişdir. Apellyasiya məhkəməsi həmin qətnamədən verilən apellyasiya şikayətini ilk dəfə qüvvədə saxlamışdır. Kassasiya instansiyası məhkəməsinin qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ona görə ləğv edilmişdir ki, məhkəmələr borclunun xx.xx.2016cı il tarixdə ödəniş etmiş olmasını və dolayısı ilə iddia müddətinin axımının kəsilməsini nəzərə almamışlar. Bundan sonra yenidən işə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən icra edilməməsinə görə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.

22. Bundan sonra, xx.xx.2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edilmədiyinə görə iddia ərizəsi yenidən baxılmamış saxlanılmışdır.

23. İddiaçı hazırki ərizə ilə xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir.

24. Bundan əlavə ipoteka predmeti olan avtomobilin axtarılması ilə bağlı görülən tədbirlər nəticəsiz qalmış və avtomobilin cərimə meydançasından kim tərəfindən çıxarılması müəyyən edilməmişdir.

25. Halbuki cavabdeh bildirir ki, ipoteka predmeti olan avtomobil bankın əməkdaşı tərəfindən cərimə meydançasından çıxarılıb və hansısa formada özgəninkiləşdirilmişdir.

26. Cavabdeh iddianı qəbul etmir və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir.

27. İddiaçının nümayəndəsi isə iddia müddətinin ötürülmədiyini bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

30. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

31. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

32. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;

33. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

34. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

35. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

36. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər;

37. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

38. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

40. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

41. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

42. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

44. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )

46. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, bankla borcalan arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və bankın tələb hüququ iddiaçıya keçmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş və avtomobilin onun əlindən alınmasına əsaslanaraq borca xitam verildiyinə güman etmişdir. Lakin borc öhdəliyinə xitam verilməmiş və maliyyə arayışına əsasən cavabdehin əsas borca görə 5097 manat, faiz borcuna görə 4473.27 manat borcu olduğu iddia edilir. Halbuki Bankın cavabdehə göndərdiyi xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, bank borcalanın xx.xx.2013-cü il tarixə 5097 manat əsas borcunun, 978 manat faiz borcunun olduğunu bildirmişdir. Bundan əvvəl göndərilən xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, borcalanın xx.xx.2013-cü il tarixə 5097 manat əsas borcu, 548 manat faiz borcu mövcuddur. Göründüyü kimi bank 2013-cü ildə 5 ay( fevraldan iyuladək) üçün borcalana cəmi 430 (978-548) manat faiz hesablasa da, 3 ay sonra müqavilə müddətinin sonuna, yəni xx.xx.2013-cü il tarixə 4473 manat faiz borcu hesablaması inandırıcı deyildir.

47. Bununla belə məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

48. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixində bitmişdir və xx.xx.2016-cı ildə iddia müddətinin axımı kəsilməmişdir. Çünki hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2016-cı ildə və xx.xx.2016-cı ildə aparılan əməliyyatlar hesaba mədaxil deyildir. Həmin qeydlər xx.xx.2012-ci il tarixədək aparılmış ödənişlərdən qalığın köçürülməklə bank tərəfindən yenilənmə əməliyyatının nəticəsi olmuşdur. Həmin hesabdan çıxarış məlumatlarından aydın olur ki, borcalan tərəfindən edilmiş ödənişlər “kredit ödənişi”, “mad”, “kr”, “mada”, “mad”, “madaxil” əməliyyatı kimi təsvir edilmişdir. Halbuki xx.xx.2016-cı ildə bankın faiz borcunun köçürülməsi(loan interest repayment) təsvirli etdiyi əməliyyat heç də borcalanın ödəniş etməsi kimi qəbul edilə bilməz.

49. Bu səbəbdən də iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman belə(xx.xx.2018-ci il) iddia müddətini ötürmüşdür.

50. Məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən halı hazırki iş üzrə preyudisial əhəmiyyət daşımadığı qənaətinə gəlir. Çünki kassasiya instansiyası məhkəməsi qərarındakı mövqe onunla bağlı olmuşdur ki, birinci və apellyasiya instansiyası məhkəməsi xx.xx.2016-cı ildə edilən əməliyyata nəzərə almadan qətnamə qəbul etmişdir. Yenidən işə baxan apellyasiya məhkəməsi isə həmin halı araşdırmadan işə mahiyyəti üzrə baxmayaraq, iddia ərizəsini fərqli əsasla baxılmamış saxlamışdır.

51. Bununla yanaşı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, həmin tarix iddia müddətinin axımının kəsilməsi hesab edilsə belə, iddia müddəti sonradan da ötürülmüşdür və iddia müddətinin üzrlü səbəbdən ötürülməsi müəyyən edilməmişdir.

52. Belə ki, xx.xx.2016-cı il tarixdən iddia müddətinin axımının kəsilməsi və fasilədən sonra iddia müddətinin yenidən başlanması nəzərə alındıqda, iddia müddəti xx.xx.2019-cu ildə keçmiş hesab olunurdu. İddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə, yəni iddia müddətinin keçməsinə 3 ay 11 gün qalmış məhkəməyə müraciət etmişdir. Həmin mülki iş xx.xx.2021ci il tarixdə baxılmamış saxlanılmışdır, bundan sonra isə iddiaçı müəyyənləşdirilmiş qaydada iddia ərizəsini xx.xx.2022-ci il tarixdə, yəni iddia ərizəsinin baxılmamış saxlanılmasından təqribən 1 il 8 ay sonra məhkəməyə təqdim etmişdir. Halbuki müəyyənləşdirilmiş qaydada olmayan iddianın irəli sürülməsi iddia müddətinin axımını kəsmir və eyni zamanda iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.(bax MM 380, 381)

53. Beləliklə məhkəmə hesab edir ki, tələb üzrə iddia müddəti ötürüldüyünə və üzrsüz səbəbə görə ötürüldüyünə görə iddia tələbi əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

55. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

56. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

57. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

58. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:

59. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldiməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar