Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1218/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC (KATV1) Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KATV1” əmtəə nişanı ilə fəaliyyat göstərən İddiaçı MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulma nəticəsində 26.10 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, cəmi 196.50 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və Radio yayımı haqqında Qanununa uyğun olaraq, xx.xx.2005-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən xxxx hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 103 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 129 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil KATV1 xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cü il tarixdə 9.60 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə “xxxx” hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin mütəxəssisinin iştirakı sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0129 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Belə olan halda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Quliyev iddianı müdafiə edib, ərizənin məzmunu ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli 0129 N saylı aktdan görünür ki, xx.xx.2014-cü il tarixdə “xxxx” hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 129 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 129 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olumasında mənzil sakinin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısı döyülsədə mənzilin sahibi qapını açmamışdır. -xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 129 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2012-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2013-cü il tarixinədək etmiş və xx.xx.2013-cü il tarixdə 9.60 manat borc ilə şəbəkədən ayrılmışdır. -103 saylı MKİS tərəfindən verilmiş 1747 saylı arayışa əsasən, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 129 ünvanında qeydiyyatdadır. -“xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə göstərilən hüquqi xidmətə görə 150 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X2 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, həmin akt tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmiş, bir neçə il əvvəl tərtib edilən akt cavabdehə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1218/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1218/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver