Məhkəmə qərarları › İş №2(001)-1219/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1219/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1219/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1.818 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, cavabdehin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15.05.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti müəyyən edilməklə 6 aylıq müddətinə İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda, həmin tarixdə tərəflər arasında “X5” haqqında müqavilə imzalanmışdır. Cavabdeh iddiaçının 20.08.2019cu il tarixli, 354-K saylı əmri ilə baş-satıcı, 31.10.2019-cu il tarixli, 484-K saylı əmri ilə isə administrator vəzifəsinə keçirilmişdir. Həmin tarixlər üzrə də tərəflər arasında “X5 Haqqında” Müqavilələr imzalanmışdır. Bundan sonra cavabdehin ərizəsinə əsasən 15.05.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a“ bəndinə əsasən xitam verilmişdir. Cavahdeh Oba-Gənclik 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun iddiaçıya maddi zərər vurduğu aşkar edilmiş və həmin tarixdə tərtib edilmiş aktda 2.222,16 manat məbləğində zərərin vurulduğu göstərilmişdir. Cavabdeh bu prosesdə iştirak etsə də, həmin akta imza etməkdən və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmiş və qeyd edilən tarixdə bu barədə də müvafiq akt (imtina aktı) tərtib edilmişdir. İddiaçı cavabdehə 07.09.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək, vurulmuş zərər nəticəsində 1.818 manat borcun yarandığını bir daha onun nəzərinə çatdırmış və həmin məbləğin 3 gün ərzində ödənilməsini tələb etmişdir. Hazırda iddiaçı 1.818 manat zərər məbləğinin bugünədək cavabdeh tərəfindən ödənilmədiyini, ona bu barədə edilmiş xəbərdarlığa məhəl qoymadığını bildirir və həmin məbləğin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 193-cü maddəsinin 1-ci bəndinə əsasən mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X5 daşıyır; 193-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər; 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Məhkəmə ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, Cavabdeh İddiaçı MMC-də müvafiq olaraq satıcı-kassir, baş-satıcı və administrator vəzifələrində işlədiyi dövrdə bağlanılmış X5 haqqında müqavilənin şərtlərini pozaraq, işəgötürən tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını tələb olunan səviyyədə təmin etməmiş və nəticədə cavabdehə 1.818 manat (ziyan məbləği daha yüksək olmasına baxmayaraq, iddiaçı bu məbləği tələb edir) məbləğində maddi ziyan vurmuşdur. Bu hal, həmin yerdə aparlmış yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktlarla və maliyyə arayışı ilə sübuta yetir. Buna görə də Cavabdeh iddiaçıya vurulmuş maddi ziyana görə məsuliyyət daşımalı, iddiaçı tərəfindən tələb edilən 1.818 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq 1.818 manat məbləğində pul, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 1.818 (bir min səkkiz yüz on səkkiz) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar