Məhkəmə qərarları › İş №2(001)-1224/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1224/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1224/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli C9790025/19 saylı nisyə satış müqaviləsi üzrə 1088 manat əsas 200 manat cərimə borcu olmaqla, cəmi 1288 manat borcun, habelə ödənilmiş 20,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Eyvazova Gülüstan Tofiq qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli C9790025/19 saylı nisyə satış müqaviləsinə əsasən alıcıya 1398 manat dəyərində olan bir ədəd Samsung markalı 49N5540 modelli mobil telefonu 210 manat ilkin ödəniş olunmaqla 12 ay müddətinə nisyə satmışdır. Belə ki, nisyə satış müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada aylıq 42 manat ödəniş etməklə icra etməmiş, nəticədə kreditor qarşısında gecikdirilmiş öhdəliyi yaranmışdır. Həmin müqavilənin 2.4.4cü bəndinə əsasən alıcı borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün borc məbləğinin 1 % həcmində cərimə pulu ödəməyi öhdəsinə götürür. Həmin müqavilə üzrə hesablanmış cərimə pulu 200 manat təşkil edir. Bu barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə cavabdehin xx.xx.2019-cu il tarixli C9790025/19 saylı nisyə satış müqaviləsi üzrə 1088 manat əsas, 200 manat cərimə borcu olmaqla, ümumilikdı 1288 manat borcu vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, lakin xx.xx.2021-ci il tarixində məhkəmənin elektron ünvanına ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixində keçiriləcək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanan xx xxxx 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqaviləyə əsasən dəyəri 1398 manat olan məhsulu (telefonu) alıcıya nisyə satmağı alıcı isə satılmış əşyaya görə 210 manat ölkin ödəniş etməklə malı qəbul etməyi və bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş 99 manat olmaqla, 12 ay müddətinə qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi xx.xx.2019-cu il sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir. xx xxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli C9790025/19 saylı nisyə satış müqaviləsi üzrə cəmi 310 manat ödənişi olmuşdur. Borclunun xx.xx.2019-cu il tarixli C9790025/19 saylı nisyə satış müqaviləsi üzrə 1088 manat əsas, 200 manat cərimə olmaqla, ümumilikdə 1288 manat borcu vardır. xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh Tapdıq qızına Samsung markalı telefonu tam qüsursuz halda əldə etmişdir. Bunu tərəflər öz rəsmi imzaları ilə təsdiq etmişlər. xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan xx xxxx 2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ümumi dəyəri 1398 manat olan məhsulu 12 ay müddətinə ayda 99 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmış, Cavabdeh isə qeyd edilən məişət əşyalarını nisyə almış və müqavilə ilə müəyyən edilmiş şərtlərlə onun dəyərini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırda da iddiaçı cavabdehin müqavilə üzrə borcunun yarandığını iddia edir. Tərəflər arasında cərimə pulu barəsində yazılı razılaşma olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh xx xxxx 2019-cu il tarixli, C9790025/19 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Cavabdehin müqavilə üzrə borcunun yarandığı maliyyə arayışı ilə sübut olunur. Bu səbəbdən müqavilə üzrə qalıq əsas borc, yəni 1088 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, xx xxxx 2019-cu il tarixli, C9790025/19 saylı müqavilə üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 200 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Belə ki, əsas borcun 1088 manat olduğu nəzərə alındıqdıqda tələb olunan cərimə məbləği ədadlətli hesab edilə bilməz. Bu səbəbdən cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği 50 manat miqdarda müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2019-cu il tarixli, C9790025/19 saylı nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh 1088 manat əsas, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1138 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı iddia ərizəsi verilərkən 20.4 manat dövlət rüsumu ödəmişdir. Bu səbəbdən dövlət rüsumunun çatışmayan hissəsində 10 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməli, dövlət rüsumunun əvəzi qismində 30.4 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2019-cu il tarixli, C9790025/19 saylı nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh 1088 (bir min səksən səkkiz) manat əsas, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 1138 (bir min yüz otuz səkkiz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun çatışmayan hissəsində 10(on) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumunun əvəzi qismində 30.4(otuz manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar