Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1226/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə Azərbaycan Beynəlxalq Bankı ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (X2 Edilməsi Agentliyi MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FK- XAC-73 saylı, 19.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında 07.07.2006-cı il tarixdə, № 556/06 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15% olmaqla 12 ay müddətinə 101025 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda 7956,02 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının 29.12.2017-ci il tarixli hesabdan çıxarışına əsasən Cavabdeh ayrılan kredit üzrə sonuncu ödəniş 29.09.2010-cu il tarixdə aparılmışdır. Ona görə də Cavabdeh faiz borcu üzrə 7956,02 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07.07.2006-cı il tarixli 556/06 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana evi təmir etmək məqsədilə 12 ay müddətinə qaytarmaq, illik 15 % ödəmək şərti ilə 101025 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 07.07.2006-cı il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, Cavabdeh kredit üzrə 101025 ABŞ dollarını təhvil almışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış 11.08.2015-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqavilədən müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı, akkreditivlər, qarantiyalar, veksellərin alışı üzrə borc qalığı, borcların təminatı olan girov, zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən İddiaçı QSC-yə güzəşt etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında tərtib olunan 19.01.2018-ci il tarixli S-FK-XAC-73 saylı təhvil-təslim aktından müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh bağlanan 07.07.2006-cı il tarixli № 556/06 saylı kredit müqaviləsi üzrə 7956,02 ABŞ dolları məbləğində faiz borcuna görə tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 01.01.2017-ci il tarixli çıxarışından müəyyən olunur ki, 07.07.2006-cı il tarixli 556/06 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən razılaşdırılmış siyahı üzrə borcun məbləği faiz borcuna görə 7956,02 ABŞ dolları təşkil edir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 29.12.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 07.07.2006-cı il tarixli 556/06 saylı kredit müqaviləsi üzrə 29.12.2017-ci il tarixə ödənilməmiş faiz borcu 7956,02 ABŞ dolları təşkil edir. Borcalan əsas borc üzrə 101025 ABŞ dolları, faiz borcu üzrə 40621,91 ABŞ dolları ödəniş etmiş, əsas borcu qalmamışdır. X2 Edilməsi Agentliyi MMC-nin Cavabdeh ünvanladığı 18.03.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının məhkəməyə təqdim etdiyi 29.12.2017-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh ayrılan kredit üzrə sonuncu ödəniş 29.09.2010-cu il tarixdə aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 07.07.2006-cı il tarixli 556/06 saylı kredit müqaviləsinə əsasən bank borcalana evi təmir etmək məqsədilə 12 ay müddətinə qaytarmaq, illik 15 % ödəmək şərti ilə 101025 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş, borcalan ayrılan kredit üzrə sonuncu ödənişi 29.09.2010-cu il tarixdə aparılmış, Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı QSC BOKT arasında bağlanmış 11.08.2015-ci il tarixli problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdehlə bağlanan 07.07.2006-cı il tarixli № 556/06 saylı kredit müqaviləsi üzrə 7956,02 ABŞ dolları məbləğində faiz borcu tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Azərbaycan Respublikası MM-nin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; Həmin Məcəllənin 552.1.-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1.-cü maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.2.-ci maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 29.09.2010-cu il tarixdən öz öhdəliklərini icra etməyən cavabdehin 07.07.2006-cı il tarixli 556/06 saylı kredit müqaviləsi üzrə öhdəliklərinə müddətin keçməsinə görə xitam verildiyindən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ olduğundan iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı 07.07.2006-cı il tarixli 556/06 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 7956,02 ABŞ dollarının, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1226/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1226/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver