Məhkəmə qərarları › İş №2(001)-1226/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1226/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1226/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCyə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 1063 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə aldığı Samsung markalı mobil telefonun şəbəkəsində problemlər yarandığından və set tutmadığı üçün xx.xx.2019cu il tarixdə telefonu Cavabdeh MMC vasitəsi ilə servisə vermişdir. Bir neçə gün sonra servisdən ona telefonun təmiri üçün 35-40 manat məbləğində vəsaitin ödənilməli olduğu bildirilmişdir. Təkrar olaraq servisə müraciət etdikdə telefonun hələ təmir olunmadığı bildirilmişdir. Bir müddət sonra yenidən servisə müraciət etdikdə telefonun təmiri üçün ondan 300 manat pul istənilmiş, iddiaçı isə razılaşmayaraq telefonu yeni aldığını və zəmanətinin olduğunu bildirmişdir. İddiaçı təmir haqqını ödəmədiyi, etiraz etdiyi üçün ona ərizə yazdıraraq, telefonu ona qaytarmamış və təmirə ehtiyacı olduğunu bildirmişlər. Belə olan halda o, Cavabdeh ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmiş və onlarda ləğv olunacağını bildirmişlər. İddiaçı tərəfindən həmçinin telefon üçün ilkin ödəniş olaraq 180 manat, telefon servisdə olduğu müddətdə 50 manat, icra qeydinə əsasən əmək haqqısından müxtəlif vaxtlarda 633 manat (159+191+283) olmaqla, ümumilikdə 863 manat pul ödənilmişdir. Əlavə olaraq iddiaçı Füzuli rayonunda yaşadığını, hər dəfə telefon üçün gəlib getdiyinə görə əlavə 200 manat xərc çəkmişdir. Qeyd edilənlərə əsasəndə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh (nümayəndəsi) və üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, BL 349831 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavə əsasən, İddiaçı 629 manata aldığı avadanlıq (telefonun) üçün ilkin olaraq 30 manat, daha sonra hər ay xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 50 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - X1 Servisdə xidmət qəbzindən görünür ki, Samsung markalı telefon (SM-A505 64GB Black) Nağıyev Ülvi tərəfindən xx.xx.2019-cu ildə servisə təhvil verilmiş, telefon təhvil alınarkən qeyd olaraq, telefonun ekranında arxa qapaqda cızıqlar olduğu, kameranın arxasında zədə olduğu, 1-2 saat ərzində şəbəkənin olmadığı qeyd edilmişdir. - Baku Service Company tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli texniki rəyə əsasən, telefonun mütəxəssis tərəfindən diaqnostika edilərək yoxlanıldığı, telefonda maye izlərinin aşkar edildiyi qeyd edilmişdir. Həmçinin telefonun istifadəçi tərəfindən istismar qaydaları pozulduğu üçün bu halın istehsalçı zəmanət şərtlərinə daxil olmadığı bildirilmişdir. - Abşeron rayonu 1 saylı notariat ofisinin 8i-10956 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Cavabdeh MMC-nin xeyrinə İddiaçı BL349831 nömrəli müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 449 manat borun tutulması qeyd edilmişdir. Göründüyü kimi, telefonda aşkar olunmuş nasazlıq telefonun iddiaçıya verildikdən sonra iddiaçı tərəfindən zəmanət sazişində göstərilən şərtlərin pozulması nəticəsində yaranmışdır. Buna görə də Cavabdeh MMC keyfiyyət qarantiyası verdiyi telefonun qüsurları üçün cavabdeh deyildir. Bundan başqa, "xxxx" MMC-nin texniki rəyindən də göründüyü kimi, telefonda nasazlığın yaranma səbəbləri telefonda maye izlərinin aşkar edilməsi və telefonun istifadəçi tərəfindən istismar qaydaları pozulması ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi telefonun istehsal prosesində buraxılmış texniki qüsur nəticəsində yararsız hala düşməsini sübut edə bilmədiyindən, habelə ona vurulmuş ziyanın məhz Cavabdeh MMC tərəfindən vurulması işin materialları ilə sübuta yetirilmədiyindən, iddiaçının telefonunda aşkar olunmuş nasazlığa görə cavabdeh mülki məsuliyyəti müəyyən olunmur. Buna görə də iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar