Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1227/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 2300 manat qalıq pulun ½ hissəsinin İddiaçı1, ½ hissəsinin İddiaçı2 xeyrinə tutulması, 2300 manat dəyərində vurulmuş maddi ziyanın, 5000 manat dəyərində vurulmuş mənəvi ziyanın İddiaçı1 Əlhüseyn oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə tanışlığı 2019-cu ildə yaranmışdır. Belə ki, o, 2019-cu ildə ünvan 1 ünvanında yerləşən evini satmaq qərarına gəlmişdir. Evinə alıcı tapmaq üçün bir neçə maklerlə əlaqə saxlamışdır. Cavabdehlə 2019-cu il tarixində makler sayəsində tanış olmuşdur. Evini almaq istədiyindən aralarında razılaşaraq beh müqaviləsi imzalamışlar. Cavabdeh ona 200 manat beh vermişdir. 3 gün sonra cavabdeh kommunal xərcləri onun adına keçirməsi üçün ona görüşməyi və pulun qalan hissəsini verəcəyini bildirmişdir. Onlar 28 may metro stansiyasının yaxınlığında yerləşən Asan Kommunal Xidmət Mərkəzinə gedərək kommunal xərcləri cavbdehin adına keçirmişlər. Sonra cavabdeh evini təmir etmiş, təmir olan 3 ay müddətində 17300 manat ödəniş etmişdir. Bundan sonra isə qalıq pulun ödənilməsindən boyun qaçırmışdır. Onlar arasında beh müqaviləsi bağlanan zaman cavabdehin qardaşı da onunla gəlmişdir. Pulu zöhrab ödəməyəcəyi təqdirdə özünün ödəyəcəyini bildirmişdir. Hətta belə bir cümlə işlətmişdir ki, evi qardaşına hədiyyə alır. Qalıq pulu vermədiklərindən Binəqədi ərazisində yerləşən İsmayılın evinə gedərək pulunu tələb etmək istəmişdir. Pulunu tələb etdikdə o, oğlunun Binəqədi RİH-də işlədiyini əsas gətirərək başına hər cür oyun açacağını bildirmişdir. Həmdə polis əməkdaşlarını çağıracağını və evinə basqın etməsi ilə bağlı şikayət edəcəyini bildirmişdir. O, özü xəstədir. Cavabdeh ona mənəvi zərər vurmuşdur. Nəticədə sağlamlığı daha da pisləşmişdir. Həmçinin cavabdeh ona maddi ziyan vurmuşdur. Belə ki, onun evinin kirayə haqqı 200 manatdır. 2019-cu ilin mart ayından bu günə kimi nəzərə alındıqda, cavbdeh ona 3600 manat məbləğində maddi ziyan vurmuşdurş Göstərilənlərə əsasən iddiaın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildimişdir ki, evinin satılmasının səbəbi xəstəliklə bağlıdır. Onlar anası ilə bir yerdə həmin evdə yaşayırdılar. Torpaq anasının adına olsa da, müqavilə onunla bağlanmışdır Bu səbəbdən birgə iddia vermişlər. Alğı-satqı makler vasitəsi ilə olmuş və aralarında müqavilə imzalanmışdır. Müqavilədə göstərilən məbləğdən 17.300 manat ödəniş edilib 2200 manat borcu qalmışdır. İddia ərizəsində isə yəqin işıq pulu üzərinə yazılmaqla qeyd edilmişdir.Lakin faktiki olaraq müqavilə üzrə ödənilməyən məbləği tələb edirəm. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh ona pulun hamısını ödəyəcəyini demişdir. İndi özü həmin evdə yaşamır. Ondan pulun ödənilməsi üçün 1 ay vaxt istəsə də, 1 ay keçməsinə baxmayaraq pulun ödənilməsindən boyun qaçırmışdır. Hal-hazırda cavabdeh həmin ünvanda yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, torpaq sahəsi və ev oğlu ilə ona məxsus olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, indi o evdə cavabdeh yaşayır. Onlar 2019-cu ilin oktyabr ayından həmin evə köçmüşlər. Pulun ona və ya digər iddiaçıya verilməsinin onun üçün fərqi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2000-ci il tarixli 1810 saylı sərəncamından görünür ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z3Qəmbərov küçəsi, 2-ci döngə, ev 3-də yaşayan vətəndaş X1 Xocəsən qəsəbəsi ərazisində Bakı-Xırdalan yolunun sol hissəsində fərdi yaşayış evinin tikintisi üçün, əlavə olunmuş cizgi əsasında 600, kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli 22 saylı Notariat ofisində verilmiş etibarnamədən görünür ki, X2 harada yerləşməsindən asılı olmayaraq və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və.s səlahiyyətləri İddiaçı2 etibar etmişdir. İddiaçı1 ilə Cavabdeh oğlu arasında bağlanan xx xxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın (obyektin) alğı-satqısına dair “beh” müqaviləsindən görünür ki, hər iki tərəf xırdalan şossesi, sabir 30A nömrəli mənzilin alğı-satqısına razılaşırlar. Qarşılıqlı razılaşma əsasında evin qiyməti 19500 müəyyən edilir. Alqı-satqıdan sonra qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxmasına qədər 2000 manat girov saxlanılır. Tərəflərin razılğına görə mənzilin boşaldılması 2019-cu ilin 10 noyabr tarixinə razılaşdırılır. xx xxxxxxxx 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq İddiaçı2 sahibliyində olmuşdur. İddiaçı1 ilə Cavabdeh arasında mənzil alğı-satqısına dair razılıq əldə olumuşdur. Həmin razılıq əsasında tərəflər arasında xx xxxxxxx 2019-cu il tarixində beh müqaviləsi imzalanmış, satılacaq əmlakın dəyəri 19500 manat müəyyən edilmişdir. İddiaçılar cavabdeh tərəfindən 200 manat beh, borc məbləğindən isə hissə-hissə də olsa 17300 manat ödənildiyini, qalıq qalan 2200 manat borcun isə sonuncu tərəfindən ödənilmədiyini bildirmişlər. İddia ərizəsində tələb olunan məbləğlə faktiki olaraq qalmış borc məbləği arasında yaranmış fərqə dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 493.1-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçılar Xırdalan şəhəri, Sabir 30 a ünvanda yerləşən torpaq sahəsinin və onun üzərinə yerləşən fərdi yaşayış evinin faktiki sahibi olmuşlar. İddiaçı1 xx xxxxxxx 2019-cu il tarixdə Cavabdehlə bağlamış olduğu müqaviləyə əsasən Xırdalan şəhəri, Sabir 30 a ünvanda olan evin cavabdehə 19500 manata satılması ilə bağlı razılığa gəlmişlər. Digər iddiaçı da torpaq sahəsinin faktiki sahibi olmasına baxmayaraq bağlanmış müqaviləni bəyənmişdir.Hər iki iddiaçı faktiki olaraq cavabdehə qarşı birgə kreditor kimi çıxış edir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin sahibliyinə verilmiş olsa da, cavabdeh müqavilədə nəzərdə tutulmuş məbləğin tamamını iddiaçılara ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçılara ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən müqavilə üzrə 2300 manat borc məbləğinin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçılar cavabdehin müqavilə üzrə ödənilməli olan 19500 manat məbləğindən 17300 manatın ödənildiyini bildirərərək, 2300 manat ödənilməmiş borc məbləğini tələb etsələr də, məbləğlər arasında olan fərqdən (19500-17300=2200) görünür ki, cavabdehin müqavilə üzrə 2200 manat borcu qalmışdır. Əlavə tələb olunan qalıq borcla bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdehdən 2200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılara verilməlidir. Bundan başqa cavabdehdən tələb olunan 2300 manat həddində maddi zərərə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçılar vurulmuş zərəri onunla əsaslandırmışdılar ki, onların evinin aylıq kirayə haqqı 200 manat təşkil edir və 2019-cu ilin mart ayından cavabdeh ona 3600 manat ziyan vurmuşdur. Əvvəla iddia tələbinin əsaslandırılması ilə iddia ərizəsinin xahiş etdim hissəsi arasında uyğunsuzluq vardır. Hər bir halda iddia tələbinin mahiyyətindən görünür ki, mübahisə müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlıdır. Yəni iddiaçılar müqavilədən imtina etmir, müqavilənin ləğvini tələb etmir, lakin hansı səbəblə cavabdehin faktiki sahibliyinə verilmiş əşyadan sonuncunun istifadə etməsinə görə zərər tələb etdiyi müəyyən edilmir. Göründüyü kimi cavabdehin mübahisə predmetindən istifadə etməsi üçün hüquq əsas vardır və iddiaçılar bu əsasla zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyillər. İddia tələbi bu hissədə sübut edilmədiyindən təmin edilməməlidir. İddia tələbinin mənəvi zərərin tutulması hissəsini də məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçıların hansı mənəvi sarsıntı keçirmələri və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim edilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 2200 manat məbləğində pul vəsaiti tutularaq birgə kreditorlar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 2200 manat məbləğində pul vəsaiti tutularaq birgə kreditorlar(iddiaçılar) İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1227/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1227/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver