Məhkəmə qərarları › İş №2(001)-1227/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1227/2024

29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1227/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə, saat təxminən 21:50 radələrində etibarnamə ilə idarə etdiyi “Mitsubishi” markalı, ** KH *** qeydiyyat nişanlı minik avtomobili AE 126129 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. O, idarə etdiyi “Mitsubishi” markalı, ** KH *** qeydiyyat nişanlı avtomobillə Salatın Əsgərova küçəsi ilə hərəkətdə olarkən M.Qaşqay küçəsinin kəsişməsinə çatmış, yol ayrıcına daxil olarkən soldan M.Qaşqay küçəsi ilə hərəkət edən “Chevrolet Orlondo” markalı, ** LU *** qeydiyyat nişanlı minik avtomaşının sürücüsü sonradan adını bildiyi Cavabdeh qarşısında olan “Stop” nişanının tələbini pozaraq hərəkətini davam etdirmiş və onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Belə ki, onun hərəkət etdiyi S.Əsgərova küçəsində baş yol nişanı vardır. Hadisə zamanı avtomobildə onun qızı və həyat yoldaşı olmuşdur. Hadisə zamanı xəsarət almasalar da o, və ailə üzvləri həyacan keçirtmişlər. Qızı hazırda da yuxudan qorxaraq oyanır. Bir sözlə bu hadisə səhhətlərinə də pis təsir etmişdir. Onun yeni aldığı avtomobil demək olar ki, əzilmiş və onun təmir olunması üçün çox xərc tələb olunur. Avtomobili sığorta olunduğu üçün Xalq Sığorta ona avtomobilinin təmiri üçün pulun müəyyən hissəsini ödəmişdir. Maşına dəyən maddi ziyan Sığorta tərəfindən 12216 manat müəyyən olunmuş və sığorta ona bu məbləğin 5000 manat hissəsini ödəmişdir. Bu hadisənin baş verməsində onun günahı olmamışdır. İnzibati xətanı törətmiş şəxs cavabdeh 80 manat məbləğində cərimə olunmuşdur. Burdan da görünür ki, avtomobilinə cavabdehin yol hərəkət qaydalarını pozması səbəbindən maddi ziyan dəymişdir. Pul vəsaitinin müəyyən hissəsini sığorta ödəsə də, yenə təmir olunub tam qurtarması üçün əlavə olaraq 7216 manat xərc tələb olunur. Həmçinin maşının aparılması üçün evakuatora da 50 manat ödəniş onun tərəfindən vermişdir. Bundan əlavə, hazırki iddianın qaldırılması üçün “Dövlət rüsumu haqqında” Qanuna əsasən 115 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildikdən sonra həmin rüsumun cavabdehdən tutulmalı olduğu qənaətindədir. Göstərilən maddi hüquq normalarını işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh tərəfindən avtomobilinə vurulmuş zərər inzibati tənbeh verilmə haqqında qərar və protokolda da öz əksini tapmışdır. Mülki qanunvericiliyin tələbinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərər ödənilməsindən yayınır. Belə olan halda, o, ona dəymiş zərəri məhkəmə qaydasında tələb edir. Həmin zərər vurma nəticəsində ona dəymiş maddi ziyanı 7216 manat kimi qiymətləndirir. Göstərilənlər əsasında onun pozulmuş mülki hüquqlarının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qorunması zərurəti yaranmışdır. O, hesab edir ki, işin hallarına uyğun olaraq hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus 2021-ci il buraxılışlı, “Mitsubishi” markalı, ** KH *** qeydiyyat nişanlı minik avtomobilinə dəymiş 7216 manat ziyanın, avtomobilin aparılması üçün evakuatora ödənilmiş 50 manat pulun, avtomobilə dəymiş zərərin təyini üçün məhkəməyə ödənilmiş 115 manat dövlət rüsumunun, cəmi 7381 manat pulun Cavabdeh tutularaq onun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cəfərov X4 Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:50 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Orlondo” markalı, ** LU *** qeydiyyat nişanlı avtomobil ilə M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsinə daxil olarkən stop yol nişanının tələbini pozaraq hərəkətini davam etdirmiş, sağdan S.Əsgərova küçəsi ilə hərəkət edən “Mitsubishi” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ yan hissəsinə çırpılaraq, zədənin təsirindən sürücü idarəetməni itirmiş, yolun sol kənarında yerləşən daş tikiliyə çırpılaraq dayanmışdır. İş materiallarında olan “Autolux Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilikin qiymətləndirmə aktından görünür ki, “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 12216 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1911 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2021-ci il buraxılışlı “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 12216 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11407 manat müəyyən edilmişdir. İş materiallarında olan Sığorta aktından görünür ki, ** KH *** dövlət qeydiyyat nişanlı “Mitsubishi Xpander” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortanın növü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” sığorta müəyyən edilmişdir. Bunun nəticəsində 5000 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən İddiaçı edilmişdir. İş materiallarında olan ƏN-V seriyalı, 768327 №-li nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Mitsubishi Xpander” markalı ** KH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3 tərəfindən İddiaçı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmişlədirilmiş nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, “Chevrolet Orlando” minik markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Xpander” markalı ** KH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçi) İddiaçıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “Mitsubishi Xpander” markalı ** KH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşınması məqsədilə 25 manat məbləğində pul vəsaiti həmin MMC-nin hesabına mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “Mitsubishi Xpander” markalı ** KH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşınması (evakuator xidməti) məqsədilə 25 manat məbləğində pul vəsaiti həmin MMC-nin hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Orlando” minik markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə M.Qaşqay küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsinə daxil olarkən stop yol nişanının tələbini pozmuş və “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. “Autolux Azərbaycan” Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 12216 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/1911 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, 2021-ci il buraxılışlı “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 12216 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 11407 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsində zərəçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı” ödəniş aktı ilə təsdiq edilir ki, sığorta şirkəti tərəfindən 5000 manat məbləğində pul vəsaiti İddiaçı hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1911 nömrəli ekspert rəyində olan “Mitsubishi Xpander” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə dəymiş ziyanın məbləği 11407 manat müəyyən edildiyindən həmin məbləğdən "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat sığorta məbləği çıxılmaqla, Cavabdeh 6407 manat məbləğində dəymiş zərər və avtomobilin aparılması üçün evakuator xidmətindən istifadə nəticəsində ödənilmiş 50 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 6407 manat, avtomobilin aparılması üçün evakuator xidmətindən istifadə nəticəsində ödənilmiş 50 manat olmaqla, cəmi 6457 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 115 manat dövlət rüsumunun 89%, yəni 102.35 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 11%, yəni 12.65 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 89%, yəni 44.5 manat Cavabdeh, qalan 11%, yəni 5.5 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar