Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1233/2025 29.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Mamedli Nurananın Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: maddi ziyan, icarə haqqı, vərəsəlik) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Mamedli Nurananın Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Mamedli Nurana cavabdeh X11 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X8 və Barattson MMC-nin etibarnamsindən sui-istifadə edərək atası Mamedov Mürşüdə vurduğu maddi zərərin ¼ hisssi 6878 AZN və 89 AZN məhkəmə dövlət rüsumu olmaqla ümumi 6967 AZN məbləğin müştərək qaydada ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mamedli Nurana ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X17 vəfat etdiyindən vərəsəsi X1 cavabdeh qismində cəlb edilməsi və Barattson MMC-i ilə aralarında mübahisə olmadığından cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X13 23 Avqust 2022-ci il tarixində Ukrayna Respublikası Kiyev şəhərində vəfat etmiş və cənazəsi Azərbaycana gətirilərək Gədəbəy rayonunda dəfn olunmuşdur. Mərhum atasının o, qardaşı X18, Mamedov Samir, Mamedov Ruslan adlı qardaşları ilə birlikdə ümumi 4 vərəsəsi vardır. Vərəsəlik işi tamamlanmış, çıxarışlar alınmışdır. Atasının ölümündən sonra maddi məsələləri ön plana gətirmədiyi halda və mənəvi sarsıntı keçirsə də, sonradan əmisi X8 gənc qardaşının, yəni atası X4 günlərindəki xəstəliyindən və daha sonradan ölümündən istifadə edərək atasına maddi zərər vurduğunu bilmişdir. X17 atasının ona verdiyi etibarnamədən sui-istifadə edərək atasına məxsus olmuş, hal-hazırda onlara məxsus Bakı şəhəri, Yasamal rayonu Bəxtiyar Vahabzadə 5 ünvanında yerləşən obyekti 24 Noyabr 2021-ci il tarixində Barattson MMC-yə icarəyə vermiş, lakin atasına icarə haqqı olan məbləğ ödənməmişdir. Ukrayna Respublikasında olan banklarla apardığı şifahi danışıqlarda məlumat almışdır ki, müqavilənin bağlandığı 24 Noyabr 2021-ci il tarixindən atasının dünyasını dəyişdiyi 23 Avqust 2022-ci il tarixinə qədər Zamanov Zaman tərəfindən atasına icarə haqqı göndərilməmişdir. İcarə haqqının Barattson MMC tərəfindən ödənilmədiyi yoxsa Zamanov Zamanın mənimsədiyi məlumatı almaq üçün BARATTSON MMC-yə pretenziya məktubu yönəltdi, ancaq heç bir geri dönüş ala bilmədi. Bu yolla X17 ya BARATTSON MMC 9 aylıq icarə məbləğini mənimsəmiş ya 3057 AZN-dən olmaqla ümumi olaraq atasına 27513 AZN maddi zərər vurmuşdur. Atasının qanun üzrə 4 vərəsəsindən biri olaraq ümumi mənimsənmiş məbləğin 1/4 hissəsini 6878 AZN-nin atasınıın vərəsəsi kimi ona çatmalı olduğunu düşünür. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir kİ, icarə haqqının iddiaçının atasına göndərilməməsi barədə iddiaçıya atası sağlığında bildirmişdir. Ukrayna Respublikasında olan müharibə şəraiti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmirlər. Cavabdeh sübut etsin ki, həmin pulları iddiaçının atasına göndərib. İddiaçından əlavə qardaşı, digər vərəsə də oxşar tələblə artıq məhkəməyə müraciət edib. Cavabdehin həyat yoldaşı tərəfindən iddiaçının atasına zərər vurulub və həmin zərəri iddiaçı özünə düşən hissədə tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 verdiyi izahatında və yazılı çıxışında bildirdi ki, iddia qanunsuz və əsassızdır və bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. İddia tələbi müvafiq subyektiv hüquqa malik olmayan iddiaçı tərəfindən verildiyinə və onun hüquqları Cavabdeh tərəfindən pozulmadığına görə əsassız və qeyri obyektiv iddia aşağıda göstərilənlərlə əlaqədar rədd edilməlidir. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki iddia tələbinin məzmunundan da aydın olduğu kimi iddiaçı məhz mərhum atası X5, mərhum əmisi X11 verdiyi etibarnaməyə əsasən Barattson MMC ilə aralarında bağlanmış icarə müqaviləsi (atasına məxsus mənzilin kirayə verilməsindən) üzrə icarə haqqının Barattson MMC tərəfindən mərhum Cavabdeh verilməməsi və ya axırıncı guya ki, atasına ödənilməməsi ilə bağlıdır. İddiaçı ehtimal edir ki, ya Barattson MMC icarə haqqını ödəməyib, ya da ki, əmisi mərhum X17 mərhum atasına icarə haqqını göndərməyib. Hal-hazırda mülki iş maraqlarına toxunan X13 və onun qardaşı X17 öldüklərinə görə tapşırığın məzmununu, mahiyyətini və icrasının hansı səviyyədə olmasını müəyyən etmək mümkün deyil. Hətta fərz etsə ki, icarə haqqı ödənilməmişdi onda əmlakın mülkiyyətçisi tərəfindən qardaşına qarşı iddia qaldırıla bilərdi, iddia tələbi üzrə subyektiv hüquq iddiaçıya yox, onun mərhum atasına məxsus olmuşdur. Atası isə sağlığında iddiaçı Mamedli Nuranaya həmin əmlakla bağlı heç bir tapşırıq, vəkalət və təmsilçilik səlahiyyəti verməmiş, əksinə səlahiyyətləri öz qardaşına vermişdir. Təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan əqddən təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı-satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyyə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır. İşin hallarından göründüyü kimi təmsil olunan icarə müqaviləsi imzalandığı tarixdən təxminən 9 ay sonra ölmüşdür. Bu müddət ərzində o, həmin əqdi mübahisələndirməmiş və etibarnaməni də ləğv etməmişdir. Mərhum M.Mamedov etibarnamə verdiyi müddətdən sonra - 21 noyabr 2021-ci il tarixdən ölümünədək, yəni 23 avqust 2022-ci il tarixədək xüsusi mülkiyyətində olan evin icarə haqqının ödənilib-ödənilməməsi ilə bağlı təmsilçiyə irad bildirməməsi və etibarnaməni ləğv etməməsi ona dəlalət edir ki, etibarnamə əsasında həyata keçirilmiş hərəkətlər son nəticədə təmsil olunanın iradəsinə uyğun olmuş və məhz onun iradəsini nümayiş etdirmişdir. Belə olan halda, mərhum X5 heç bir hüququ pozulmamışdırsa, onda Mamedli Nurananın hüquqlarının pozulmasından söhbət gedə bilməz və onun başqa şəxslərdən pul tələb etmək üçün heç bir subyektiv hüququ mövcud deyil. Habelə iddia qaldırmış şəxs müvafiq subyektiv hüquqa malik olmadığına və Cavabdeh tərəfindən onun heç bir hüququnun pozulması faktı müəyyən edilmədiyindən hazırki iş üzrə iddia tələbi ona qarşı verilə bilməzdi. Bundan başqa Məhkəmənin nəzərinə çatdırıram ki, iddiaçı mərhum atasının sağlığında ikən mülkiyyətində olan mənzilin icarə haqqının ona göndərilməməsini ehtimal etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu barədə guya ki, Kiyev şəhərindəki banklardan məlumat aldığını (hansı banklardan?) göstərdiyinə baxmayarq, iddia ərizəsinə buna aid heç bir sənəd əlavə etməmişdir. Halbuki iddia tələbinin sübut edilməsi yükü iddiaçı Mamedli Nurananın üzərinə düşür. Birincisi Kiyev şəhərində yaşayan və atasının yanında olan digər vərəsə Mamedov Samir isə əmisi tərəfindən mütəmadi olaraq icarə haqqının göndərildiyini təsdiq edir və atasının icarə haqqı ilə bağlı ondan narazı qaldığını dilə gətirmədiyini bildirir. X23 uzun müddət ağır formada böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə dializə aparılırdı və bununla əlaqədar heç bir yerdə işləmirdi. Əgər icarə haqqı göndərilməsə idi onda o, vəsaitsiz necə yaşaya bilərdi? X21 ağır xəstəliyi dövründə ona qulluq edən qadına da mərhum Zamanov Zaman tərəfindən aylıq pul vəsaiti ödənilirdi. İkincisi, həmin vaxtdan da əvvəl, yəni 2018-ci il tarixdən Mamedli Nurana mərhum atası ilə anası arasında nikah pozulandan sonra Bakı şəhərində yaşayır. 2020-ci ildən isə şəxsiyyət vəsiqəsindən və miqrasiya xidmətinin məktubundan göründüyü kimi şəxsiyyət vəsiqəsi alaraq ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Həmin tarixdən də heç vaxt Ukrayinada olmamışdır və atası ilə əlaqəni kəsmişdir. Belə olan halda o, atasından tamamilə məlumatsız olmuşdur. Bundan başqa iddiaçının ərizəsində göstərdiyi guya ki, atasının xəstəliyindən və ölümündən istifadə edərək ona zərər vurulması barədə mülahizəsi də tamamilə əsassızdır. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - 588378 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Respublikasının Kiyev şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəxtiyar Vahabzadə, ev 5, mənzil 201 xx.xx.2023-cü il tarixdən ¼ hissədə X6 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X17 (X5 əvəzinə) ünvan 3 ünvanda yerləşən 764,15 kv.m-lik hissəsini 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək aylı 3057 manat olmaqla Barattson MMC-yə icarəyə vermişdir. - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, mamedli X7 MMC-yə qanun üzrə vərəsə kimi 6878 manat pulun dərhal verilməsini, əks təqdirdə 3 gün müddətində cavab verilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - Kredit köçürmələri və ödəniş tapşırıqlarından görünür ki, Barattson MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, xx.xx.2022-ci il tarixdə 2629,02 manat, 09.12-ci il tarixdə 3242 manat pul X8 hesabına köçürülmüşdür. - xx.xx.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, “Biz aşağıda imza edənlər bir tərəfdən X9 qanun üzre vərəsələri - X14, X18, X15, X19 bir tərəfdən, Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X16 digər tərəfdən (bundan sonra - ümumilikdə tərəflər adlandırılacaq) aşağıdakı məsələlər barədə razılığa gəldiyimizi öz imzamızla təsdiq edirik: 1. X2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsini xx.xx.2025-ci il tarixindən qüvvədən düşmüş hesab edirlər və xx.xx.2025-ci il tarixli yeni icarə müqaviləsini bağlayırlar. Tərəflər yeni bağlanmış icarə müqaviləsinə tam əməl olunması və müqavilə öhdəlikləri üzrə heç bir kobud pozuntu törətməmək (ödəniş gecikməsi,obyektin zərər görməsi və digər kobud pozuntu) niyyətlərini bəyan edirlər. 2. Tərəflər bir-birilərinə qarşı mübahisə predmetini ünvan 3 ünvanında yerləşən icarə sahəsi ilə bağlı tələblər (eyni predmet ilə bağlı bütün əlaqəli tələblər daxil olmaqla) üzrə işlərdə bir birinə qarşı iddialarından məhkəməpe imtina etməyi öz üzərlərinə götürürlər. 3. ünvan 3 ünvanında yerləşən icarə sahəsi üzrə bu saziş imzalandığı gündən bütün əvvəki dövrə aid birbirilərinə qarşı heç bir borc tələbinin (o cümlədən əldən çıxmış fayda, dəymiş zərərin əvəzi və s. bütün eyni və ya oxşar mənalı hüquqi ifadələr) olmadığı haqqında razılığa gəlirlər.” - Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinin 878 saylı, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 yeganə qanuni vərəsəsi Cavabdeh olmuşdur. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəfin maddi ziyan tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma iddialarından yaranır. Mülki Məcəllənin 359.1-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə vəya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsiledilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun tələbindən görünür ki, təmsilçi vasitəsilə bağlanmış əqd təmsilçi üçün deyil, təmsil edilən üçün mülki hüquq və vəzifələr yaradır. Çünki əqdin təmsilçi vasitəsi ilə bağlanmasından asılı olmayaraq həmin əqdin tərəfləri üçüncü şəxs və təmsil olunandır Bu baxımdan müqavilənin qarşı tərəfi əqd üzrə bütün tələblərini, o cümlədən əqd üzrə verdiklərini geri almağı yalnız müqavilənin qarşı tərəfindən tələb edə bilər. Bu zaman üçüncü şəxslərə münasibətdə əqd üzrə ödənilmiş pulun təmsilçi tərəfindən təmsil olunana verildiyi ehtimal edilir. Həmin pul təmsil olunana verilmədiyi halda həmin vəsaiti təmsilçidən tələb etmək hüququ təmsil olunana məxsusdur. Diqqətə layiqdir ki, mülki qanunvericilik əqdin qarşı tərəfinin əqdin icrasını və ya dəymiş zərərin əvəzini təmsilçidən tələb etmək hüququnun olduğu halları birbaşa tənzimləyir. Belə əsaslara təmsil edilənin adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyətinin olmadığı və ya bu səlahiyyətin aşıldığı hallar aiddir (Mülki Məcəllənin 360.1-ci maddəsi). 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Göründüyü kimi iddiaçı atası ilə əmisi arasında təmsilçilik əsasında icarə müqaviləsi üzrə icarə haqlarının əmisi Zaman Zamanov tərəfindən Ukrayna Respublikasında yaşayan atasına göndərilmədiyini, əsas kimi həmin ölkədə olan banklardan şifahi sorğu əsasında məlumatlı olduğunu nəticədə atasına maddi ziyan dəyməklə vərəsə kimi ona çatan məbləği tələb etsə də, ümumiyyətlə bu halları təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmiş, müharibə şəraiti ilə əldə edilməsinin mümkün olmaması ilə əlaqələndirmişdir. Bununla da iddiaçı üzərinə düşən sübutetmə yükünü yerinə yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-1233/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1233/2025
29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver