Məhkəmə qərarları › İş №2(001)-1238/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1238/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1238/2022 21.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı «AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehlərə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldıqları gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və etirazlara əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüquqlarının olması izah edilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10.09.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 10.09.2019-cu il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərtilə 2500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 1210.88 manat ödəmiş, onun 1289.12 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.10.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 götürdüyü kredit borcundan 326.49 manat ödəmiş, onun 173.51 manat məbləğində kredit borcu qalmışdır. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 10.09.2019-cu il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə zamin kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş materiallarında olan 06.12.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 «“AccessBank» QSC-yə 10.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1289,12 manat əsas borc və 294,16 manat faiz borcu, 310,09 cərimə borcu olmaqla, cəmi 1893.37 manat borcu, 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə isə 173,51 manat əsas borc, 51,48 manat faiz borcu, 24,81 manat cərimə borcu olmaqla cəmi 249,80 manat borcu mövcuddur. İş materiallarında olan 22.11.2021 ci tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, 001R********** saylı, 10.09.2019-cu il tarixli müqavilə üzrə cərimə borcu azaldılmalı və cavabdehlərdən iddiaçının xeyrinə həmin müqavilə üzrə 30,92 manat məbləğində cərimə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 001R********** saylı müqavilə üzrə 1289,12 manat əsas borc, 294,16 manat faiz borcu, 30,92 manat cərimə borcu; 001R********** saylı müqavilə üzrə 173,51 manat əsas borc, 51,48 manat faiz borcu və 24,81 manat cərimə borcu olmaqla, cəmi iki müqavilə üzrə 1864 manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 86,95% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 36,03 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 001R********** saylı müqavilə üzrə 1289,12 manat əsas borc, 294,16 manat faiz borcu, 30,92 manat cərimə borcu; 001R********** saylı müqavilə üzrə 173,51 manat əsas borc, 51,48 manat faiz borcu və 24,81 manat cərimə borcu olmaqla, cəmi iki müqavilə üzrə 1864 (min səkkiz yüz altmış dörd) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 36,03 (otuz altı manat üç qəpik) manat hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,41 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar