Məhkəmə qərarları › İş №2(001)-124/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-124/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-124/2021 01.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 040HOME385726 saylı Kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 38.444,72 manat məbləğində əsas, 8.576,01 manat məbləğində faiz, 19.016,61 manat məbləğində cərimə, cəmi 66.037,33 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən 0,2042 ha torpaq sahəsinin 0,02 ha torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 040HOME385726 saylı Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 46.792,43 manat məbləğində əsas, 8.576,01 manat məbləğində faiz, 19.016,61 manat məbləğində cərimə, cəmi 74.385,05 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, girovun hərrac vasitəsi ilə satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, faizlərin vaxtında ödənilmədiyinə görə hesablanmış penyanın, həmçinin dövlət rüsumunun ödənilməsi, əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh1 məxsus olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, həmin məhkəmə iclasları müxtəlif səbəblərdən təxirə alınmışdır. Sonradan onun vəsatətinə uyğun olaraq mülki iş üzrə təkrar məhkəmə-muhasibat ekspertiza təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4819 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 84 ay müddətinə illik 9% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 51.341 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan qeyd edilən müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğinin, ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Onun müraciəti və İddiaçı ASC-nin razılığı əsasında onların arasında xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin restrukturzasiyasına dair razılaşma bağlanmışdır. Həmin kredit müqaviləsinin tərkib hissəsi olan bu razılaşmaya əsasən kredit müqaviləsi üzrə yaranmış 49.891,68 ABŞ dolları (49.557,17 ABŞ dolları əsas və 334,51 ABŞ dolları faiz) məbləğində borcun azərbaycan manatına konvertasiya edilməklə restrukturizasiyası həyata keçirilmiş və ümumi borc məbləği 52.421 manat müəyyən edilmiş, illik faiz dərəcəsi dəyişdirilmədən saxlanılmış, ödəniş müddəti isə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Buna baxmayaraq, Cavabdeh1 bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edə bilməmiş və nəticədə borcu yaranmışdır. Bununla bağlı Bank tərəfindən ona pretenziya məktubu göndərilərək, yaranmış borc məbləği haqqında məlumat verilmiş və borc məbləğinin 3 Bank iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılmasının təmin edilməsi üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmişdir. Bu səbəbdən bank hazırki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə Banka 38.444,72 manat məbləğində əsas, 8.576,01 manat məbləğində faiz, əsas borc məbləği üzrə hesablanmış 189,41 manat məbləğində cərimə və faiz borcu üzrə hesablanmış 18.827,20 manat məbləğində cərimə, cəmi 66.037,33 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği ondan tələb edir. Cavabdeh tərəf əsassız olaraq artırılmış məbləğdə borcun tələb edildiyini bildirmiş və onun vəsatəti əsasında iki dəfə məhkəmə-muhasibat ekspertizası təyin edilmişdir. Bununla bağlı aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4944 nömrəli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli, 040HOME385726 saylı Kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxx 2015-ci il tarixli razılaşma üzrə xx.xx.2019-cu il tarixə 46.792,43 manat məbləğində əsas, 2.210,79 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixli, 9/4819 nömrəli ekspert rəyinə əsasən isə xx.xx.2019-cu il tarixə 46.791,97 manat məbləğində əsas, 2.210,68 manat məbləğində faiz borcu, xx.xx.2021-ci il tarixə 46.791,97 manat əsas, 2.210,68 manat məbləğində faiz borcu yaranmışdır. Ekspert tədqiqatlarının ümumu dəyəri 200 manat təşkil etmişdir. Cavabdeh tərəf borcunun olmadığını bildirmir, lakin tələb edilən borcun məbləği ilə razı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə pretenziya məktubu göndərilməklə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin 3 Bank iş günü müddətində ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılmasının təmin edilməsi üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bu məsələyə müəyyən edilmiş müddətdə və bundan sonra münasibət bildirməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi xx.xx.2014-cü il tarixli, 040HOME385726 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, hüquqi nəticə etibarı ilə eyni zamanda kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmanın da ləğv edilməsinə səbəb olacaqdır. Belə ki, qeyd edilən razılaşma kredit müqaviləsinin tərkib hissəsidir və kredit müqaviləsinin ləğvi eyni zamanda bu əlavənin də ləğvini özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4944 nömrəli və xx.xx.2021-ci il tarixli, 9/4819 nömrəli ekspert rəylərini müqayisəli şəkildə təhlil edib hesab edir ki, həmin ekspert rəyləri deyil, məhz iddiaçı tərəfinən təqdim edilmiş maliyyə sənədləri mötəbər sübut kimi qiymətləndirilməli və iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilk olaraq xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə 38.444,72 manat məbləğində əsas borcunun yarandığını iddia edərək, məhz bu məbləğin onda tutulmasını tələb etmiş və bu halı təsdiq edən maliyyə sənədlərini, o cümlədən ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarını və maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Lakin mülki iş üzrə keçirilmiş məhkəmə muhasibat ekspertizasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2020ci il tarixli, 4944 saylı ekspert rəyində həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixə 46.792,43 manat məbləğində əsas borcun yarandığı göstərildikdən sonra iddiaçı iddia tələbinin həcmini əsas borc hissəsində artıraraq, cavabdehdən 46.792,43 manat məbləğində əsas borcun tutulmasını tələb etmişdir. Lakin bu tələbində artıq hər hansı maliyyə sənədinə əsaslana bilməmiş, yalnız məhkəmə ekspertinin həmin rəyini əsas götürmüşdür. Mülki iş üzrə keçirilmiş təkrar məhkəmə muhasibat ekspertizasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 9/4819 saylı ekspert rəyində isə əsas borcun 46.791,97 manat olduğu göstərilmişdir. Bununla belə, həmin rəylər əsas borc hissəsində cuzi olsa da məbləğ etibarı ilə biri birindən fərqlənir. Bu da öz növbəsində həmin ekspert rəylərinin mötəbərliyini şübhə altına alır. Digər tərəfdən hesablamanın müəyyən meyarlar (mövcud olan borc, aparılmış ödənişlərin məbləği, onların mövcud borcdan silinmə qaydası və sair) üzrə aparılmalı olduğu nəzərə alındığı halda da ekspert rəyləri üzrə müəyyən edilmiş əsas borc məbləğinin reallığı əks etdirməməsi öz təsdiqini tapır. Məhkəmə, bununla bağlı aparılmış müqayisəli təhlilin nəticələrinə istinadən qeyd edir ki, iddiaçı aparılmış ödənişlərin əsas və ya faiz borcundan silinməsini ödəniş cədvəlinə uyğun olaraq həyata keçirmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli məhz kredit məbləği, illik faiz dərəcəsi və kredit müddəti əsas götürülməklə iddiaçı tərəfindən tərtib edilmiş, cavabdeh də bu qaydada və məbləğdə ödənişlərin aparılmasını qəbul etmişdir. Həmin şərtlər hər iki tərəfin iradəsini ifadə etdiyindən nəticədə müqavilə imzalanmışdır. Başqa sözlə, müqavilənin tərəfi olan iddiaçı məhz ödəniş cədvəlinə uyğun ödənişin aparılmasını arzulamış, cavabdeh də məhz ödəniş cədvəlinə uyğun ödəniş aparmağı öz öhdəsinə götürmüşdür. Ödəniş cədvəlində müəyyən edilmiş müddətdən və məbləğdən artıq iddiaçı cavabdehdən pul tələb edə bilməz. Gecikməyə yol verildiyi və ya daha az məbləğdə ödəniş edildiyi təqdirdə isə iddiaçının ödəniş cədvəli ilə müəyyən edilmiş əsas və faiz borcu ilə yanaşı, həmçinin gecikmə nəticəində qalıq qalmış əsas borcu və buna uyğun hesablanmış faiz və ya yaranacağı təqdirdə cərimə borcunu tələb etmək hüququ yaranır. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən aparılmış ödənişlərdən silinmələr də məhz bu qaydada həyata keçirilmişdir. Belə ki, məsələn, ödəniş cədvəlinə uyğun olaraq, xx.xx.2015-ci il tarixdə ödənilməli olan 678,22 manat pulun 393,16 manat hissəsi faiz, 285,06 manat hissəsi isə əsas borcdan silinməli olduğundan xx.xx.2015-ci il tarixdə ödənilmiş 680 manat məhz bu məbləğlərə uyğun paylaşdırılmışdır. İyunda ayında ödəniş edilmədiyindən ödəniş cədvəlindən geriya qalma halı yaranmış və bu səbəbdən ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə ödənilmiş 711 manat pulun 287,20 manat hissəsi yaranmış əsas borcdan, 389,24 manat hissəsi yaranmış faiz borcundan silinmişdir. Növbəti aylar üzrə aparılmış ödənişlər də gecikmələr nəzərə alınmaqla ödəniş cədvəlinə uyğun silinmişdir. Lakin ekspert rəylərində ödəniş cədvəlinə uyğun gəlməyən, yəni tam fərqli bir qaydada hesablama, o cümlədən borcun silinməsi qaydası tətbiq edilmişdir. Məsələn, ekspert rəylərində xx.xx.2015-ci il tarixdə ödənilmiş 680 manat pulun 232,64 manat hissəsinin əsas borcdan, 445,58 manat hissəsinin isə faiz borcundan, xx.xx.2015-ci il tarixdə ödənilmiş 711 manat pulun 84,76 manat hissəsinin əsas borcdan, 626,24 manat hissəsinin isə faiz borcundan silinməli olduğu göstərilmiş və rəylərdə əks etdirilmiş cədvəllərin sonunadək belə bir fərqli, hətta bir birindən fərqli və tərəflərin, xüsusilə də cavabdehin iradəsini əks etdirməyən, “xəyali” bir ödəniş cədvəlinə uyğun qaydada hesablama aparılmışdır. Halbuki, xx.xx.2015-ci il tarixə (4 gün gecikməyə görə) cavabdehin 445,08 manat, habelə bir ay gecikməyə görə 626,24 manat məbləğində faiz borcu yarana bilməzdi. Bu halı müəyyən etmək üçün xüsusi biliyə malik olmağa ehtiyac yoxdur. Rəqəmləri tanımaq və sadə hesablamanı bilmək kifayətdir. Bu səbəbdən məhkəmə, ekspert rəylərinin ödənişlərin silinməsi qaydası və məbləği baxımından bir birinə uyğun olmamasını, habelə hər iki rəy üzrə silinmələrin ödəniş cədvəlinə uyğun gəlməməsini nəzərə alıb, hesab edir ki, ekspert rəyləri mötəbər sübut kimi qiymətləndirilə bilməz və əsas borcun müəyyən edilməsində əsas götürülə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmə ekspertinin rəyinə uyğun olaraq iddia tələbini əsas borcun tutulması hissəsində artırsa da, həmin rəyə uyğun olaraq iddia tələbini faiz borcunun tutulması hissəsində azaltmamışdır. Başqa sözlə, iddiaçı tərəf özü də məhkəmə ekspertinin rəyini öz maddi maraqlarına uyğun olaraq, yalnız əsas borc hissəsində qəbul etmişdir. Halbuki, iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən həmin müqavilə üzrə əsas borcun ödənişi kimi qəbul edilmiş məbləğlə ümumi kredit məbləği arasında fərq məhz 38.444,72 manat təşkil edir. Bu səbəbdən məhkəmə iddia üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini, o cümlədən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 38.444,72 manat məbləğində əsas borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia üzrə tələb edilən faiz məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini, o cümlədən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia üzrə faiz borcu xx.xx.2019-cu il tarixə məhz 8.576,01 manat məbləğində olmuşdur. Lakin nəzərə alınmalıdır ki, hazırki iddia qaldırıldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə həmin kredit müqaviləsi üzrə 3.000 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ bütünlüklə faiz borcundan silinməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılması qaydasında və ya hər hansı digər formada nəzərə alınmamışdır. Ötən dövr ərzində iddiaçı ümumiyyətlə bu hissədə tələbini dəyişdirməmiş (həcmini artırmamış və ya azaltmamışdır), yalnız məhkəmə ekspertinin rəyinə uyğun olaraq əsas borc hissəsində tələbi artırmışdır (halbuki, ekspert rəyini əsas götürən iddiaçı faiz borcu hissəsində də tələbini dəyişməli idi). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, qeyd edilən 3.000 manat məbləğində ödənişin də müqəddaratı həll edilməli və iddiaçı tərəfindən iddia tələbi faiz borcu hissəsində dəyişdirilmədiyindən, habelə bu məbləğ mövcud olan faiz borcundan silindiyindən məhz iddia üzrə tələb edilən 8.576,01 manat faiz borcundan silinməli (8.576,01-3.000=5.576,01), qalan 5.576,01 manat məbləğində pul Cavabdeh1 faiz borcu qismində müəyyən edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 19.016,61 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında hesablanmış 19.016,61 manat cərimə məbləğinin 189,41 manat məbləğində hissəsi əsas borc üzrə hesablanmış cərimə məbləği kimi, 18.827,20 manat məbləğində hissəsi isə faiz borcu üzrə hesablanmış cərimə məbləği kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin faiz borcu üzrə hesablanmış 18.827,20 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı faiz borcuna hesablanmış məbləği cərimə adlandırsa da, hüquqi nəticə etibarı ilə bu məbləğ faiz borcuna hesablanmış faiz borcudur. Bu səbəbdən bu məbləğ cavabdehdən tutula bilməz. Məhkəmə, iddianın əsas borca hesablanmış cərimə borcu tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış 189,41 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 300.0.3-cü maddəsinə əsasən hüquqların girovu girov növlərinə aid edilmişdir; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvəlki redaksiyada). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 X2 7.000 manata aldığı ünvan 1i ünvanında yerləşən 0,2042 ha torpaq sahəsinin 0,02 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, Cavabdeh1 həmin torpaq sahəsi üzərində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqlarını İddiaçı ASC-nin xeyrinə kredit öhdəliklərinin təminatı olaraq xx.xx.2014-cü il tarixli müqavilə ilə girovla yükü etmişdir. Onun həyat yoldaşı, yəni Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə təqdim etməklə buna etiraz etməmişdir. Cavabdeh1 kredit müqaviləsi və onun çərçivəsində bağlanmış kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. İddiaçı da cavabdehə bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildirişlər ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakların yerləşdiyi yer əsas götürülməklə müvafiq olaraq X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq idarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın (torpağın və onun üzrəində tikilməkdə olan fərdi yaşayış evinin) açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, ipoteka ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyana, yəni Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, ilkin satış qiyməti qismində “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymət (70.000-75.000 manat) əsas götürülməli, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi-yaşayış evinin hazırki dövrə olan bazar qiyməti 70.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbini “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 tutulmalıdır. Məhkəmə iddia tələbinin "ipoteka predmetinə tutma yönəldildikdə və o, satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ən geci bir ay ərzində boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ipoteka predmeti olan torpaqdan, habelə onun üzərində tikilməkdə olan fərdi yaşayış evindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 38.444,72 manat məbləğində əsas, 5.576,01 manat məbləğində faiz, 189,41 manat məbləğində cərimə, cəmi 44.210,14 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər ödənilməli, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 tutulmalı, hərraca çıxarılarkən ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi-yaşayış evinin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilməli, ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi-yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 040HOME385726 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 38.444,72 (otuz səkkiz min dörd yüz qırx dörd manat, yetmiş iki qəpik) manat məbləğində əsas, 5.576,01 (beş min beş yüz yetmiş altı manat, bir qəpik) manat məbləğində faiz, 189,41 (bir yüz səksən doqquz manat, qırx bir qəpik) manat məbləğində cərimə, cəmi 44.210,14 (qırx dörd min iki yüz on manat, on dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlaklar açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılsın. Satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 tutulsun. Hərraca çıxarılarkən ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsinin və onun üzərində tikilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. ünvan 1ində yerləşən 0,02 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar