Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1240/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin nəzarət Departamentinin satışa nəzarət idarəsinə qarşı “1311,11 manat aktın ləğv olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin nəzarət Departamentinin satışa nəzarət idarəsinə qarşı “1311,11 manat aktın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim edtiyi iddia ərizəsini nəzərə alaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4.-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. İddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdeh qismində "xxxx" ASC-nin nəzarət Departamentinin satışa nəzarət idarəsi qeyd edilmiş olsa da, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxs məsuliyyət daşıdığından, idarə cavabdeh ola bilməz. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin ünvanı qeyd edilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer, eyni zamanda eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin, iddiaçı istənilən ünvanı cavabdehin ünvanı kimi ərizədə göstərə bilməz. Yəni, cavabdehin ünvanı iddiaçının mülahizələrinə əsasən müəyyən olunmur və iddia ərizəsində cavabdehin ünvanı kimi göstərilən ünvanın cavabdehə hər hansı bir aidiyyətinin olduğunu təsdiq edən sənəd (arayış və s.) məhkəməyə təqdim olunmursa və eləcə də, cavabdehin ünvanı dəqiq olmayan ünvan kimi göstərilirsə - həmin ünvan cavabdehin poçt ünvanı kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları aparılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Qeyd edilməsi zəruridir ki, prosessual qanunvericiliyin əsas prinsiplərindən biri çəkişmə prinsipidir. Ona görə də çəkişmə prinsipinin təmin edilməsi üçün, dolayısı ilə məhkəmə bildirişinin ehtimal olunan şəxsə deyil, konkret olaraq cavabdeh kimi cəlb edilmiş şəxsə (dəqiq rekvizit məlumatları göstərilməklə) və həmin şəxslərin ünvanına (rəsmi qeydiyyatda olduğu) göndərilməsi vacibdir. Eyni zamanda iddia ərizəsində cavabdehə qarşı yönəlmiş tələb aydın şəkildə qeyd edilməmişdir. Halbuki, yuxarıda qeyd olunan mülki prosessual qanunvericiliyin normalarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb və tələbin əsaslandığı hallar konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin və tələbin əsaslandığı halların iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin nəzarət Departamentinin satışa nəzarət idarəsinə qarşı “1311,11 manat aktın ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1240/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1240/2023
11.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver