Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1069/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1069/2026

23.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1069/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İddiaçı Schröder-X4 cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Schröder-X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Schröder-X4 cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 81,083.03 Avro məbləğində əsas borcun, habelə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddia tarixinə qədər hesablanmış 9,901.81 Avro məbləğində faizlərin, cəmi 90984.84 avro tutularaq iddiaçının xeyrinə ödənilməsi, həmçinin əsas borc məbləğinə illik beş faiz dərəcəsi ilə faizlərin hesablanmasının qətnamənin tam icra edildiyi günə qədər davam etdirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Hazırda iddiaçı Schröder-X4 həmin qərardaddan şikayət verib qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verən şəxs məhkəmənin aşağıdakı nəticələrini qəbul etmir və mübahisələndirir: (i) mübahisələndirilən etibarnaməyə Haaqa Konvensiyasının şamil edilməsi; (ii) Azərbaycan Respublikasının ərazisində, Azərbaycan notariusu tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının məhkəməsinə təqdim edilən sənədə apostil tələbinin irəli sürülməsi; (iii) iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması barədə nəticə; (iv) iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsi əsasında geri qaytarılması. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan, lakin məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmayan hallar: etibarnamənin hansı dövlətin ərazisində tərtib və təsdiq edilməsi (Bakı şəhəri, Azərbaycan Respublikası); onu təsdiq edən subyektin Azərbaycan Respublikasının notariusu olması; iddiaçının etibarnamənin verildiyi tarixdə Azərbaycan Respublikasında qanuni əsaslarla olması və notariusun yanında şəxsən iştirak etməsi; iddia ərizəsini imzalamış şəxsin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olması və onun səlahiyyətlərinin həm order, həm də etibarnamə ilə təsdiq olunması. Apostil sənədin tərtib olunduğu dövlətin səlahiyyətli orqanı tərəfindən, həmin sənədin XARİCİ dövlətdə istifadəsi üçün vurulur və imzanın, imzalayan şəxsin qisminin, möhürün həqiqiliyini təsdiq edir. Azərbaycan Respublikasında verilmiş və Azərbaycan Respublikasının məhkəməsinə təqdim edilən notariat sənədinə apostil vurulması nə hüquqi cəhətdən mümkündür, nə də zəruridir. Məhkəmə iddiaçının üzərinə obyektiv olaraq icrası mümkün olmayan vəzifə qoymuşdur. Azərbaycan Respublikasının notariusu tərəfindən qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, dövlət blankında (blank № ******) tərtib olunmuş və notariat reyestrində (7E-14755) qeydə alınaraq vahid informasiya sisteminə daxil edilmiş sənəd Azərbaycan Respublikasının ərazisində heç bir əlavə təsdiq (leqallaşdırma, apostil) olmadan tam hüquqi qüvvəyə malikdir. Sənədin həqiqiliyi www.notariat.az resursunda QRkod vasitəsilə yoxlanıla bilər. Məhkəmə notariat aktının hüquqi qüvvəsini əsassız olaraq şübhə altına almışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı Schröder-X4 cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi icraata götürələrək mahiyyəti üzrə baxılmağa davam etdirilməlidir. Belə ki, məhkəmə mövqeyini iddia ərizəsini imzalamış Vəkil iddiaçının adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənədin (etibarnamə) qanunla müəyyən edilmiş qaydada təsdiq edilməməsi ilə əsaslandırmışdır. İş materillarına əsasən iddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci tarixli etibarnamə azərbaycan dilində tərtib edilmiş, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notaruisi X1 tərəfindən təsdiq edilərək, 7E-14755 nömrəsi ilə reyestr qeydi aparılmışdir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, apostil bir dövlətdə verilmiş rəsmi sənədin digər dövlətdə təqdim edilməsi zamanı həmin sənəddəki imzanın həqiqiliyinin, sənədi imzalayan şəxsin hansı qismdə çıxış etməsinin, zəruri hallarda isə sənəddəki möhür və ya ştampın həqiqiliyinin təsdiqinə xidmət edir. Azərbaycan Respublikasında verilmiş rəsmi sənədə apostil onun Haaqa Konvensiyasının iştirakçısı olan digər dövlətin ərazisində təqdim edilməsi nəzərdə tutulduqda verilir. “Notariat haqqında” Qanunun 90-cı maddəsinə əsasən, notariusların xaricdə tərtib edilmiş sənədləri qəbul etmələri Xarici hakimiyyət orqanlarının iştirakı ilə xaricdə tərtib edilmiş və ya onların göndərdiyi sənədləri notariuslar bu şərtlə qəbul edirlər ki, həmin sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmış olsun. Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər. MPM-in 74.2.-ci maddəsi,iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarında olan etibarnamə nümayəndəyə iddia ərizəsini imzalamaq və məhkəmədə təmsilçilik etmək üçün müvafiq səlahiyyət verdiyi halda, yalnız apostilin olmaması həmin şəxsin səlahiyyətsiz nümayəndə hesab edilməsi üçün əsas təşkil etmir. Kollegiya qeyd edir ki, etibarnaməni verən şəxsin xarici dövlətin vətəndaşı olması həmin sənədi xarici dövlətdə tərtib edilmiş sənədə çevirmir və onun Azərbaycan Respublikasının ərazisində istifadəsi üçün apostil olunması zərurəti yaratmır. Beləliklə, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamənin Azərbaycan Respublikasında notariat qaydasında təsdiq edilməsinə baxmayaraq, həmin sənədə apostil verilməməsi əsası ilə iddia ərizəsinin onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsinə gəlinməsi və MPM-in 152.1.2-ci maddəsi tətbiq edilməklə iddia ərizəsinin geri qaytarılması əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin həlli üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: İddiaçı Schröder-X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ləğv olunsun və kommersiya işi iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar