Məhkəmə qərarları › İş №2(001)-1243/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1243/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1243/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 127500 manat(75000 ABŞ dolları ekvivalentində)pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 mart 2020-ci il tarixdə onunla cavabdeh arasında borc verilməsinə dair notarial qaydada razılaşma olmuşdur. Həmin kredit müqaviləsinə əsasən 16.09.2020-ci il tarixinədək qaytarmaq şərtilə cavabdehə 75000 ABŞ dolları məbləğində borc verilmişdir. Tərəflər arasında razılaşmaya uyğun olaraq borc məbləği qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəniləcəkdir. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh həmin məbləği ödəyəcəyi barədə müxtəlif bəhanələr gətirmişdir və hal-hazıradək borc qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı notariusda borcun manatla verildiyini bildirdi və iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 22 fevral 2021-ci il tarixdə və 09 martda məhkəməyə ərizə ünvanlamış, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş və məhkəmə tərəfindən cavabdehin yazılı vəsatəti təmin edilərək 23 fevral 2021-ci il və 09 mart 2021-ci il tarixlərə təyin edilmiş məhkəmə iclasları təxirə salınaraq müvafiq olaraq 09 mart 2021-ci il və 08 aprel 2021-ci il tarixlərə təyin edilmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə prosesdə iştirak etmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 16 mart 2020-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 127500 manat məbləğində verilmiş borcun 16 sentyabr 2020-ci il tarixədək qaytarılması olmuşdur. Cavabdehə borc qaytarılmadığı halda icra qeydi aparılacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş 22 sentyabr 2020-ci ildə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin kredit müqaviləsi üzrə icra qeydi verilməmişdir.Müqavilədə qeyd edilmişdir ki, alınan borc məbləği qaytarıldığı günün məzənnəsinə uyğun ABŞ dolları ekvivalentində qaytarılacaqdır. İddiaçı notariusda bborc məbləğinin manatla verildiyini təsdiq edir. Tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən məhkəmə o qənaətə gəlir ki, notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borc verən üzərinə düşən öhdəliyi icra etmiş və 127500 manat pulu cavabdehin mülkiyyətinə vermiş, öz növbəsində cavabdeh həmin pulu qəbul edərək 16 sentyabr 2020-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdehin həmin pul məbləğindən hər hansı vəsait qaytarması işin halları ilə müəyyən edilmir və bu barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Vəd edilən müddət başa çatmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə müqavilənin bəndləri arasında qeyri-müəyyənlik yarandığı qənaətinə gəlir. Belə ki, müqavilənin 1-ci bəndindən borc məbləğinin manatla verildiyi ifadə edilsə də, 3-cü bəndində alınan borc məbləğinin qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödənilməli olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə müqavilənin təfsirinə qiymət verilməli olması qənaətinə gəlir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. İşin hallarından göründüyü kimi müqavilənin predmeti manat valyutası ilə olmuşdur, alınan borc məbləğinin isə qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində yenə də manatla qaytarılmalı olması müəyyən edilmişdir. Hazırki iddiada isə tələb 127500 manat pulun, lakin ABŞ dolları ekvivalentində tutulması xahiş edilmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, qətnamənin gələcəkdə icrası zamanı yaranacaq qeyri-müəyyənliyin qarşısının alınması və Konstitusiya Məhkəməsi Plenumunun aşağıda qeyd edilən mövqeyi nəzərə alınaraq, iddia qismən təmin edilməli və yalnız borcun predmeti olan 127500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi anlamına gətirilməsini düzgün hesab etmək olmaz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir.Bu baxımdan, Mülki Məcəllənin 439.1ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir.Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir.Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir. Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər iki hal manatda olan pul öhdəliklərinə aiddir. Belə ki, Konstitusiyaya görə Azərbaycan Respublikasının pul vahidi manatdır. Digər tərəfdən, Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir. Mülki Məcəllənin 439.7-ci maddəsi isə o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz. Pul vahidinin dəyişməsi dedikdə, ölkənin pul vahidinin digər valyuta ilə fiziki əvəz edilməsi başa düşülür (məsələn, Avropa İttifaqına üzv olan dövlətlərin milli valyutası avro ilə əvəz olunur). Ölkənin valyutası digər valyuta ilə əvəz edildikdə, ödəniş yeni valyuta ilə mübadilə əməliyyatının aparıldığı məzənnə əsasında aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 127500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 127500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar