Məhkəmə qərarları › İş №2(001)-1267/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1267/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1267/2021 01.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən 700 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 21.09.1991-ci il tarixdən oğlu X1 ilə rəsmi nikahda olub, nikahdan 3 övladları olub, lakin oğlu 2017-ci ildə vəfat etdiyi vaxtdan cavabdeh və qızları özbaşınalıq etməyə başlamış və bu hal kənd arasında söz-söhbətə səbəb olmuşdur. O, cavabdehin evdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmiş, iş məhkəmə icraatında olan zaman cavabdeh və qızları həyət darvazasını qıraraq həyətə daxil olmuş və iddiaçıya 700 manat məbləğində ziyan vurmuşlar. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin 29.03.1991-ci il tarixli, FM 004852 nömrəli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəzi 2 döngədə yerləşən 3 otaqlı, 88,4 kv.m ümumi, 50,5 kv.m yaşayış, 37,9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 01 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən etdiyi şikayət üzrə Binəqədi RPİ-nin 43-cü PB-nin 22.10.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, törədilmiş əməllər öz təsdiqini tapmış, lakin cinayət tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmişdir. - Binəqədi qəsəbə inzibati ərazi ddairəsi üzrə nümayəndəliyinin arayışına əsasən, iddiaçı və cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 2, ev 3-də qeydiyyatda olduqları müəyyən edilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 09.07.2021-ci il tarixli, 9/1665 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 2, ev 3-də yerləşən fərdi yaşayış evində olan əmlaklara vurulmuş maddi ziyana əsasən qeyd edilən malların ümumi dəyəri 520 manat məbləğində müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 2, ev 3-də yerləşən fərdi yaşayış evində olan əmlaklara cavabdehin ziyan vurması faktı iddiaçının izahatı ilə yanaşı işin materialları ilə sübuta yetirildiyindən, iddiaçın əmlakına vurulmuş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.10.2020-ci il tarixli Qərar Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün cavabdehin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, iddiaçıya vurulmuş maddi ziyanın məhz cavabdeh tərəfindən törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. -1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı dəymiş ziyanın həqiqi həcminin 700 manat məbləğində deyil, 520 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə-əmtəə ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 520 (beş yüz iyirmi) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar