Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1273/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 23 fevral 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 79 manat əsas, 7 manat cərimə borcu, 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 389,70 manat əsas, 38,30 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 514 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə 27 noyabr 2019-cu il və həmin tarixli digər müqaviləyə əsasən, “Hoffman X Ultra” markalı telefon, “Hoffman mini” markalı soba, “Braun” markalı ütü masası və “Philips” markalı üz qırxan almış və nəticədə 514 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 324 manat, “Hoffman X Ultra” markalı telefon üçün, 79 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə, 27 noyabr 2019-cu il tarixli digər müqaviləsinə əsasən, alğı-satqı qiyməti 702 manat, “Hoffman X Ultra” markalı telefon, “Hoffman mini” markalı soba, “Braun” markalı ütü masası və “Philips” markalı üz qırxan üçün ümumilikdə, 428 manat olmaqla ondan 389,70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38,30 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 557,30 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 27 noayrb 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 324 manat olan « Hoffman X Ultra » markalı telefon üçün ilkin ödənişsiz, qalan məbləği 12 ay ərzində aylıq 27 manat ödəmək şərti ilə kreditlə almışdır. - 27 noyabr 2019-cu il tarixli digər müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 702 manat olan “Hoffman X Ultra” markalı telefon, “Hoffman mini” markalı soba, “Braun” markalı ütü masası və “Philips” markalı üz qırxan üçün ilkin ödəniş olmadan 18 ay ərzində aylıq 39 manat ödəmək şərti ilə kreditlə almışdır. - 13 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdehnun 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 86 manat əsas, 7 manat cərimə və 27 noyabr 2019-cu il tarixli digər alğı-satqı müqavilələri üzrə həmin tarixə 428 manat əsas, 38,00 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 79 manat əsas, 7 manat cərimə borcu, digər 27 noyabr 2019-cu il tarixli müqavilə üzrə 389,70 manat əsas, 38,30 manat cərimə borcu olmaqla ümumilikdə 514 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1273/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1273/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver