Məhkəmə qərarları › İş №2(001)-1279/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1279/2025

06.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1279/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, iddiaçı Essert (Kazımov) Kazım Davud oğlunun cavabdehlər Cavabdeh2, Kazımova HəmişəXanım RüstəmƏli qızına və Cavabdeh3 qarşı “mənzilə köçürülməklə istifadə hüququnun tanınmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Essert (Kazımov) Kazım Davud oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınmış hesab edilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1960-cı ildə valideyinləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə köçmüş və həmin vaxtdan da qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla, son vaxtlaradək yaşamışdır. Həmin ev atasına məxsus olmuş, uzun müddət əsaslı təmir işləri aparılmadığından məhdud kommunal şəraitli olduğundan mübahisə predmeti olan evi birlikdə əsaslı şəkildə təmir etməklə yaşayış üçün normal şəraitli otaqlar yaratmışlar. İş üzrə cavabdehlər onun mərhum qardaşının həyat yoldaşı və qızıdır. Əvvəllər münasibətləri normal olmuş, aralarında mənzilə və yaşayış sahəsi ilə bağlı hər hansı mübahisə olmamışdır. Son vaxtlar səhhətində yaranan problemlərlə əlaqədar mütəmadi olaraq xarici ölkəyə müalicəyə gedir. Hətta orada qalmaq xərcləri çox olduğundan müvəqqəti yaşamaq icazəsi üçün Essert Svetlana adlı xanımla nikah müqaviləsi bağlamışdır. O, müalicə dövründə orada qaldıqdan sonra öz daimi yaşayış ünvanına gələrkən cavabdehlər tərəfindən evin giriş qapısının açarının dəyişdirilməklə onu daimi qeydiyyatda olmaqla yaşadığı evə buraxmamışlar. Hazırda da, bu səbəbdən öz yaşayış yerinə qayıda bilmir. Hesab edir ki, cavabdehlərin bu hərəkəti qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçının rəhmətə gedən qardaşının həyat yoldaşı, Cavabdeh2 isə onun qızıdır. Evə köçürülmə ilə bağlı anoloji mülki iş olmuş, iddia təmin olunmuş. İddiaçının doğulub yaşadığı evdir. İddiaçı öz payını bacısı Cavabdeh3 bağışlamışdır. İddiaçı 2014-2015-ci ilədək həmin evdə yaşayıb, 2 mərtəbəli fərdi yaşayış evidir. İddiaçının atasına məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia rədd edilmişdir. Hazırda cavabdehlərlə mübahisə ataları öləndən sonra yaranmış və iddiaçın evə buraxmamışlar. İddiaçı hazırda digər bacısına məxsus evdə yaşayır. O, həmin evdə qeydiyyatdadır və torpaq sahəsi onun adınadır. Mübahisə predmeti olan mənzilə məxsus çıxarış yoxdur. Göstəriklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Kazımova HəmişəXanım RüstəmƏli qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: 369461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1958-ci ildə doğulmuşdur. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 3 ünvanında qeydiyyatda olan X5 və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 hər miras əmlakı bərabər (1/5 hissədə) irs almalıdır. ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11, Yeni qaydalarla: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277. Miras əmlakın qalan 2/5 açıq saxlanılır. Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı və X5 xx.xx.1990-cı ildə vəfat etmiş atası X2 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh3 bağışlamışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 11 (Yeni qaydalarla: AZ 1053 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmmədov Ramazanov küçəsi, 277) torpaq sahəsi Cavabdeh3 3/5 hissə və X4 2/5 hissə (açıq qalır) xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adlarına qeydiyyata alınmışdır. Binəqədi qəsəbə inzibati ətrai dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1984 nömrəli arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. X6 və X8 tərəfindən imzalanmış aktdan görünür ki, Essert (Kazımov) Kazım Davud oğlu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 11 (Yeni qaydalarla: AZ 1053 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmmədov Ramazanov küçəsi, 277) fərdi yaşayış evində daimi qeydiyyatdadır və 2022-ci ilədək həmin ünvanda yaşayıb. Qardaşı qızı Cavabdeh2 evin açarlarını dəyişib evə buraxmır. Evə köçürülməsi ilə bağlı məhkəməyə müraciət olunub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, xx.xx.1990-cı il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 3 ünvanında qeydiyyatda olan X5 və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 hər miras əmlakı bərabər (1/5 hissədə) irs almalıdır. ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11, Yeni qaydalarla: AZ 1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 277. Miras əmlakın qalan 2/5 açıq saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 11 saylı Notariat Ofisində təsdiq edilmiş 16 oktyabr 2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, İddiaçı və X5 xx.xx.1990-cı ildə vəfat etmiş atası X2 miras qalmış (Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi ev 39) əmlakdan onlara çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh3 bağışlamışlar. Daha sonra müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 11 (Yeni qaydalarla: AZ 1053 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmmədov Ramazanov küçəsi, 277) torpaq sahəsi Cavabdeh3 3/5 hissə və X4 2/5 hissə (açıq qalır) xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi adlarına qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “....Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.”. İş üzrə müəyyən edilir ki, hazırda iddiaçı tərəfindən istifadə hüququnun tanınmış hesab edilməsinə istinad edilən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev hazırda dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Başqa sözlə, həmin ünvanda yerləşən torpaq sahəsinə dair çıxarış mövcud olsa da, üzərində inşa edilmiş ev özbaşına tikilməklə, dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə Almaniya Federativ Respublikasında yaşayır. Məsələyə Plenumun qeyd olunan mövqeyindən yanaşdıqda məlum olur ki, iddiaçının iddia etdiyi ev mülkiyyətdə olmamaqla yanaşı, onun yaşayış sahəsinə olan ehtiyacını bu evdən istifadə etməklə qarşılamaq məcburiyyəti də yoxdur. Bununla yanaşı Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçının tələbi “özbaşına tikinti obyektinin ona və atasına məxsus olması faktına” əsaslanıb. Məxsusluq isə hüquqi müstəvidə “mülkiyyət” mənasını verir. Odur ki, 180.2-ci maddənin tələbi baxımından evə köçürülmə barədə tələb də əsassızdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Essert (Kazımov) Kazım Davud oğlunun cavabdehlər Cavabdeh2, Kazımova HəmişəXanım RüstəmƏli qızı və Cavabdeh3 qarşı “mənzilə köçürülməklə istifadə hüququnun tanınmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respubliikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar