Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-13/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəruri keçid yolunun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəruri keçid yolunun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ torpaq sahəsinin texniki ölçülərinə uyğun olaraq uzunluğu 16,37 metr, eni isə 3.0 metr olan zəruri keçid yolunun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ sahəsi paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olmaqla bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20 aprel 2016-cı il tarixli, RX0838234 seriyalı, ********** qeydiyyat nömrəli paylı mülkiyyət hüququna dair çıxarış verilmişdir. Paylı mülkiyyətdə olan torpaq sahəsi 0.12 ha sahədən ibarətdir. Həmin torpaq sahəsi qonşu bağ torpaq sahələri ilə, həmçinin Cavabdeh mülkiyyətində olan 706ə saylı bağ torpaq sahəsi ilə əhatə olunmuş, mülkiyyətlərində olan bağ torpaq sahəsinə aid keçid yolu (giriş yolu) cavabdehin mülkiyyətində olan torpaq sahəsinin qarşısında yerləşməklə həmin bağ torpaq sahəsinin ərazisinə daxil edilmiş, zəruri keçid yolu bağlanaraq bağ sahəsinə giriş-çıxış yolu məhdudlaşdırılmış, hal-hazırda mülkiyyətlərində olan 706a saylı bağ sahəsinə daxil olmaq mümkünsüz olmuşdur. Bağ sahəsinə dair tərtib edilmiş 14 avqust 2014-cü il tarixli, A512325 seriyalı X1 adına çəkilmiş Kadastr Planı sənədinə əsasən 706ə və 706a saylı bağ sahələrinin texniki ölçüləri dəqiq göstərilmiş, keçid yolunun uzunluğu 16,37 metr, eni 3 metr olmaqla 2.99 metr cavabedin mülkiyyətində olan 706ə saylı bağ sahəsinə giriş sahəsi müəyyən edilmiş, 7.24 metr ölçülü keçid yolu isə onların mülkiyyətində olan 706a saylı bağ sahəsinə keçid yolu müəyyən edilmişdir. Cavabdeh 706ə saylı bağ sahəsini 18 dekabr 2014-cü il tarixdə alqı-satqı əsasında X2 və başqalarından almışdır. Cavabdeh 706ə saylı bağ sahəsini mülkiyyətinə qəbul etdiyi zaman onların mülkiyyətində olan 706a saylı bağ sahəsinin zəruri keçid yolunu bağ sahəsinin texniki ölçülərinə uyğun olaraq bərpa etməli idi. Dəfələrlə bu barədə cavabdehə xəbərdalıq edilsə də, cavabdeh keçid yolunu bərpa etməmişdir. Bu barədə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanına tələb qaydasında bağ sahəsinə dair zəruri keçid yolunun bərpa edilməsinə dair ərizə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 08 fevral 2014-cü il tarixli, **********36 saylı məktubu ilə müəyyən edilmişdir ki, 706ə saylı ünvanda yerləşən bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi zamanı yoxlama ölçü işləri aparılarkən 706a və 706ə saylı bağ sahələrinin eyni hasar daxilində olması müəyyən edilmişdir. 706a saylı bağ sahəsi onlara məxsus olsa da, qanunla müəyyən olunmuş qaydada ondan istifadə etmək hüququları məhdudlaşdırılmış, mülkiyyətçi kimi hüquqları pozulmuşdir. Cavabdeh iddiaya yazılı etirazlar göndərək göstərmişdir ki, o, ona məxsus 8 sot torpaq sahəsini 2014-cü ildə alqı-satqı yolu ilə alarkən həmin torpaq sahəsinin əvvəlki sahibi X6 və onun ailə üzvləri ilə 20 sot torpaq sahəsinin alqı-satqısı barədə razılaşmışlar, onun aldığı torpaq sahəsi 8 sot deyil, 20 sotdur. Sadəcə Sərxan ona bildirmişdir ki, sənəddə 8 sot göstərilib, qalan 12 sot torpaq sahəsi də anası İddiaçı2 adınadır, tezliklə həmin torpaq sahəsinin çıxarışını da düzəldib ona təqdim edəcək, lakin bu günə kimi bunu etməmişdir. O, 2014-cü ildə torpaq sahəsini alandan 2 il sonra, yəni 2016-cı ildə başqa bir şəxs tərəfindən həmin 12 sot torpaq sahəsinə çıxarış alınaraq yenidən bir dəfə 2 il əvvəl aldığı torpaq sahəsi ona iddiaçılar tərəfindən yenidən almağı təklif olundu. O isə buna etiraz edərək həmin 20 sot torpaq sahəsini artıq 2014-cü ildə X6 və onun ailəsindən aldığını bildirmişdir. Onda olan məlumata görə Sərxan Ağamalıyev torpaq sahəsini ona satdıqdan sonra bir müddət ailəsi ilə birlikdə ABŞ-da yaşamış, indi isə birdəfəlik köçərək Rusiya Federasiyasında yaşayır, alqı-satqıdan sonra həmin insanla görüşməmişdir. O, aldanmağı ilə bağlı Yasamal rayon prokurorluğuna müraciət edərək həmin faktın araşdırılmasını xahiş etmişdir. Hal-hazırda həmin fakt araşdırılır. Ona verilmiş çıxarış və texniki pasportda ona məxsus 8 sot torpaq sahəsindən qonşu torpaq sahəsinə hər hansı bir keçidin ayrılması nəzərdə tutulmayıb. Bu baxımdan o, vicdanlı alıcı olaraq, olanlardan xəbərsizdir və həmin ona məxsus olan istifadədə torpaq sahələri 40 il əvvəl keçmiş sovet dönəmində pay torpaqları kimi vətəndaşlara paylanmışdır, həmin vaxtdan da istifadədədir, əgər belə bir keçid məsələsi olsaydı həmin torpaq sahibi 40-50 il əvvəl bu məsələni həll etməli idi, onu gözləməli deyildi. Məhkəməyə təqdim etdiyi şəkillərdən görünür ki, həmin ərazidə 40-50 illik ağaclar, tikililər, sanitar qovşağı və digər tikililər mövcuddur, hansı ki, onlar onun hazırda mülkiyyətində olduğu torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Ağamalıyevlər tərəfindən inşa edilmiş və həmin ağaclar onlar tərəfindən əkilmişdir. O, 2014-cü ildə aldığı torpaq sahəsi olan evdə və ona bitişik 12 sot torpaq sahəsində iddiaçılar və onların ailə üzvləri, baxmayaraq ki, oranı aldıqdan 2 ili sonra həmin torpaq sahəsinə sənəd düzəltmişlər, həmin torpaq sahəsində heç bir keçid olmadan 20-30 illər boyunca yaşamışdır, sadəcə iddiaçıların onun aldığı torpaq sahəsində yaşamalarına baxmayaraq, həmin torpaq sahəsini iddiaçıların razılığı ilə, onların əmisi oğlu Ağamalıyev Sərxana verdikləri etibarnamə əsasında 120.000 ABŞ dolları ödəyib rəsmi qaydada almışdır. İndi iddiaçılar deməsinlər ki, orada heç vaxt keçid sahəsi olmayan torpaq sahəsinin satılmasından xəbərləri olmayıb. Sadəcə iddiaçılar Sərxan Ağamalıyevdən alqısatqı müqabilində ona ödədiyi puldan özlərinin dediklərinə görə ala bilmədikləri üçün sonradan gedib notariusda etibarnamələri ləğv etmişlər. Hazırda iddiaçılar həmin pulu ikinci dəfə ondan almaq istəyirlər. Ümumi iddia verilməsinin son müddəti 10 il olmasını nəzərə alaraq iddiaçı tərəfindən verilmiş iddia müddəti artıq çox bir müddət əvvəl keçmişdir. Göstərilənlərə əsasən iddia tələbinin heç bir hüquqi əsası olmadığı və tələb üzrə iddia müddəti keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin həyat yoldaşı və hazırki iş üzrə nümayəndəsi X13 ilə iddiaçılara məxsus 0.12 ha torpaq sahəsinin alqı-satqısı barədə razılıq olmuş, lakin sonradan Hafiz Ağayev fikrini dəyişmiş və məhkəmədə hazırki iddianı qaldırmışdır. Hafiz Ağayev hazırda da müxtəlif iddialar qaldırmaqla işin həll olunmasını uzatmaq istəyir. İddiaçı2 işdə olan notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmir və xahiş edir ki, işə onun iştirakı olmadan baxılması davam etdirilərək iş üzrə müvafiq qərar qəbul edilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, cavabdehlərin adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddiasının mümkünsüzlüyü barədə qərardad çıxarılmış, həmin qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ölçüsü 0.12 ha olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına 20 aprel 2016-cı il tarixdə qeydiyyatdan keçmişdir; 18 dekabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X7, X4, X12 və X8 ünvan 2 ünvanında yerləşən bağ evini mülkiyyətlərində olan 0,084597 ha torpaq sahəsi ilə birlikdə alıcının mülkiyyətinə verirlər, alıcı isə daşınmaz əmlakın 50.000 manat məbləğində qiymətini ödəyir; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ölçüsü 0.084597 ha olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706ə saylı bağ sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına 08 yanvar 2015-ci il tarixdə qeydiyyatdan keçmişdir; ünvan 3 bağa dair 18 fevral 2014-cü il tarixli torpaq sahəsi planının surətindən müəyyən edilir ki, 706ə və 706a saylı bağ sahələri qonşu sahələrdir, 706a saylı bağ sahəsi digər tərəflərdən 707b, 706b və 706z saylı bağ sahələri ilə əhatə olunub, 706a saylı bağ sahəsinə eni 3, uzunluğu 16,37 metr ölçüdə keçid yolu nəzərdə tutulmuşdur; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 08 fevral 2014-cü il tarixli, **********36 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən bağ evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizəyə və əlavə edilmiş sənədlərə idarədə baxılmış və X1 nümayəndəsi X5 bildirilmişdir ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə torpaq sahəsi istifadə edilməkdədir və iki bağ sahəsi eyni hasar daxilindədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır; X7 tərəfindən imzalanmış 08 yanvar, 07 mart və 08 iyul 2014-cü il tarixli qəbzlərin məzmunundan görünür ki, o, Novxanı bağ massivində ona məxsus 20 sot bağ sahəsini razılaşdığı qiymətə satdığı üçün X9 müxtəlif məbləğlərdə vəsait almış, qalan məbləğ bağ sənədləri notarial qaydada alqı-satqı təsdiq olunduqdan sonra tam şəkildə Hafiz Ağayev tərəfindən ödəniləcəkdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti təərfindən məhkəməyə ünvanlanmış 23 dekabr 2020-ci il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəmənin müraciətinə baxılmış, məhkəmənin məktubunda göstərilən vaxt mütəxəssislər mübahisəli ərazidə olmuş, lakin mübahisəli ərazinin qapısının açılmaması və ölçmə işinə şərait yaradılmaması səbəbindən mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. 13 noyabr 2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı kəndində 0.12 ha sahəsi olan 706a saylı bağ sahəsi iddiaçıların, 0.084597 ha sahəsi olan 706ə saylı bağ sahəsi ilə cavabdehin mülkiyyətindədir. Həmin bağ sahələri və iddiaçılara məxsus bağ sahəsinə keçid eyni hasar daxilində olmaqla cavabdehin istifadəsindədir. İddiaçılara məxsus 706a saylı bağ sahəsi digər tərəflərdən 707b, 706b və 706z saylı bağ sahələri ilə əhatə olunmuşdur. İddiaçılar hazırda mülkiyyətlərində olan bağ sahəsinə daxil olmaq, ondan istifadə etmək üçün cavabdeh tərəfindən texniki sənəddə əks olunmuş zəruri keçidin açılmasını tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaçılara məxsus bağ sahəsini də onların qohumlarına dəyərini ödəməklə aldığını bildirərək, habelə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Bundan başqa, mütəxəssis rəyinin alınması ilə bağlı məhkəmə tərəfindən qəbul edilmiş qərardadın icrası, cavabdeh tərəfindən buna şərait yaradılmaması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan bağ sahəsinə keçidin bağlanması sonuncuların mülkiyyət hüquqlarını həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onların mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli etmiş olur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ torpaq sahəsinin texniki ölçülərinə uyğun olaraq uzunluğu 16,37 metr, eni isə 3.0 metr olan zəruri keçid yolunun bərpa edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan bağ sahəsinin də dəyəri ödənilməklə alındığı bildirilsə də, iş materiallarından görünür ki, cavabdeh 18 dekabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X7, X4, X12 və X3 yalnız 0,084597 ha torpaq sahəsi olan 706ə saylı bağ sahəsini almışdır, iddiaçılara məxsus bağ sahəsinə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Odur ki, cavabdehin iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi barədə xahişi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ torpaq sahəsinin texniki ölçülərinə uyğun olaraq uzunluğu 16,37 metr, eni isə 3.0 metr olan zəruri keçid yolunun bərpa edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddiaçı1 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-13/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-13/2022
04.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver