Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1306/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativindən 22.500 (iyirmi iki min beş yüz) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 22.530 (iyirmi iki min beş yüz otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlə arasında olan 06 dekabr 2013-cü il tarixli 185 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən tikilmiş, ünvan 1 ünvanında yerləşən, çoxmərtəbəli yaşayış binasının 2-ci korpus, 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, 148 saylı, ümumi sahəsi 161,4 kv.metrdən ibarət mənzili almışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qeyd olunan mənzilin dəyəri, hər kv.metr üçün 880 manat müəyyən edilmişdir. Beləliklə də qeyd olunan mənzilin dəyəri, ümumilikdə 142032 (yüz qırx iki min otuz iki) manat müəyyən olunmuşdur. Müqavilədə müəyyən edilmiş məbləği 06 dekabr 2013-cü il tarixində Cavabdeh Mənzil Tikinti Kooperativinə tam olaraq ödəmiş və bu barədə ona həmin tarixli maliyyə arayışı təqdim olunmuşdur. Qeyd olunan bina uzun müddətdir ki, yarımtikili olaraq qalmışdır. Belə ki, aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə bina sakinləri ilə birlikdə iddiaçı tərəfindən binada olan çatışmazlıqlar aradan qaldırılmışdır. Bu çatışmazlıqları aradan qaldırmaq onlara maddi olaraq çox baha başa gəlmişdir. Bu yaxınlarda bina sakinlərinin köməkliyi ilə bina istismara qəbul olunmuşdur. Buna görə də onların mənzillərinə dair çıxarış almaq hüquqları yaranmışdır. Bu zaman haradansa MTK peyda olmuş və onlara bildirilmişdir ki, onların icazəsi olmadan iddiaçı və digər bina sahibləri mənzillərinə çıxarış ala bilməzlər. Belə ki, müvafiq qurumdan da bildirilmişdir ki, cavabdeh tərəfindən onlara, müvafiq sənədlərin təqdim olunması zəruridir. Bundan sonra cavabdeh qeyd olunan sənədləri onlara təqdim etmək üçün, qanunsuz olaraq, onlardan qeyd olunan binaya kommunal xidmət göstərilməsi adı altında pul almışdır. Beləliklə də mənzilinə çıxarış almaqdan ötrü lazım olan sənədlər ona təqdim olunmuşdır. Nəticədə 2020-ci ilin avqust ayında onun mülkiyyətində olan mənzilə çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Həmin orqan tərəfindən mənzilinin mülkiyyətində olması barədə çıxarış verilmişdir. Mənzilə dair ona verilmiş 08.09.2020-ci il tarixli çıxarışdan və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan da göründüyü kimi, daşınmaz əmlakın ümumi sahəsi 146,10 kv.metr müəyyən edilmişdir. Lakin onunla cavabdeh arasında bağlanmış müqavilənin predmeti olan mənzilin sahəsi 161,4 kv.metr qeyd olunmuşdur. Yəni buradan da göründüyü kimi mənzilin sahəsi ilə bağlı yaranmış fərq 15,3 kv.metr təşkil edir. Burdan da belə məlum olur ki, cavabdeh onu aldadaraq, ondan əlavə olaraq 13 464 (on üç min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitini artıq olaraq almışdır. Lakin nəzərə alınsa ki, hal-hazırki dövrdə həmin ərazidə, çoxmənzilli binada mənzilin 1 kv.m-nin sahəsi orta hesabla 1500 (min beş yüz) manatdır, onda belə qənaətə gəlmək olar ki, cavabdeh tərəfindən ona 22.500 (iyirmi iki min beş yüz) manat ziyan dəymişdir. Odur ki, həmin pul MTK-dan tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK nümayəndəsinin iştirakını təmin etməmiş, lakin əvvəlki məhkəmə iclasında iştirak edərkən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, ümumi sahəylə yaşayış sahəsi ayrıdır. Onlar müqavilədə qeyd edilmiş ölçüdə mənzili cavabdehə vermişlər. Aradakı fərqin səbəbi mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələrdir. Həmçinin, iddiaçı mənzilin 1 kv metrini 880 manata aldığı halda, onlardan hər kvadratmetr üçün 1500 manat tələb edir və bunun özü də əsassızdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halına görə, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X4 (payçı) arasında 06 dekabr 2013-cü il tarixdə yaşayış evinin tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MTK, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955 məhəllədə inşa etdiyi binadakı 161,4 kv.m-dən ibarət 148 saylı mənzili payçıya təhvil verməyi, payçı (iddiaçı) isə həmin əmlakı qəbul etməyi və mənzilin sahəsinin hər kvadrat metri üçün 880 manat olmaqla, 142032 (yüz qırx iki min otuz iki) manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK-nın 07.12.2013-cü il tarixli maliyyə arayışına görə, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 955-ci məhəllədə yerləşən 2-ci korpus, 21 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi tikinti sahəsi 161,4 kv.m olan 3 otaqlı, 148 saylı mənzilin pay dəyəri payçı X4 tərəfindən tam ödənilmişdir. İş materiallarından aydın olur ki, sözügedən mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 100, M4, m.3) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Rəfail qızının adına xüsusi mülkiyyət kimi 08.09.2020-ci il tarixdə qeydiyyata alınaraq ona müvafiq çıxarış və Texiniki Pasport verilmişdir; hər iki sənəddə mənzilin ümumi sahəsi 146,10 kv.m olaraq göstərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli 10/2006 saylı rəyində ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Cavabdeh tərəfindən inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 148, giriş 3, Yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 100 M4, 3 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 143,7 kv.m. təşkil edir. İddiaçı da məhz cavabdeh MTK ilə arasında bağlanmış müqavilə ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş rəsmi sənədlər arasındakı kv.m fərqinə əsaslanmaqla hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Adı çəkilən Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində MTK məhz müqavilədə göstərilən ölçüdə olan mənzili iddiaçıya verməyi öhdəsinə götürdüyü halda, bu öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdeh MTK-nın ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə (Çıxarış və Texniki Pasport) və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə də iddia edilən həmin hal (mənzilin ölçüsündə əskiklik olduğu) öz təsdiqini tapmışdır. Məhkəmənin qənaətinə görə, bütün bunlar iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə haqlı olduğunu göstərir. Cavabdeh MTK-dan iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli müqavilədə cavabdeh MTK-nın iddiaçıya təhvil verməli olduğu mənzilin ümumi sahəsi 161,4 kv.m olaraq nəzərdə tutulmuş, bununla belə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin həmin mənzilə dair iddiaçıya təqdim etdiyi sənədlərdə (Çıxarışda və Texniki Pasportda) onun ümumi sahəsi 146,10 kv.m olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə, həmin mənzilin ümumi sahəsinin 143,7 kv.m. olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda sözügedən mənzilin ümumi sahəsi 146,10 kv.m olaraq göstərildiyi halda, ekspert mənzilin ümumi sahəsinin 143,7 kv.m. olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu baxımdan məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən mənzilə dair tərtib etdiyi Çıxarışda və Texniki Pasportda göstərilən ümumi sahə əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının məhz ümumi sahəsi 146,10 kv.m olan mənzilə dair hüquqları qeydə alınmışdır; Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Beləliklə, müəyyən olunur ki, cavabdeh MTK iddiaçıya təhvil verməli olduğundan 15,3 kv.m. daha az ölçülü mənzili onun sahiblik və istifadəsinə təqdim etmişdir. Tərəflər arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli müqavilə ilə isə mübahisəli mənzilin hər kv.m-nin dəyərinin 880 manat olaraq nəzərdə tutulduğu müəyyən edilmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdeh MTK-dan cəmi 13,464 manat tutularaq iddiaçıya ödənilməlidir (161,4 – 146,1 = 15,3 kv.m. x 880 manat = 13,464 manat). Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 18 manatı cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməli, 12 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən 13464 (on üç min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaiti və iddia ərizəsi verilməsi üçün ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1306/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1306/2021
17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver