Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1307/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ”kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN-00007-20/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 66.287,22 manat məbləğində əsas, 22.481,34 manat məbləğində faiz, 4.538,97 manat məbləğində dəbbə, ümumilikdə 93.307,53 manat məbləğində borcun, ödənilmiş 370 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının Cavabdeh1 iddiaçı "xxxx" ASC-in xeyrinə tutulması, tutmanın Cavabdeh2 ilə bağlanan xx.xx.2019-cu il tarixli, XDENG-00007-20/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 43, 201 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, Cavabdeh3 həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edərək, iddianı qəbul etmədiyini, maddi çətinliklərinin yaranması ilə bağlı ödənişlər edə bilmədiyini, bir müddətdən sonra ödənişləri bərpa edəcəyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə ona, habelə ümumiyyətlə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə, iddiaçının ərizəsini və cavabdehlərin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia tələblərini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 23% faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 70.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı, kredit məbləğinə hesablanmış faiz məbləğini, habelə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq lazımi qaydada ödənişlər etməmiş, nəticədə banka borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə məktubu göndərilərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi, nəticədə borcun yarandığı bildirilmiş və borcun ödənilməsi ondan tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da cavabdeh tərəfindən lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 370 manat məbləğində dövlət rüsumu ödəməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 66.287,22 manat məbləğində əsas, 22.481,34 manat məbləğində faiz, 4.538,97 manat məbləğində dəbbə, ümumilikdə 93.307,53 manat məbləğində borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 370 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin ondan tutulmasını tələb edir. Cavabdeh1 iddianı qəbul etmir, maddi çətinliklərinin yaranması ilə bağlı ödənişlər edə bilmədiyini, bir müddətdən sonra ödənişləri bərpa edəcəyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən kredit müqaviləsinin ləğv edilməsi və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəiyi barədə ona məlumat verilmişdir. Lakin cavabdeh bu məsələyə münasibət bildirməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini, o cümlədən aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini təklif etdiyini nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini, o cümlədən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 66.287,22 manat məbləğində əsas borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, qeyd edilən müqavilə üzrə aparılmış ödənişlərin cəmi (901,93 + 919,22 + 895,30 + 954,55 + 41,54 +0,24 = ) 3.712,78 manat hissəsi mövcud olan əsas borcdan silinmişdir ki, bu məbləğlərin fərqi də (70.000 – 3.712,78 = 66.287,22) məhz 66.287,22 manat təşkil edir. Məhkəmə, iddia tələbinin “faiz borcunun tutulması” tutlması hissəsi ilə bağlı qeyd edir ki, həmin müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən hər ay 2.244 manat məbləğində pul ödənilməli idi. Lakin buna baxmayaraq, kredit borcunun ödənişi cəmi 4 ay ardıcıl şəkildə (xx.xx.2020-ci il tarixdə 2.244 manat, xx.xx.2020-ci il tarixdə 2.245 manat, xx.xx.2020-ci il tarixdə 2.245 manat və xx.xx.2020-ci il tarixdə 42 manat + xx.xx.2020-ci il tarixdə 2.200 manat) təmin edilmişdir. Həmin məbləğlər hesabına da mövcud olan əsas və faiz borcları silinmişdir. Bundan sonra Bundan sonra cəmi iki dəfə, yəni xx.xx.2020-ci il tarixdə 2.090 manat və xx.xx.2020-ci il tarixdə 500 manat ödəniş edilmişdir ki, bu məbləğlər də bütünlüklə mövcud olan faiz borcundan silinmişdir. Bununla belə, hazırda iddia üzrə tələb edilən 66.287,22 manat xx.xx.2020-ci il tarixə yaranmış əsas borc məbləğidir. Başqa sözlə illik 23 dərəcə ilə faiz borcunu 66.287,22 manat və xx.xx.2020-ci il tarixi əsas götürülməklə hesablamaq olar. Həmin tarixdən kredit borcunun tələb edildiyi xx.xx.2021-ci il tarixə olan müddət isə 1 il 7 ay 22 gün təşkil edir. Bununla belə, əsas kredit borcunun 66.287,22 manat illik faiz dərəcəsinin isə 23 faiz olması nəzərə alındığı təqdirdə 1 il (66.287,22 x 23 / 100 = 15.246 manat) 7 ay (15.246 / 12 ay x 7 ay = 8.893,50) 22 gün (15.246 / 12 ay / 30 gün x 22 gün = 931,70) üçün ümumilikdə (15.246 + 8.893,50 + 931,70 = 25.071,20) 25.071,20 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğdən də faiz borcuna silinmiş (2.090 + 500 =2.590) 2.590 manat çıxıldıqda (belə ki, 25.071,20 manat məbləğində faiz borcu xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış faiz borcudur, 2.590 manat ödəniş də məhz bu müddət daxilində faiz borcunun silinməsinə yönəlmişdir) faiz borcunun qalıq məbləği (25.071,20 – 2.590 = 22.481,20) 22.481,20 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və xx.xx.2021-ci il tarixinə 22.481,20 manat məbləğində faiz borcu yarandığından, cavabdehdən iddiaçının xeyrinə məhz 22.481,20 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyanin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra edilməməsinə görə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən kredit müqaviləsi üzrə hesablanmış 4.538,97 manat məbləğində dəbbə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış əsas borcun məbləğini nəzərə alıb, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu məbləği azaldılmalı və 3.000 manat məbləğində müəyyən edilməli, məhz həmin məbləğdə dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 282.1-ci maddəsinə əsasən girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər; 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci və 31.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi,ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aid edilmişdir; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır; 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 41.1.-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 43 saylı evin, 201 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsində verilməsi nəzərdə tutulmuş kreditin ümumi məbləği, qaytarılma müddəti, maksimal illik faiz dərəcəsi göstərilmiş və həmin vaxt "xxxx" MMC tərəfindən ipoteka predmetinin likvid dəyəri 125.000 manat, real bazar dəyəri isə 140.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakın yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində qeydə alınmışdır. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə işi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, LFN 13 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin ilkin (likvid) satış qiyməti 155.000 manat, bazar dəyəri isə 185.000 manat təşkil edir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu dəfələrlə üzərinə götürdüyü öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus əmlaka yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə ipoteka qoyana, yəni Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə iddia tələbini “satışdan əldə edilən vəsaitin kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh3 ipoteka predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" ASC iddiaçı kimi bu tələblə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə qarşı ipoteka predmetindən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbini “ipoteka predmetinin boşaldılması” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, əmlak açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlak hərraca çıxarılan zaman onun ilkin satış qiyməti müəyyən edilərkən "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş hesabatda göstərilmiş qiymət əsas götürülməlidir. Bununla belə məhkəmə qeyd edilən hesabatı əsas götürüb hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 155.000 manat məbləğində müəyyən edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 ümumilikdə (66.287,22 + 22.481,20 + 3.000 = 91.768,42) 91.768,42 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 365,30 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (370 – 365,30 = 4,70), yəni 4,70 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, XDEN-00007-20/19A nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 06 dekbar 2019-cu il tarixli, XDEN-00007-20/19A nömrəli kredit müqaviləsi üzrə 01 dekabr 2021-ci il tarixinə yaranmış 66.287,22 manat məbləğində əsas, 22.481,20 manat məbləğində faiz, habelə məhkəmə tərəfindən müəyyən edilmiş 3.000 manat məbləğində dəbbə, ümumilikdə 91.768,42 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 365,30 manat hissəsinin və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, tutma 06 dekabr 2019cu il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 43 saylı evin, 201 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh2 qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 155.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, XDEN-00007-20/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 06 dekbar 2019-cu il tarixli, XDEN-00007-20/19A nömrəli kredit müqaviləsi üzrə 01 dekabr 2021-ci il tarixinə yaranmış 66.287,22 (altmış altı min iki yüz səksən yeddi manat, iyirmi iki qəpik) manat məbləğində əsas, 22.481,20 (iyirmi iki min dörd yüz səksən bir manat, iyirmi qəpik) manat məbləğində faiz, habelə məhkəmə tərəfindən müəyyən edilmiş 3.000 (üç min) manat məbləğində dəbbə, ümumilikdə 91.768,42 (doxsan bir min yeddi yüz altmış səkkiz manat, qırx iki qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 365,30 (üç yüz altmış beş manat, otuz qəpik) manat hissəsinin və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tutma 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 43 saylı evin, 201 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləği ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh2 qaytarılsın. Satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh1 tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 155.000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1307/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1307/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver