Məhkəmə qərarları › İş №2(001)-1314/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1314/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1314/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh Mir Bağırov X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir Bağırov X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdeh Mir Bağırov X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» Kommersiya Bankı ilə Mir Bağırov X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/46389/13/1 saylı kredit müqaviləsi üzrə cavabdeh Mir Bağırov X2 4749,55 manat məbləğində əsas borcun, 1026,24 manat məbləğində müqavilə müddətinə hesablanmış faiz borcunun, 3399,44 manat məbləğində cərimə borcunun, 713,46 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9888,69 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, X3 «Bank Standard» Kommersiya Bankı ilə Mir Bağırov X7 arasında xx.xx.2013-cü il tarixdə kredit verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 37 ay müddətinə 4749,55 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 4749,55 manat məbləğində əsas borcu, 1026,24 manat məbləğində müqavilə müddətinə hesablanmış faiz borcu, 3399,44 manat məbləğində cərimə borcu, 713,46 manat məbləğində gecikmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 9888,69 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Mir Bağırov X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı X3 «Bank Standard» Kommersiya Bankı ona qarşı qaldırdığı iddianı onlar arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi ilə əsaslandırsa da, ortada belə bir kredit müqaviləsi yoxdur. Digər tərəfdən kredit müqaviləsi olmuş olsa da, iddiaçının mövcud tələblə ona qarşı iddia qaldırmaq hüququ müddət baxımından keçmişdir. Qeyd olunanlara və iddia müddətinin tətbiq edilməsi barədə təqdim etdiyi ərizəyə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli 1xx/xx/46389/13/1 saylı kredit müqaviləsinin təqdim edilməməsini nəzərə almaqla məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələbin əsaslandığı hallara dair sübutların təqdim edilməməsi iddianın əsassızlığı nəticəsinə gəlmək üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir Bağırov X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırmaları zamanı iddianın təmin edilməsi üçün əsasların müəyyən edilməməsi səbəbindən iddia rədd edildiyindən cavabdehin ərizəsi əsasında iddia müddətinin tətbiqindən imtina edilməlidir. Başqa sözlə, iddiaçının tələbi əsaslı olmalıdır ki, bundan sonra iddia müddətinin keçib-keçməməsi məsələsi müzakirə edilsin. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş hal ondan ibarətdir ki, iddia tələbi tam mənada əsassızdır. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir Bağırov X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dairiddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın cavabdeh Mir Bağırov X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar