Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1314/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 980 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 980 manat, dövlət rüsumuna görə 30 manat tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun məzilindən üst mərtəbədə yerləşən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi, 2/10 saylı evin 102 saylı mənzilində yaşayan Cavabdeh tərəfindən onun mənzilinə mütəmadi olaraq çirkab su axıdılır. Belə ki, cavabdeh mülkiyyətində olan mənzili kirayə verərək mənzilinə nəzarət etmir. Dəfələrlə xəbərdar etməsinə baxmayaraq suyun axıdılması müvəqqəti dayansa da, bir müddət sonra yenidən davam etmişdir. 102 saylı mənzildən axan su əvvəl onun mənzilinə daha sonra 96 saylı mənzilə axmış, nəticədə o, 96 saylı mənzilə dəyən ziyanı ödəməli olmuşdur. Bununla bağlı onun müraciəti əsasında Binəqədi rayonu 79 saylı MKİS tərəfindən akt tərtib olunmuş və yuxarı mənzildən onun mənzilinə su axıdılması qeyd olunmuşdur. Dəymiş ziyanın məbləğinin müəyyən olunması məqsədi ilə o, təmir işləri həyata keçirən ustalara müraciət etmiş, ziyanın məbləğinin 980 manat olduğu müəyyən edilmişdir. Ona görə də Cavabdeh maddi ziyana görə 980 manatın və ödədiyi dövlət rüsumuna görə 30 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 11.12.2015-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı evin 99 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıbəyli küçəsi 2/10 saylı evin 102 mənzili Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Binəqədi rayonu 79 saylı MKİS tərəfindən tərtib edilmiş 18.11.2019-cu il tarixli aktdan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı evin 99 saylı mənzilinə baxış keçirilən zaman 102 saylı mənzildən 99 saylı mənzilə su axıdılması nəticəsində mənzilin dəhlizində, hamamında, mətbəxində axıntı izləri olması, hazırda su axmasına dair izlərin quru vəziyyətdə olması müəyyən edilmiş, 102 saylı mənzilin sakini ilə əlaqə saxlanılmış və o, təmir işlrinin aparılmasına razılıq vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.10.2021-ci il tarixli 10/3668 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ev evin 99 saylı mənzilinə yuxarı mərtəbədəki 102 saylı mənzildən suyun sızması, qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyərinin təqribən 1114 manat olması müəyyən olunmuş, 102 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən 99 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı evin 99 saylı mənzilinə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ü.Hacıbəyov küçəsi 2/10 saylı evin 102 saylı mənzilindən su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehə qarşı maddi ziyana görə 980 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh maddi ziyana görə 980 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1010 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1314/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1314/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver