Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-132/2024 11.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinə dəymiş 5460 manat məbləğində maddi ziyanın, 1000 manat usta pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində üst mərtəbədə yerləşən qonşu Cavabdeh məxsus olan kirayə verdiyi mənzilin sanuzel xəttindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək su axıdılmış və nəticədə qeyri-yaşayış sahəsinin – “Nübar” sağlam qida mərkəzinin tavanı, divarları, elektrik xətləri, mebelleri və qapıları yararsız vəziyyətə düşüb. Nəticədə iddiaçıya 5460 manat maddi ziyan dəyib. Bu barədə dəfələrlə cavabdehə məlumat verilsə də, heç bir nəticəsi olmayıb. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici dairəvi küçəsi, 64 nömrəli binanın 1-ci mərtəbəsində 156.3 kv.m ümumi, 12.0 kv.m əsas, 32.3 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 4457 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 80 saylı MKİS-in xx.xx.2022-ci il tarixli Akt əsasən, 80 saylı MKİS-in mühəndisi İbrahimbəyli Murad, sahə nəzarətçisi Qaracayev Qaraca və fəhlə İsgəndərov Xəqani tərəfindən tərtib edilmiş aktda qeyri-yaşayış sahəsinin üst mərtəbədəki 47 saylı mənzildən su axıntısını olduğunu qeyd etmişlər. - Məhkəmə Ekspertizası Mərkəzinin 10/321 saylı, xx.xx.2023-cü il tarixli və 10/6835 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəylərinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan qeyri-yaşayış sahəsinin 2 saylı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materillarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Xarici dairəvi küçəsində yerləşən 64 saylı evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 47 saylı mənzildən su axıdıldığı və nəticədə qeyri-yaşayış sahəsinin 2 saylı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, Xarici Dairəvi küçəsində yerləşən 64 saylı evin 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3326 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, onun üst mərtəbəsində yerləşən cavabdehin mülkiyyətində olan 47 saylı mənzildən su sızması faktı iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı, işin materialları ilə sübuta yetirildiyindən, qeyri-yaşayış sahəsinə vurulmuş ziyan Cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı (qeyri-yaşayış sahəsinə) dəymiş ziyanın həqiqi həcminin onun tələb etdiyi məbləğdə deyil, 3326 (üç min üç yüz iyirmi altı) manat məbləğində olması iş üzrə təyin edilmiş ekspertiza rəylərindən müəyyən edilir və həmin məbləğdə də dəymiş ziyan Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 3326 (üç min üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-132/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-132/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver