Məhkəmə qərarları › İş №2(001)-1322/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1322/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1322/2021 16.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.095,23 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10 mart 2017-ci il tarixə 1.447,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 195,15 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.227,01 ABŞ dolları cərimə olmaqla, cəmi 3.964,85 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 mart 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 29% ödəmək şərti ilə 1.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 10 mart 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 10 mart 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 1.095,23 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10 mart 2017-ci il tarixə 1.447,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 195,15 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.227,01 ABŞ dolları cərimə olmaqla, cəmi 3.964,85 ABŞ dolları təşkil edir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbardarlıq edilməsinə baxmayaraq onlar tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə verilmiş rəy ilə razı deyil. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank (kredit verən) Cavabdeh1 (kredit alan) illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 1.800 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan məqsədli təyinatına görə istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 10 mart 2015-ci il tarixli zəmanət müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən 13 oktyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 oktyabr 2020-ci il tarixinə 1.095,23 ABŞ dolları əsas borc, 1.447,46 ABŞ dolları faiz borcu, 1.227,01 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 195,15 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3.964,85 ABŞ dolları məbləğində borcu vardır; Ləğv prosesində olan İddiaçı ASC-nin borclular Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun qısa zamanda ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi barədə onlara xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1086 saylı, 28 aprel 2021-ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 10 mart 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, cavabdehin 10 mart 2017-ci il tarixə əsas borcu 1.082,03 ABŞ dolları, faiz borcu isə 76,70 ABŞ dollarıdır. Cavabdehin 01 oktyabr 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5% borcu isə 192,51 ABŞ dollarıdır (269,21-76,70). Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir; 24 fevral 2020-ci il tarixli, 61956836 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli, İKM 01 saylı saylı kredit müqaviləsinə əsasən bank sonuncuya illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 1.800 ABŞ dolları məbləğində kredit vermiş, kredit alan isə krediti qəbul edib ondan müqavilə ilə müəyyən olunan şəxsi məqsədlər üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış 10 mart 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən isə cavabdehin 10 mart 2017-ci il tarixə əsas borcu 1.082,03 ABŞ dolları, faiz borcu isə 76,70 ABŞ dollarıdır. Cavabdehin 01 oktyabr 2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5% borcu isə 192,51 ABŞ dolları təşkil edır. Göründüyü kimi, Cavabdeh1 10 mart 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit borcunun məbləği ilə bağlı hesab edir ki, iş üzrə alınmış ekspert rəyi əsas götürülməklə, Cavabdeh1 iddiaçıya olan borcu 1.082,03 ABŞ dolları əsas, 76,7 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 192,51 ABŞ dolları, ümumilikdə 1.351,24 ABŞ dolları məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məhkəmə iddia tələbinin cavabdehlərdən cərimənin tutulması hissəsi ilə bağlı qeyd edir ki, 10 mart 2015-ci il tarixli, İKM 01 nömrəli müqavilənin 4.3-cü bəndində göstərilmişdir ki, borcalan kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə, borcverən gecikdirdiyi hər təqvim gübü üçün ödənilməli olan məbləğin illik _% miqdarında borcalana cərimə tədbiq edir. Göründüyü kimi, cərimənin məbləği (faizi) həmin müqavilədə razılaşdırılmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbininin cavabdeh – zamin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 4.3-cü bəndində qeyd olunmuşdur ki, zaminlik müqaviləsi bütün şərtlərin tam yerinə yetirilməsin sonra qüvvədən düşür. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 17 mart 2017-ci il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyinə görə zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 mart 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1.082,03 ABŞ dolları məbləğində əsas, 76,7 ABŞ dolları məbləğində faiz borcu, 192,51 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 1.351,24 ABŞ dolları məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumunun 11 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatın 53 manatı Cavabdeh1, 92 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. 10 mart 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1.082,03 (bir min səksən iki dollar, üç sent) ABŞ dolları məbləğində əsas, 76,7 (yetmiş altı dollar, yetmiş sent) ABŞ dolları məbləğində faiz borcu, 192,51 (bir yüz doxsan iki dollar, əlli bir sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 1.351,24 (bir min üç yüz əlli bir dollar, iyirmi dörd sent) ABŞ dolları məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 11 (on bir) manatı Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manatın 53 (əlli üç) manatı Cavabdeh1, 92 (doxsan iki) manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar