Məhkəmə qərarları › İş №2(001)-133/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-133/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-133/2021 31.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı QSC-yə qarşı 20971 manatın qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı 20971 manatın qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X6 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı QSC-nin Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə bağladığı 001KK**********01 saylı kredit müqaviləsi əsasında bank cavabdehə aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətində müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 20000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kreditdən 20000 manat əsas borcu qaytarmış və cavabdehin əsas kredit borcu qalmamışdır. Cavabdeh kredit müqaviləsinin 2.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2020-ci il tarixə 899 gün üçün 16865 manat faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2020-ci il tarixə 899 gün üçün hesablanmış cərimə 13723,87 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh İddiaçı QSC ilə xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında xx.xx.2016-cı tarixli müddətli əmanət hesabı müqaviləsi üzrə İddiaçı QSC-də depozit hesabında saxladığı 30000 manat pul məbləğini girov qoymuşdur. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi üzrə 30000 manatı girov ilə yüklü etmişdir. xx.xx.2016-cı il tarixli 001D**********02 saylı girov müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn girovla təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, bank tutmanı girov predmetinə yönəldə bilər. Kredit borcu üzrə geri qaytarılan 16003,80 manat məbləği ilə bağlı qeyd edir ki, həmin məbləğin 10000 manatı Cavabdeh İddiaçı QSC-də olan xx.xx.2018-ci il tarixli müddətli əmanət müqaviləsinin 5.3-cü bəndinə əsasən xx.xx.2019-cu il tarixdə, digər 6000 manat hissəsi isə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hesablanmış kompensasiya məbləği əsasında xx.xx.2019-cu il tarixdə silinmişdir. Cavabdeh tərəfindən təqdim edilən problemli kreditlərin kompensasiyasına dair məlumatlardan görünür ki, cavabdehin Parabank SKB-də olan krediti üzrə hesablanmış 6000 manat məbləğində kompensasiya sözügedən Fərmana əsasən İddiaçı QSC-də olan kredit borcunun əsas hissəsinin silinməsinə yönəlmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən 4335 manat məbləğində digər kompensasiya məbləği Cavabdeh aid deyil, G.Ə.Əliyeva adlı şəxsə hesablanmış vəsaitdir və həmin vəsait hazırki mübahisənin predmeti olmadığından ümumiyyətlə məhkəmə tərəfindən qəbul edilməməlidir. Cavabdehin İddiaçı QSC-də olan depozit hesabında hal-hazırda 26195,05 manat pul vəsaiti vardır. Ona görə də Cavabdeh İddiaçı QSC-nin xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 16865 manat faiz borcu və 13723,87 manat cərimə borcu olmaqla cəmi 30588,87 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına, tutmanın Cavabdeh xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında İddiaçı QSC-nin depozit hesabında saxladığı 30000 manat pul məbləğinə yönəldilməsinə, həmin vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsinə, girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada tutulmasına, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 2016-cı ilin iyun ayında İddiaçı QSC ilə ailəsi və ailəsinə yaxın tanışları ilə birlikdə 2 il müddətinə əmanət müqavilələri bağlanmışdır. Yasamal Rayon Məhkəməsinə İddiaçı QSC ilə bağladıqları əmanət və kredit müqavilələri üzrə bankın onlara qarşı qanunsuz olaraq vurduğu və vuracağı ziyana görə müraciətləri olmuş və məhkəmə tərəfindən qanunu həllini tapmışdır. Belə ki, bank müştəriyə bank məhsulu olaraq banka əmanət yerləşdirməyi və qoyulmuş pulun girov münasibətində kredit xətti açır və qoyulmuş pulun girov münasibətində pulun 80% qədərində pul ayırır. O cümlədən həmin pulun kartdan-karta köçürülməsi üçün onlayn sistemlə, yəni kart köçürülməsi ilə şərait yaradır. Sonradan onlara məlum olmuşdur ki, bu bank oyunudur və yalnız müştərini bankrot, asılı vəziyyətə salmaqla müflisləşdirməklə çirkli pullara nail olur. Buna sübut iş materiallarına ekspertizanın təyin olunması ilə bağlı işə əlavə etdiyi qərardadın surətidir. Belə ki, onların Yasamal Rayon Məhkəməsinin iddianın təmini tədbiri qərardadı üzrə iddiası təmin olunaraq iş yaranmış cərimə və fazilərin yönəldilməməsinə dair xx.xx.2016-cı il tarixli qərardadı onların xeyrinə təmin olunmuş Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası tərəfindən həqiqətən köçürmə faizlərinin 0,2 faizlə köçürülməsi, məbləğlər göstərilmiş və sübuta yetirilmişdir. Əgər Yasamal Rayon Məhkəməsi yaranmış cərimə və faizlərin yönəldilməsinə və hesablanmaması haqda qərardadı xx.xx.2016-cı ildə qəbul olunmuşsa və xx.xx.2016-cı ildə cavabdeh tərəfindən qəbul etdikləri haqda ştamp-möhürlə qeyd olunmuşsa hansı cərimə və kredit borcunun yaranmasından söhbət gedə bilər. Müvafiq qanuna əsasən məhkəmə qətnamə və qərarları müzakirə olunmur. Bankların isə bu oyunları ancaq müştəriləri aldatmaq məqsədi daşıyır. Digər tərəfdən bütün müqavilələr ən xırda hərflərlə qəsdən yazılır ki, müştəri oxuya bilməyib imza etsin. Başqa bir hal isə ondan ibarətdir ki, dövlətin büdcəsi bağlananda inflyasiya dərəcəsi 7-8% qəbul olunduğu sayılırsa (artırmaq ehtimalı da var) bank onlardan 10-12%-ə götürüb müştərilərə 28-36%dən min bir əzablar yaratmaqla faizinə verir. Müştərini bankrota salacaq bir hal isə bağlanmış müqaviləni 24 ay hesablayıb, 23 ayda pozarsa verdiyi faizlər geri qaytarılır. Belə olan halda müştərinin pulu inflyasiyaya getməklə məhkəmədə qalsın. Başqa bir hal kimi vaxtı ilə torpaq sahəsi almaq üçün yerinin yarısını sata bildiyindən qalan hissəsi satılana qədər başqa yeri almaq məqsədi ilə pul xərclənməsin və infilyasiya getməsin deyə pulunu dollarla almışdır. 2016-cı ildən gedən prosesdə dolların qalxacağını ehtimal etməyərək 105 manatdan aldığı 50000 ABŞ dollarını hesabladıqda bu günkü gün bankdan aldığı və alacağı faizlər göstərdiyi fərqi ödəmir. Belə olan halda bank onun həm evsiz, həm də pulsuz qalmasına səbəb olmuşdur. Digər tərəfdən evini satan zaman bu bankdan qabaq başqa bankdan da dollarla kredit götürmüşlər və 10000 ABŞ dollarına görə düşən kompensasiyadan 6000 manat, 5100 ABŞ dollarına görə isə 4335 manat və ümumilikdə isə 10335 manat da ümumiləşdirilmiş sistemə əsasən X11 Palatası tərəfindən göndərilmiş pul da mənimsənilmişdir. Bankın ona borclu olması və bankın qaytarmalı olduğu məbləğlə bağlı iddia ilə məhkəməyə müraciət etməməsinə səbəb xx.xx.2019-cu ildə bank rəhbərinə və digər qurumlara müraciətlərinin cavablanmamasıdır. Bank onun əmanətindən silinmiş pulun qaytarılması ilə bağlı müraciətini hələ də cavablandırılmamışdır. Ümumilikdə bankın ona qanunsuz olaraq məhkəmə qərarlarına məhəl qoymadan sildiyi 10000 manat, cari hesabdan əsassız olaraq sildiyi 636 manat və 10000 manata görə əmanət müqaviləsinin ona verəcəyi faizlərin bu günə qədər ayda 100 manat dayandırılmış vaxtdan olan borcu, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmana əsasən 6000 və 4335 manat kompensasiya bu günə qədər 20971 manat ona geri qaytarılmalıdır. Ona görə də İddiaçı QSC-nin ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı QSC tərəfindən 20971 manatın ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit kartı üzrə kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, bank borcalana aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə 20000 manat məbləğində kredit limiti verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc yarandığı tarixdən onun ödənildiyi tarixədək kredit üzrə illik faiz dərəcəsi ilə kreditdən istifadə üçün faizlər hesablanır. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin və faizin banka ödənilməsinin son tarixi xx.xx.2018-ci il tarixdən gec olmayaraq verilməlidir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən hər gün üçün faiz kredit üzrə illik faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən son ödəmə tarixinədək kredit banka ödənilmədikdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 36% cərimə faizi hesablanır. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müqavilə üzrə öhdəliklərini pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizləri və krediti vaxtından əvvəl ödəməyi borcalandan tələb etmək hüququna malikdir. Kredit müqavilənin 3.2.2-ci bəndinə əsasən borcalan kreditin gecikdirilməsi halında illik 36% cəriməni banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildikdə kredit üçün faiz tutulmur. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlər güzəştli müddət bitdikdən sonra növbəti təqvim ayının 10-cu gününə qədər banka ödənilir. Cavabdeh İddiaçı QSC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı QSC-dən ona plastik kart verilməklə kart üzrə hesablaşmaları aparmaq üçün xüsusi kart hesabı açılmasını xahiş etmiş, xx.xx.2016-cı il tarixdə plastik kartı təhvil almışdır. İddiaçı QSC-nin xx.xx.2016-cı il tarixli kartın açılması üçün sifarişdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə X23 Cards Standard plastik kartı təhvil almışdır. İddiaçı QSC ilə əmanətçi Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müddətli əmanət hesabı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, əmanətçi illik 18% dərəcəsi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 23 ay müddətinə avtomatik bərpa prolonqasiya seçimi əsasında İddiaçı QSC-yə 30000 manat əmanət qoymuşdur. Müddətli əmanət hesabı müqaviləsinin 2.3-cü bəndinə əsasən bank bitmə tarixində əgər əmanətçi tərəfindən avtomatik bərpa prolonqasiya seçimi seçilmiş olarsa, faizi cari hesaba köçürür və müddət avtomatik olaraq eyni müddətə qədər uzadılır, bu halda əmanətə müddətli əmanət üçün bankın qüvvədə olan standard faiz dərəcələri və digər bütün şərtləri tətbiq olunur. Bitmə tarixi qeyri-iş gününə təsadüf edərsə, bitmə tarixi ondan sonra gələn ilk iş günü hesab olunacaq və növbəti müddət üçün başlanğıc tarixi həmin iş günündən hesablanacaq. Müddətli əmanət hesabı müqaviləsinin 5.4-cü bəndinə əsasən əmanətçinin bankda olan istənilən hesabındakı pul vəsaiti özünün və ya üçüncü şəxslərin öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyulduqda və həmin öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti əmanətçinin istənilən hesabından bank bir tərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir. İddiaçı QSC ilə əmanətçi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli əmanət hesabı müqaviləsindən müəyyən olunur ki, əmanətçi illik 12% dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay müddətinə bərpa olunmayan prolonqasiya seçimi əsasında İddiaçı QSC-yə 10000 manat əmanət qoymuşdur. Müddətli əmanət hesabı müqaviləsinin 2.3-cü bəndinə əsasən bank bitmə tarixində əgər əmanətçi tərəfindən bərpa olunmayan prolonqasiya seçimi seçilmiş olarsa, əmanəti və faizi cari hesaba köçürür. Müddətli əmanət hesabı müqaviləsinin 5.4-cü bəndinə əsasən əmanətçinin bankda olan istənilən hesabındakı pul vəsaiti özünün və ya üçüncü şəxslərin öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyulduqda və həmin öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədikdə yaranmış borc məbləğində vəsaiti əmanətçinin istənilən hesabından bank bir tərəfli qaydada öz xeyrinə silmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 281.1.-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 281.2.-ci maddəsinə əsasən əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə isə onun bağlandığı an əmələ gəlir. Girovsaxlayan İddiaçı QSC ilə girovqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001D**********02 saylı girov müqaviləsinin surətindən müəyyən olunur ki, girov qoyan xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-də AZ87ACAB******************** №-li depozit hesabında saxladığı 30000 manatı girov saxlayan qarşısında girov qoymuşdur. Girov müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn girovla təmin edilmiş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, bank tutmanı girov predmetinə yönəldə bilər. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana borc ödənilmədiyi təqdirdə borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Problemli kreditlərin kompensasiyası haqqında xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh Parabank SKB-dən aldığı 10000 ABŞ dolları məbləğində kreditə görə 6000 manat məbləğində kompensasiya hesablanmış və həmin məbləğ Cavabdeh xx.xx.2019-cu il tarixinə İddiaçı QSC-yə olan 19996,20 manat məbləğində kredit borcunun 6000 manat həcmində azaldılmasına yönəldilmiş, nəticədə İddiaçı QSCyə 13996,20 manat borcu qalmışdır. Problemli kreditlərin kompensasiyası haqqında xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Əliyeva Gülnarə Əli qızına Parabank SKB-dən aldığı 5100 ABŞ dolları məbləğində kreditə görə 1275 manat və 5100 ABŞ dolları məbləğində kreditə görə 3060 manat məbləğində kompensasiya hesablanmış və həmin məbləğ Əliyeva Gülnarə Əli qızının xx.xx.2019-cu il tarixinə Unibank KB ASC-yə olan 513,14 manat məbləğində kredit borcunun 108,44 manat həcmində azaldılmasına və İddiaçı QSC-yə olan 20000 manat məbləğində kredit borcunun 4226,56 manat həcmində azaldılmasına yönəldilmişdir. İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli 10873 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borca görə 3996,20 manat, cərimə borcuna görə 13723,87 manat olmaqla cəmi 17720,07 manat borcu vardır. Borcalanın faiz borcu yoxdur. İddiaçı QSC-nin maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə faiz borcuna görə 16865 manat, cərimə borcuna görə 13723,87 manat olmaqla cəmi 30588,87 manat borcu vardır. Borcalanın əsas borcu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4000 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə iş materiallarında olan cari hesabdan çıxarış məlumatlarının şərtlərinə müvafi olaraq Cavabdeh banka olan borcu xx.xx.2018-ci il tarixə əsas borc üzrə 19996,20 manat, faiz borcu üzrə 9530,86 manat müəyyən olunur. Müqavilə müddəti bitdikdən sonra xx.xx.2016cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə 21234,35 manat məbləğində ödəniş olmuş, bu məbləğin 16000 manatı əsas borca, 5234,35 manatı isə faiz borcuna silinmiş, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsinə əsasən cəmi 42234,35 manat mədaxil olmuş, bu məbləğin 5234,35 manatı faiz borcuna, qalan məbləği isə bütövlükdə əsas borca silinmiş, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddəti bitdikdən sonra yəni xx.xx.2019-cu il tarixdə ödənilən 10000 manat məbləğ AZ87ACAB******************** №-li depozit hesabının vəsaiti hesabına silinmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/5728 saylı rəyindən müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 20102,19 manat, faiz borcu 576,61 manat olmaqla ümumilikdə borcu 20678,80 manat müəyyən olunur. Tədqiqat zamanı məhkəmənin xx.xx.2021-ci il tarixdə mərkəzə əlavə sənədlər təqdim olunmuşdur. Həmin əlavə sənədlərlə tanışlıq zamanı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı mövcuddur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, iş mahiyyəti üzrə baxılıb qurtarana kimi İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmasına dair məhkəmə tərəfindən qərardadın qəbul edilməsi göstərilmişdir. Digər qərardadlarda isə yuxarıda göstərilən xüsusatla bağlı heç bir dəyişiklik olmamışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildikdə kredit üçün faiz tutulmur. Yuxarıda qeyd olunan kredit müqaviləsinin 2.4-cü bəndinə görə güzəştli müddət borc yarandığı gündən növbəti təqvim ayının 10-cu gününə qədər olan müddətdir. Ona görə də, hazırki tədqiqatla İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə güzəşt müddəti keçdikdən sonra (40 gün) Cavabdeh hesablanmış faizlərin və cərimələrin dayandırılması müddəti xx.xx.2016-cı il tarixdən sonrakı dövrü əhatə edir. Belə olan halda hazırki tədqiqatla ekspert tərəfindən İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh hesablanmış faizlərin və cərimələrin güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmaqla hesablanması məhkəmə tərəfindən nəzərə alındıqda hesablamalar və cədvəl məlumatlarına əsasən, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə banka olan borcu tam olaraq ödənilməsi müəyyən olunmuş və xx.xx.2020-ci il tarixə əsas və faiz borcu qalmamışdır. İş materiallarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə və xx.xx.2018-ci il tarixdə müddətli əmanət hesabı müqavilələri (depozit müqavilələri) bağlanmışdır. Tədqiqat zamanı İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli müddətli əmanət hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 18% dərəcəsi ilə 23 ay müddətinədək 30000 manat məbləğində pul vəsaitini bank hesabında yerləşdirmişdir. Həmçinin tədqiqat zamanı İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 12% dərəcəsi ilə 18 ay müddətinədək 10000 manat məbləğində pul vəsaitini bank hesabında yerləşdirmişdir. İş materiallarından göründüyü kimi, hər iki müddətli əmanət hesabı müqavilələri üzrə hərəkətlər hesabdan çıxarışda öz təsdiqini tapır. Həmin hesabdan çıxarışlardan göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə və xx.xx.2018-ci il tarixdə bağlanmış müddətli əmanət hesabı müqavilələri üzrə hesablanmış faizlər bank tərəfindən düzgün hesablanmışdır. Həmçinin müddətli əmanət hesabı müqaviləsi üzrə bank tərəfindən tərtib olunmuş hesabdan çıxarışa əsasən Cavabdeh depozit hesabında olan pul vəsaiti borclanın kredit borcu üzrə ödənişlərə yönəldiməsi müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixli əmanət müqaviləsindən xx.xx.2019-cu il tarixdə 10000 manat, xx.xx.2019-cu il tarixdə isə kompensasiya olunmuş məbləğdən isə 11234 manat silinmişdir. Həmçinin iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi Cavabdeh məxsus AZ62ACAB******************** saylı hesaba kartdan-karta köçürmə etməklə 21000 manat mədaxil edilmişdir. Mədaxil edilmiş məbləğə görə komissiya tutulmamış və bununla bağlı müqavilələrin şərtlərində hər hansı bir qeyd göstərilməmişdir. İlkin ekspertiza tədqiqatı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4000 saylı rəyi tərtib edilmişdir. Hazırki rəy ilə xx.xx.2020-ci il tarixli 9/4000 saylı rəy arasındakı fərq onunla izah olunur ki, hazırki rəydə faizlər güzəşt müddəti keçdikdən sonra (40 gün) dayandırılmaqla hesablanmışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9165/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər 1. Cavabdeh № 001KK**********01, 2. X15 № 001KK**********01, 3. X5 № 001KK**********01, 4. X13 № 001KK**********01, 5. X7 № 001KK**********01, 6. X20 № 001KK**********01, 7. Əliyeva Gülnarə Əli qızı № 001KK**********01 kredit xətti müqavilələri üzrə güzəşt müddəti (40 gün) keçdikdən sonra yaranmış faizlərin və cərimələrin hesablanmasının dayandırılması, İddiaçı QSC ilə Cavabdeh, X5, X13, X7, X20, Əliyeva Gülnarə Əli qızı arasında bağlanmış müddətli əmanət müqavilələri, kredit xətti müqavilələri və kartlarından yaranmış cərimə və faizlərin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış AZ87ACAB******************** saylı, X15 arasında bağlanmış AZ26ACAB******************** saylı, X5 arasında bağlanmış AZ70ACAB******************** saylı, X13 arasında bağlanmış AZ91ACAB******************** saylı, X7 arasında bağlanmış AZ32ACAB******************** saylı, X20 arasında bağlanmış AZ53ACAB******************** saylı, Əliyeva Gülnarə Əli qızı arasında bağlanmış AZ75ACAB******************** saylı əmanət, depozit faiz puluna yönəldilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7094/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9165/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından cavabdeh İddiaçı QSC tərəfində verilmiş şikayətə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9165/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı İddiaçı QSC ilə Cavabdeh, X5, X13, X7, X20, Əliyeva Gülnarə Əli qızı arasında bağlanmış müddətli əmanət müqavilələri, kredit xətti müqavilələri və kartlarından yaranmış cərimə və faizlərin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış AZ87ACAB******************** saylı, X15 arasında bağlanmış AZ26ACAB******************** saylı, X5 arasında bağlanmış AZ70ACAB******************** saylı, X13 arasında bağlanmış AZ91ACAB******************** saylı, X7 arasında bağlanmış AZ32ACAB******************** saylı, X20 arasında bağlanmış AZ53ACAB******************** saylı, Əliyeva Gülnarə Əli qızı arasında bağlanmış AZ75ACAB******************** saylı əmanət, depozit faiz puluna yönəldilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsi, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9165/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh, X5, X13, X7, X20, Əliyeva Gülnarə Əli qızı arasında bağlanmış müddətli əmanət müqavilələri, kredit xətti müqavilələri və kartlarından yaranmış cərimə və faizlərin, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış AZ87ACAB******************** saylı, X15 arasında bağlanmış AZ26ACAB******************** saylı, X5 arasında bağlanmış AZ70ACAB******************** saylı, X13 arasında bağlanmış AZ91ACAB******************** saylı, X7 arasında bağlanmış AZ32ACAB******************** saylı, X20 arasında bağlanmış AZ53ACAB******************** saylı, Əliyeva Gülnarə Əli qızı arasında bağlanmış AZ75ACAB******************** saylı əmanət, depozit faiz puluna yönəldilməsinin qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10516/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadından müəyyən olunur ki, cavabdeh İddiaçı QSC-nin şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9165/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-63/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçılar Cavabdeh, X9, X1, X8, X2, Əliyeva Gülnarə Əli qızının, X16 İddiaçı QSC-yə qarşı kartdan karta köçürülmənin 0,2%-də saxlanmasına və bağlanmış müqavilələrdə göstərilmiş 18%-lə depozit faiz pulunun ödənilməsinə dair iddia tələbləri qismən təmin edilərək cavabdeh İddiaçı QSC ilə bağlanmış mövcud müddətli əmanət hesabı müqavilələrinin təminatı altında verilmiş kredit kartından karta köçürülmənin müqavilə bağlanan vaxt mövcud olmuş 0,2%-lə tutulmasını təmin edilməklə xx.xx.2016-cı ildən hazırki vaxta kimi iddiaçılardan artıq tutulmuş məbləğlərinin Cavabdeh, X12, X3, X10, X4, Əliyeva Gülnarə Əli qızına, X19 geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11776/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, cavabdeh İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilərək iddiaçılar Cavabdeh və X16 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-63/2018 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2666/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçılar Cavabdeh, X2 və Əliyeva Gülnarə Əli qızının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11776/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1.-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 296.2.-ci maddəsinə əsasən girov predmetinə tutma aşağıdakı hallarda yalnız məhkəmənin qərarı ilə yönəldilə bilər: 296.2.1. girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda; 296.2.2. girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli əşya olduqda. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən olunmuş vaxtda icra etmədiyindən onun müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə banka 576,61 manat borcu qalmışdır. Məhkəmə Cavabdeh ilk iddia tələblərinə qarşı etirazına münasibət bildirib qeyd edir ki, iddianın təmini tədbiri qəbul edildiyi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə təbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olduğundan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə qəbul edilən yekun məhkəmə aktına əsasən iddia tələbləri təmin edilmədiyindən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.4cü bəndinə əsasən borc yarandığı tarixdən növbəti təqvim ayının 10-cu gününə qədər (güzəştli müddət) kredit borcu banka tam ödənildiyi halda kredit üçün faiz tutulmaması halı müəyyən edildiyindən ilk iddia ərizəsi faiz borcuna görə 576,61 manat tələbinə, tələbin girov predmetinə yönəldilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin tələb olunan borca görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilə şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə borcalandan 5 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən əmanətçi banka hesabında olan pul vəsaitinə tutma yönəlmək səlahiyyəti verdiyindən, araşdırma zamanı bağlanmış müddətli əmanət hesabı müqavilələri üzrə bank tərəfindən faizlərin düzgün hesablanması müəyyən olduğundan, Cavabdeh Parabank SKB-dən aldığı 10000 ABŞ dolları məbləğində kreditə görə hesablanan 6000 manat məbləğində kompensasiya onun borcunun ödənilməsinə yönəldildiyindən, G.Ə.Əliyevaya hesablanan konpensasiyanı Cavabdeh tələb etmək hüququ olmadığından, iddianın təmini tədbiri qəbul edildiyi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə müvəqqəti seçilən prosessual tədbir olduğundan qarşılıqlı iddia tələbləri əsassızdır ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan kredit müqaviləsi üzrə aparılan ödənişləri düzgün hesablamaq vəzifəsi banka aid olduğundan iş üzrə ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilən dövlət rüsumları Cavabdeh, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyəri isə İddiaçı QSC-yə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən faiz borcuna görə 576,61 manat, cəriməyə görə 5 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 611,61 manat İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh olunun İddiaçı QSC-də olan AZ87ACAB******************** №-li depozit hesabında saxladığı girov predmetinə yönəldilərək həmin hesabda olan pul vəsaitindən 611,61 manat İddiaçı QSC-nin xeyrinə tutulsun. İddiaçı QSC-dən ekspertiza tədqiqatının dəyərinə görə 295 manat dövlət nəfinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı QSC-yə qarşı 20971 manatın qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar