Məhkəmə qərarları › İş №2(001)-1330/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1330/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1330/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1841,83 manat əsas borc, 252,04 manat faiz boru və 121,79 manat cərimə borcu olmaqla ümumilikdə 2215,66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” BOKT-dan illik 35 %lə 24 ay müddətinə 1900 manat kredit götürmüşdür. “xxxx” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun gözəşt olunmasına dair 990 №-li xx xxx 2018-ci il tarixli 004 №-li müqaviləyə xx xxxxxx 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxx” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci ilin oktyabr 12-dək Cavabdeh banka xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1841,83 manat əsas borc, 252,04 manat faiz borcu və 121,79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2215,66 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müqavilə üzrə son ödəniş xx xxxx 2020-ci il tarixində edilmiş, 1 manat əsas borcdan, 58 manat faiz borcundan silinmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əvvəllər işləyirdi, lakin pandemiya vaxtında işdən azad edilmişdir. Hal-hazırda Bakı şəhər İcra Hakimiyyətində zibil maşınında işləyir və 430 manat əmək haqqı alır. Yeni qrafik üzrə az məbləğdə ödəniş etməyə hazırdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, “xxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. “xxxx” BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №481-0***- ******* saylı kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank borcalana 24 ay müddətinə, aylıq ödəniş 111,19 manat olmaqla illik 35% dərəcəsi ilə 1900 manat kredit verməyi, borcalan isə krediti və faziləri müqavilə nəzərdə tutulmuş müddətdə və qaydada qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür “xxxx” İKB ASC ilə “xxxx” BOKT arasında imzalanan xx xxx 2018-ci il tarixli, 004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqaviləyə və ona əlavə olunmuş xx.xx.22020018-ci il tarixli, 004 saylı Sazişə əsasən “xxxx” BOKT-un xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı müqavilə üzrə Cavabdeh qarşı olan 1900 manat məbləğindəki tələb hüququ İddiaçı ASC-yə keçmişdir. “xxxx” BOKT QSC tərəfindən Cavabdeh ünvanlanan tələbetmə hüquqlarını ötürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, borcalana xx.xx.2020ci il tarixli, №481-0***-******* saylı kredit müqaviləsi üzrə borcun tələbetmə hüququnun “xxxx” İKB ASC-yə ötürülməsinə dair məlumat verilmiş, borcalan Cavabdeh öz imzası ilə borc hüququnun ötürülməsinə dair müqavilə ilə tanış olduğunu təsdiq etmişdir. İddiaçı ASC tərəfindən verilən maliyyə arayışından götünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, №481-0***-******* say kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə İddiaçı ASC-yə 1841,83 manat əsas, 252,04 manat faiz borcu, 121,79 manat cərimə borcu olmaqla, ümumilikdə 2215,66 manat borcu vardır. İddiaçı ASC tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli ödəmə tapşırığından görünür ki, bank tərəfindən Cavabdeh hesabına 1900 manat ödəniş edilmişdir. İddiaçı” ASC tərəfindən cavabdehə göndərilən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən kredit müqaviləsi üzrə yarana borc məbləğini 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli kassa mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqı ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” BOKT ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə və əlavəsinə əsasən bank borcalana 24 ay müddətinə, aylıq ödəniş 111,19 manat olmaqla illik 35% dərəcəsi ilə 1900 manat kredit verməyi, borcalan isə krediti və faziləri müqavilə nəzərdə tutulmuş müddətdə və qaydada qaytarmağı barədə üzərinə öhdəlik götürmüşdür. “xxxx” İKB ASC (faktor) ilə “xxxx” BOKT (müştəri) arasında imzalanan tələbetmə hüquqlarının güzəşt olunması barədə Müqaviləyə və ona əlavə olunmuş Sazişə əsasən “xxxx” BOKT-un xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı kredit müqaviləsi üzrə Cavabdeh qarşı olan 1900 manat məbləğindəki tələb hüququ “xxxx” İKB ASC-yə keçmişdir. Bununla bağlı bildiriş cavabdehə(borcluya) rəsmi qaydada təqdim edilmişdir. İddiaçı ASC Cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bundan başqa həmin məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 651-ci maddəsinə əsasən Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, kreditora olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi ödəməlidir. İş materiallarında olan maliyyə arayışı ilə də sübut olunur ki, cavabdehin borcu mövcuddur. O cəmi əsas borcdan 58.17 manat, faiz borcundan 176.83 manat ödəniş etmiş, sonuncu ödənişi isə xx.xx.2020-ci ildə olmuşdur. Odur ki, kreditorun dərhal icranı tələb etmək hüququ əsaslıdır. Tələb hazırki halda İddiaçı ASC-yə güzəşt edildiyindən və bununla bağlı borcluya rəsmi qaydada bildiriş verildiyindən borc məbləği faktora, yəni iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tam təmin edilməli, yəni xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı müqavilə üzrə 1841,83 manat əsas, 252,04 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı müqavilə üzrə hesablanmış 121,79 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən cərimə məbləği endirilməli və xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı müqavilə üzrə 10 manat, məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı müqavilə üzrə 1841,83 manat əsas, 252,04 manat məbləğində faiz, 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2103,87 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, №481-0***-******* saylı müqavilə üzrə 1841,83 (bir min səkkiz yüz qırx üç) manat əsas, 252,04 (iki yüz əlli iki manat, 04 qəpik) manat məbləğində faiz, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 2103,87 (iki min yüz üç manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar