Məhkəmə qərarları › İş №2(001)-1331/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1331/2021

27.07.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1331/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) bağlanmış şaxtanın bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən ayaqyolunda olan şaxtanın açılaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12-ci mərtəbədə yaşayan Cavabdeh iki il bundan əvəvl qanunsuz olaraq mənzilində ayaqyolunun arxa hissəsində havalanma üçün nəzərdə tutulmuş şaxtanı bağlayaraq ləğv etmiş, bunun nəticəsində isə iy damdan bayıra ötürülmür. Onun mənzili ilə öz mənzili arasını bağladığından qoxunun çölə çıxmasının qarşısı alınmışdır. Cavabdehə məxsus mənzilin sanitar qovşağından tutmuş, mətbəx və sair qoxular onun mənzilə dolur və nəticədə onun mənzilində bir çox hallarda dözülməz şərait yaranır. Həmçinin, həmin şaxtadan qaz xətti də keçir və qaz sızması nəticəsində partlayış baş verməsi təhlükəsi də vardır. Bundan başqa, cavabdeh mənzilində konstruksiya dəyişikliyi etmiş, tualet və hamamın ara divarını sökərək hamam və tualeti birləşdirmişdir. Bunun nəticəsi olaraq şaxtanı bağlamışdır. Hər bir elementin konstruktiv məna kəsb etdiyi bu mənzillərdə edilən hər hansı bir dəyişiklik faktiki olaraq bütün binanın qəzalı vəziyyətinə düşməsinə səbəb olur. Qeyd olunmalıdır ki, cavabdehə keçən ildən bu vaxta qədər dəfələrlə şifahi xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Bu barədə 79 saylı Mənzil İstismar İdarəsinə həm keçən il həmdə bu ilin avqust ayının 4-də yazılı müraciət etmiş, Mənzil İstismar İdarəsinin mühəndisi Fərrux Sadıxlı usta ilə birlikdə mənzilə baxış keçirmiş və məlum olmuşdur ki, qoxuların çıxması üçün şaxtaya əlavə boru qoyulmalıdır. Lakin cavabdeh bu günə qədər müxtəlif bəhanələr -bu həftə düzəldirik, usta gözləyirik-gətirərik həll edərik, lakin heç bir tədbir görməmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində onun hüquqları çox ciddi şəkildə pozulur və şəxsi mənzilində rahat yaşaya bilmir. O, mənzil istismar idarəsinin mühəndisi ilə birlikdə cavabdehə yazılı xəbərdalığa imza etməsi üçün getmiş, cavabdehin həyat yoldaşı Xudaverdiyevə Pərvanə isə onları təhqir edərək qovmuşdur. Onun hicabda olduğunu əsas götürərək onu təhqir etmişdir. Artıq iki ildir ki, bu dözülməz vəziyyət davam edir və belə yaşamaq mümkün deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspertiza rəyi ilə razıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Azemis” X1 əldə edilmiş məlumatlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 207, mənzil 9 iddiaçının, mənzil 12 isə cavabdehin mülkiyyətindədir. 79 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi H.Həsənov və mühəndisi F.Sadıxlı tərəfindən tərtib edilmiş aktdan görünür ki, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi, 9 saylı mənzilin sahibinin şikayəti əsasında 9 və yuxarıda yerləşən 12 saylı mənzilə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, 12 saylı mənzildə ayaqyolunun arxasında yerləşən şaxta ləğv olunmuş, nəticə də aşağı mərtəbədən gələn il iy damdan çölə ötürülmür və iy 9 saylı mənzilə verir. Tərəflərindən 12 saylı mənzilinin sahibinə xəbərdarlıq edilmişdir. O, bərpa etməyə söz versə də, bu günə kimi şaxtanı bərpa etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2021-ci il tarixli, 10/806 nömrəli rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 207, 12 saylı mənzildə binanın havalandırma boşluğunda (şaxtada) dəyişikliklər edilərək, hamam-ayaqyolu tikilisi birləşdirilərək genişləndirilmiş və nəticədə, binanın havalandırma xəttinin bir hissəsinin bağlanması səbəbindən iddiaçının mülkiyyətində olan mənzilə kənar qoxuların daxil olması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən belə dəyişikliklərin edilməsi iddiaçının mülkiyyətində olan mənzilə hər hansı formada təhlükə yaradıb-yaratmaması məsələsi texniki-tikinti ekspertinin səlahiyyətlərindən kənar olduğundan ikici sualın üçüncü hissəsi üzrə tədqiqt aparılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 19 noyabr 2020-ci il tarixli mədaxil qəbzindən görününr ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun birinci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir; 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır; 29.1-ci maddəsinə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi, ev 207, mənzil 9 iddiaçının, mənzil 12 isə cavabdehin mülkiyyətindədir. Cavabdeh özünə məxsus mənzildə binanın havalandırma boşluğunda (şaxtada) dəyişikliklər edərək, hamam-ayaqyolu tikilisini birləşdirilərək genişləndirmiş və nəticədə, binanın havalandırma xəttinin bir hissəsinin bağlanması səbəbindən iddiaçının mülkiyyətində olan mənzilə kənar qoxuların daxil olmasına şərait yaratmışdır. Göründüyü kimi cavabdehin hərəkəti nəticəsində iddiaçının mənzilindən dinc istifadə etmək hüququ pozulmuş, iddiaçının qanuni mənafeyinə xələl gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1-də binanın havalandırma boşluğu (şaxta) açılaraq bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, habelə cavabdehdən 100 manat məbləğində keçirilmiş ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1-də binanın havalandırma boşluğu (şaxta) açılaraq bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar