Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1365/2023 02.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Xocəsən bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir etdirdiyi xəttin dəyəri olan 600 manat məbləğində pul vəsaitinin cavabehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanının sahibidir. Evinin qonşuluğundan boş torpaq sahəsi var. Həmin torpaq sahəsini idarə edən Rafiq adlı şəxs sahədən kənara çıxaraq, ona məxsus olan kanalizasiya xəttini 2 dəfə sındırıb. Birinci dəfə sındırıldıqda xərci a olduğundan özü təmir etdirmiş və xəbərdarlıq etmişdir ki, növbəti dəfə dəyən zərəri özü qarşılayacaq. Lakin o, təmir etdirdiyi kanalizasiya xəttinin üstünü açaraq, xəttə zərər dəyməsizə səbəb olmuşdur. Xətti ikinci dəfə 600 mant xərc çəkməklə təmir etmiş və üstünü bağlamışdır. Cavabdeh xəttin üstünü açaraq yenə ona xələl yetirmişdir. Həmin şəxs birgəyaşayış qaydalarına riayət etmir. Bu davranışa bütün qonşular, Binəqədir rayonu Xocəsən bələdiyyəsi, xocəəsn İcra Nümayəndəliyi və 40-cı Polis Bölməsi şahiddir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, evinin qonşuluğunda boş həyətyanı sahə var. Həmin sahənin sahibliyini iddia edən cavabdeh sahədən kənara çıxaraq ona məxsus olan kanalizasiya xəttini iki dəfə sındırıb. Həmin kanalizasiya xəttini müvafiq qurumlardan icazə alaraq, qonşularla birgə çəkmişlər. Birinci dəfə 2022-ci ilin yay aylarında cavabdehin Balakən rayonundan olan ustası onun evinə gələrək xətti bilməyərəkdən sındırdığını bildirmiş və cavabdeh özü xətti təmir etdirmişdir. Daha sonra cavabdeh kanalizasiya xəttinin üstünü yenidən açaraq kanalizasiya xəttinə zərər dəyməsinə səbəb olmuş və nəticədə xətt ikinci dəfə qırılmışdır. Zərər ən çox ona dəydiyindən ikinci dəfə 600 manat xərc çəkib, xətti təmir etdimiş və xəttin üzərin bağlatdırmışdır. Cavabdeh yenə həmin xəttin üstünü bilərəkdən açmış və xəttə zərər dəyməsinə şərait yaratmışdır. Cavabdeh hasarını üç daş tikdirmişdi, lakin hasarı əyri olduğundan sökdürdü, elə həmin zaman kanalizasiya xəttini qırmışdır. Bunun nəticəsində onun evinin divarı nəm olur. Cavabdeh birgə yaşayış qaydalarına riayət etmir. Onun bu cür davranışına bütün qonşular, eləcə də Binəqədi rayon Xocəsən Bələdiyyəsi, Xocəsən İcra Nümayəndəliyi və 40-cı Polis Bölməsi şahiddir. O, qonşularla birlikdə Xocəsən qəsəbə nümayəndəsinə və Xocəsən Bələdiyyəsinə cavabdehin hərəkətləri barədə şikayət ərizələri ünvanlamışlar. Müraciətlərinə cavab olaraq hər iki qurumun əməkdaşları əraziyə baxış keçirmişlər və cavabdehin ona məxsus torpaq sahəsinin hüdudlarından kənara çıxaraq, kanalizasiya xəttinə zərər vurduğunu bildirmişlər və şikayətlə əlaqədar məhkəməyə müraciət tövsiyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh kanalizasiya xəttinin o, Xocəsən qəsəbə İƏD üzrə nümayəndəliyinə və Xocəsən bələdiyyəsinə müraciət etməmişdən təxminən 1 ay əvvəl qırılmasına şərait yaratmışdır. Rafiqin kanalizasiya xəttini qırdığını görməsə də, ehtimal edirəm ki, o, iş gördüyü zaman xətti qırmışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsi əsassızdır. İddiaçının ona qarşı olan iddia ərizəsi şər və böhtan xarakterlidir. Belə ki, o, iddiaçıya məxsus heç bir kanalizasiya xəttini qırmamışdır. Qeyd edilən yeri 2020-ci il Vətən müharibəsindən əvvəl qazmış və heç bir kanalizasiya xəttini qırmamış, zədələməmişdir. İddiaçının iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi ondan məhkəmə yolu ilə, şər böhtan atmaqla, qisas almasıdır. İddiaçının özü Sulutəpə qəsəbəsində qanunsuz tikilidə yaşayır. Onu döyərək xəsarət yetirdiyi üçün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilmişdir. Bundan başqa iddiaçının ondan tələb etdiyi ziyanla bağlı ekspert rəyi yoxdur. İddiaçının mübahisləndirdiyi ərazi isə onun şəxsi mülkiyyətindədir.
8. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı etirazında məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddiaçıya məxsus heç bir kanalizasiya xəttini qırmamış, sındırmamış ona hər hansı maddi ziyan vurmamışdır. Məcidin məhkəmədə ona qarşı belə əsassız iddia qaldırmaqda məqsədi ondan məhkəmə yolu ilə qisas almaqdır. Hazırda Məcid özü qanunsuz tikilidə yaşayır. İddiaçı onu döydüyündən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə döymə maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. Cərimə edildikdən sonra bunun qisasını almaq üçün məhkəmədə belə bir iddia qaldırmışdır.
10. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Xocəsən Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı və başqalarına ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Rafiq adlı şəxs ona məxsus torpaq sahəsinin hüdudlarından kənara çıxaraq, kanalizasiya xəttinə zərər vurmuşdur. Vətəndaşla əlaqə saxlamaq və məsələ barəsində danışıq aparmaq mümkün olmamışdır. Cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Eyni məzmunlu cavab xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən də verilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı ünvan 1 ünvanında yaşayır, cavabdeh isə onun qonşuluğunda yerləşən torpaq sahəsində tikinti aparır. İddiaçının yaşadığı torpaq sahəsinin sərhəddi ilə cavabdehin hasar inşa etdiyi torpaq sahəsinin arasından yol keçir. İddiaçı özü üçün kanalizasiya xətti çəkmiş və həmin xətt qeyd edilən yolun və cavabdehin hasar inşa etdiyi torpaq sahəsinin altından keçməklə mərkəzi xəttə qoşmuşdur. Hər iki tərəfin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi yoxdur.
13. İddiaçı daha sonra izahatları ilə dəqiqləşdirdiyi tələbində iddia edir ki, cavabdeh özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində hasar çəkərkən qazıntı işləri aparmış və hasarın bünövrəsini həmin xəttin keçdiyi hissəyə salmışdır. Nəticədə kanalizasiya xəttinin üstü açıq qalmış və yoldan keçən avtomobillərin xətti zədələməsinə şərait yaratmışdır. Necə ki, o ehtimal edir ki, cavabdehə tikinti materialları gətirən yük maşını həmin yolda döngə edərkən kanalizasiya xəttini qırmışdır. Eyni zamanda buna qədər də onun(cavabdehin) torpaq sahəsində tikinti aparan fəhlə də qazıntı apararkən kanalizasiya xəttini qırmış və sonra düzəltmişdir.
14. Bu barədə cavabdehlə aralarında dəfələrlə söhbət olmuş və hətta mübahisələri iddiaçının inzibati məsuliyyətə cəlb edilməsi ilə nəticələnmişdir. Bundan əlavə iddiaçı müvafiq qurumlara şikayət etdiyini, lakin cavabdehin xarakterinə görə heç kimin tədbir görmədiyini və qurumların yalnız məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etdiyini bildirmişdir.
15. Cavabdeh isə iddiaya etiraz etmiş və iddiaçının kanalizasiya xəttini qırmadığını bildirmişdir. Cavabdeh Xocəsən Bələdiyyəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin məktublarını əsassız hesab edir. Belə ki, cavabdeh bildirir ki, o, özünə məxsus olduğunu idda etdiyi torpaq sahəsində 2020ci ildə qazıntı aparmasına baxmayaraq qeyd edilən qurumların 2022-ci ildə məktub yazmaları absurddur. Çünki həmin məktubda ona qarşı ittiham irəli sürülmüş və kanalizasiya xəttinə onun zərər vurduğu göstərilmişdir. İddiaçı bu məqamda cavabdehin dediklərini təqzib etməmiş, əraziyə baxış keçirilərkən cavabdehin orda olmadığını təsdiq etmişdir. Bundan başqa cavabdeh iddiaçının dəlillərini ona görə məntiqsiz heab etmişdir ki, onun hansı marağı ola bilər ki, kanalizasiya tullantılarının keçdiyi xətti qırsın və çirkab sularının öz torpaq sahəsinə axmasına şərait yaratsın. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının tələbinin əsasını mülki hüquqi pozuntusuna görə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir.
17. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
19. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
20. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
21. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
22. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
23. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
24. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
25. Halbuki iddiaçı ona zərər dəydiyini təqdim etdiyi fotoşəkillərlə qismən sübut etsə də, zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi Bələdiyyənin və İcra Nümayəndəliyinin məktubları şəxsin təqsirini, şəxsin əmələ aidiyyətini sübut etmir. Hansı ki, həmin qurumların əlində kifayət qədər məlumat, sübut olmadan hadisə barədə qənaət formalaşdırması anlaşılan olmamışdır. Üstəlik həmin qurumların tikintidə nöqsanlar, qanun pozuntusu(torpaq sahəsinin sərhədlərindən kənarda tikinti aparıldıqda, zəruri yol mənimsənildikdə və.s) müəyyən etdiyi halda müvafiq tədbirlər görmək, müvafiq qurumlara məlumat vermək vəzifələri olmuşdur. Belə ki, həmin torpaq sahəsinin xüsusi mülkiyyətdə olmadığı nəzərə alındıqda, ya bələdiyyəyə, ya dövlətə məxsus torpaq sahəsi olduğu aşkardır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən halları sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.
33. Eyni zamanda iddia tələbi əsassız olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev