Məhkəmə qərarları › İş №2(001)-1368/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1368/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1368/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulan 04 dekabr 2009-cu il təvəllüdlü X3 və 04 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində tutulmuş alimentin məbləğinin artırılaraq, hər uşaq üçün hər ay 220 manat olmaqla, 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 oktyabr 2003-cü ildə 267 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 04 dekabr 2009-cu il təvəllüdlü X6 və 04 iyul 2013-cü il təvəllüdlü X8 doğulmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(001)-6655\2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, övladları onun yanında saxlanılmışlar və hər ay hər uşaq üçün 175 manat aliment tutulmuşdur. Hazırda övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, cavabdehin maddi imkanı kifayət qədər yaxşıdır. Hətta Naxçıvanda torpaq satib, özünə 2 otaqlı ev belə almış, kirayə vermişdir. Cavabdehin uşaqları ilə görüşməsinə mane olmur. İstədiyi vaxt uşaqlarını görə bilər. Uşaqlardan biri 4-cü, digəri 7-ci sinifdə oxuyur. Müxtəlif fənnlərdən hazırlığa gedirlər. Hazırda atasıgilin evində yaşayır. Cavabdehin həmçinin keçirilmiş mediasiya sessiyasından xəbəri olmuşdur.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Cavabdeh məhkəməyə ünvanladığı 04 fevral 2023-cü il tarixli ərizəsində (etirazında) iddia tələbinə öz münasibətini bildirmiş və aliment məbləğinin artırılmamasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi ilə razılaşmır, iddia tam əsassızdır. Onun sosial vəziyyəti orta səviyyədən də, aşağıdır. Aldığı əmək haqqının 52 % -ni aliment ödənişinə sərf edir. Artıq əmək haqqı almış olsaydı, uşaqlarının ehtiyaclarının yaxşı səviyyədə qarşılanmasını istəyərdi. Amma əmək haqqının az olması buna imkan vermir. Əmək haqqından qalan 48 % pul vəsaiti ilə Naxçıvan MR-da sıxıntı ilə dolanır. Öz sosial tələbatlarını ödəyə bilmir. Nəzərə alınsa ki, o yenidən ailə qurmaq istəyir, lakin bunun üçün belə maddi imkanı yoxdur. Əlavə olaraq bildirir ki, boşanmasına dair məhkəmə qətnaməsində uşaqları ilə ünsiyyət qaydasını nəzərdə tutan bənd yoxdur. Halbuki, alimenti ödəməsinə baxmayaraq, iddiaçı uşaqlarını ondan uzaqlaşdırır. Bundan başqa səhhətində olan problemləri belə əmək haqqının az olması səbəbindən həll edə bilmir. (xəstəlikləri:hər iki ayağında xroniki varikoz damar genişlənməsi, xroniki venoz çatışmazlığı, xroniki dəri xəstəliyi vardır.) Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 409998 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 mart 2022-ci il tarixində 115 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 6655/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X5 ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2003-cü il tarixli, 267 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulan doğulan 04 dekabr 2009-cu il təvəllüdlü X3 və 04 iyul 2013-cü il təvəllüdlü X4 X1 yanında saxlanılması, 04 dekabr 2009-cu il təvəllüdlü X3 və 04 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

9. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilən 06 fevral 2023-cü il tarixli, 10/178 saylı arayışdan görünür ki, Bünyatov X7 Muxtar Respublikası Təhsil Nazirliyi aparatında böyük mütəxəssis-təsərrüfat müdiri vəzifəsində işləyir, əmək haqqı vergi tutulmalarından sonra 678,31 manatdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Cavabdeh ilə X5 arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6655/2021 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından doğulan uşaqların- 04 dekabr 2009-cu il təvəllüdlü X3 və 04 iyul 2013-cü il təvəllüdlü X4 analarının yanında saxlanılması və onlar üçün X2 ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

11. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6655/2021 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

12. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

13. Cavabdeh isə iddiaya etirazında göstərir ki, maddi imkanının olmaması və aldığı əmək haqqı məbləğinə görə artırılacaq aliment məbləğini ödəmək, onun maddi cəhətdən sıxıntıya düşməsinə səbəb olacaq. Cavabdeh faktiki olaraq vergi tutulmalarından sonra 678,31 manat əmək haqqı alır.

14. Azemis elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumata əsasən cavabdehin əmək haqqısının məbləği 818 manatdır və o, Naxçıvan MR Təhsil Nazirliyində təsərrüfat müdiri vəzifəsində işləyir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

17. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

24. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2021-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir.

25. Cavabdeh əmək haqqının az olması səbəbindən artırılacaq məbləğlə razılaşmasa da, nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, icra haqqında qanunvericiliyə əsasən alimentin tutulması barədə icra sənədi üzrə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən 70 faizədək tutulmaların aparılmasını mümkündür. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qeyd etdiyi xəstəliklərin onun əmək qabiliyyətini məhdudlaşdırmadığı mübahisə doğurmur. Belə ki, cavabdeh Naxçıvan MR Təhsil Nazirliyində təsərrüfat müdiri vəzifəsində çalışır.

26. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

27. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

28. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

29. Odur ki, Cavabdeh 11 yanvar 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

30. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddianın qiyməti 90 x 12=1080) 1000 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 30.8 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

37. 8.1.1-ci maddəsinə əsasən 8.1.2 iddia qiyməti 1.000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.

38. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6655/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 04 dekabr 2009-cu il təvəllüdlü X3 və 04 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

40. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiyməti məbləğinə mütənasib olaraq, yəni 30.8 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

41. İddiaçının ödədiyi 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-6655/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 04 dekabr 2009-cu il təvəllüdlü X3 və 04 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30.8 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar