Məhkəmə qərarları › İş №2(001)-1379/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1379/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1379/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1267,18 manat, faiz borcu üzrə 32 manat, cəmi 1299,18 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 32,99 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X5 Edilməsi Agentliyi" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-122 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir."xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 274/13 saylı "Vakala" Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 2947 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan "Kirby" firmasının istehsalı olan "Sentria" modelli ********** seriya No li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 2947 (iki min doqquz yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. (2.4.bənd) "Borcalan" bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Hamin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətininaxımı "Borcalan"ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) "Borcalan"a verilən borc vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan Borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 1267,18 manat, faiz borcu üzrə 32 manat, cəmi 1299,18 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bundan başqa borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə olduğumuz maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edirik ki, "xxxx" QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştiak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 2019-cu ildə cavabdehə qarşı əsas və faiz borcunun qaytarılması ilə bağlı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər və məhkəmənin 2(002)- 3031/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə müvafiq fərmanın tətbiq olunmaması ilə bağlı (pretenziya qaydasına əməl olunmaması) iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə cavabdehə bildiriş göndərsələr də, cavabdeh onlara müraciət etməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə bildiriş göndərsələr və şifahi müraciətlər etsələr də o, borcu ödəməmişdir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə qeyd etmək istəyir ki, ərizə əsassızdır, iddia müddəti ötürülməmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətamə qəbul edilməsini xahiş edir.

6. Cavabdeh 10 mart 2022-ci il tarixində məhkəmə iclasında, 31 mart 2022-ci il tarixində isə elektron qaydada iddia müddətini tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Kirbi şirkətindən kreditə tozsovuran maşın almış və həmin krediti Azərbaycan Beynəlxalq Bankı" ASC-də rəsmiləşdirilmişdir. İlkin ödəniş olaraq 100 manat ödədikdən sonra tozsovuran aparatı evində ona təhvil verildi. 2 ay 100 manat ödəniş etdikdən sonra ona verilən mal lazımı keyfiyyətə olmadığından satıcıya geri qaytarmışdır. Və bu barədə malı satan Kirbi şirkəti ilə aralarında qüsurlu çıxan malın malın təhfil təslim aktı əsasında geri qaytarılması barədə akt tərtib edildi və aktın surətləri tərəflərə təqdim edildi. Bundan sonra həmin kreditlə bağlı onu narahat edən olmamışdır. 2018-ci ildə "xxxx" ASC-yə kredit üçün müraciət etdikdə ona bəlli oldu ki, xx.xx.2013-cü il tarixdə Kirbi şirkətindən kreditə tozsovuran maşın almış və "xxxx" ASC-dərəsmiləşdirilən kredit bağlanmamış qalmışdır. Bundan sonra mən və "xxxx" ASC-yə gedərək hüquq deportamentinin hüquqşunası ilə görüşmüşdür. Məsələyə aydınlıq gətirməsini tələb etmişdi. Bildirildi ki, malı şirkətə təhvil vermişsə, bu barədə şirkət onlara məlumat verməli idi. Ona görədə bu məsələni araşdırıb məlumat veriləcək. Ondan sonra bir neçə dəfə də maraqlansa da heç bir nəticəsi olmadı və həmin pulu ondan tələb edəndə olmadı. Bundan başqa iddiaçı "xxxx" QSC Bank olmayan Kredit təşkilatının iddia ərizəsində göstərmiş olduğu hallar reallığı əks etdirmiş olsa belə onun məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki işin materiallarından da aydın görünür ki, xx.xx.2013-cü il tarixdə bağlanan Müqavilə 24 ay müddətinə yəni xx.xx.2015-ci il tarixədək qüvvədə olmuşdur. 2015-2022-ci illər ərzində əgər iddiaçı tərəf haqlıydısa pulu ondan məhkəmə qaydasında tələb edərdi. İddiaçı ötürülmüş müddəti Azərbaycan Respublikasının Prezidenti X7 xx.xx.2019-cü il tarixli "Fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar güya prosesual müddət ötürülməsi nəzərə alınmamalıdır. Birincisi sözü gedən fərman 2019-cu ili əhatə etdiyindən zatən fərman verilən zaman iddia müddəti ötürülmüşdür (xx.xx.2015-xx.xx.2018-3. illik iddia müddəti) ikinci hal ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 S saylı Sərəncamın icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-122 saylı 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən AqrarKredit QSC-yə verilmişdir. Belə olan halda iddiaçının xx.xx.2018-ci il tarixdən iddia müddətinin son tarixi xx.xx.2018-ci il tarixədək 6 ay müddəti var idi iddiaçı bu imkandanda istifadə etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə borcalan Cavabdeh arasında imzalanmış 07 oktyabr 2013-cü il tarixli, 274/13 saylı “Vakala” borc müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank “Kirby” markalı, “Sentria” modelli ********** seriya nömrəli avadanlığın alınması məqsədi ilə Cavabdeh 07 noyabr 2013-cü il tarixindən 07 oktyabr 2015-ci il tarixinə qədər illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 2947 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

9. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilən hesabdan çıxarış və məxaric orderindən görünür ki, Cavabdeh 2947 manat məbləğində kredit verilmişdir.

10. X5 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 09 oktyabr 2018-ci il tarixli 2714 saylı, xx.xx.2021-ci il tarixli, 5378 saylı bildirişlərdən görünür ki, cavabdehə tələbin güzəşt edilməsi barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

11. “X8” MMC-nin direktoru Vüsal Əliyev ilə Cavabdeh arasında bağlanan müqavilənin ləğv edilməsi haqqında 08 dekabr 2013-cü il tarixli razılaşmadan görünür ki, tərəflər arasında 22 sentyabr 2013-cü il tarixində “Kirby” markalı, “Sentria” modelli ********** seriya nömrəli yuyucu maşın və onun tərkib hissələrinin satılması barədə alğısatqı müqaviləsi bağlanılmışdır. Hazırda alıcı əmlakı və onun avadanlıqlarını işlək vəziyyətdə satıcıya qaytarır, satıcı isə əmlakın təhvil alınması barədə akt tərtib edir. Lakin həmin sənədin Cavabdeh tərəfindən imzalanması və “X6” MMC-nin “Kirby” firması ilə hüquqi bağlılığı Razılaşmadan müəyyən edilmir.

12. 08 dekabr 2013-cü il tarixli Əmlakın təhvil-təslim aktından görünür ki, “Kirby” markalı, “Sentria” modelli ********** seriya nömrəli yuyucu maşın və onun tərkib hissələri satıcıya geri qaytarılmışdır. Həmin təhvil-təslim aktı da Cavabdeh tərəfindən imzalanmamışdır.

13. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür.

14. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 17 aprel 2018-ci il tarixli, S-FK-1B-122 saylı akta əsasən borclu Cavabdeh 1299,18 manat borcunun tələb edilməsi hüququ İddiaçı QSC-yə təvil verilmişdir.

15. 29.12.2021-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 32,99 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 17 aprel 2018-ci il tarixli, S-FK-1B-122 saylı akt əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən borclu X1 aid hüquqi sənədlər “Borc alan” Cavabdeh borc məbləği ilə birlikdə "xxxx" ASC tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında imzalanmış 07 oktyabr 2013-cü il tarixli, 274/13 saylı “Vakala” borc müqaviləsinə əsasən avadanlığın alınması məqsədilə ilə borcluya 2947 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmişdir. Cavabdeh öhdəlikləri icra etmədiyinə görə onun banka 1267,18 manat məbləğində əsas borcu yaranmışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə iddianın verilməsi üçün 32,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, yuyucu maşının alınması məqsədilə verilmiş kredit müqaviləsinə həmin əşyanın satıcıya qaytarılmasına görə xitam verilmişdir. Bununla bağlı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılaşmaya, nisyə satılmış əşyanın geri qaytarılması barədə təhvil təslim aktı istinad etmişdir. İddiaçı cavabdehin etirazının dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, bankın cavabdehlə satıcı arasında olan münasibətlərə aidiyyəti yoxdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

19. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

20. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

21. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

22. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.

26. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

27. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

28. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

29. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

30. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

34. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

36. Sadalanan normaların mübahisənin müəyyən edilmiş hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh həmin krediti “Kirby” firmasının istehsalı olan məişət əşyasını əldə etmək üçün istifadə etmişdir. Kredit müqaviləsinin 2.2ci bəndində borc alanın pul vəsaitini aldıqdan sonra məişət əşyasını dərhal almaq barədə götürdüyü öhdəlik isə, həmin kredit müqaviləsinin üçtərəfli müqavilə olmadığını təsdiq edir. Qeyd olunan şərt kreditin təyinatı baxımından əhəmiyyət kəsb etməklə, alıcı ilə satıcı arasında alqı-satqı müqaviləsindən yaranan münasibətləri tənzimləmir.

37. Buna baxmayaraq borc alan alqı-satqı müqaviləsi ləğv edildikdə kredit müqaviləsinin də ləğv edilməli olması ehtimalından çıxış edərək bank qarşısında yaranmış öhdəliyin icrasından yayınmışdır. Halbuki kredit müqaviləsi nisyə-alqı satqı müqaviləsi olmamaqla, fərqli hüquqi nəticələr yaradır.

38. Hər bir halda borc alan alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı razılaşmış olsalar belə, bu kreditorun tələb hüququnu istisna etmir. Lakin nəzərə alınmalıdır ki, alıcı alqı-satqı müqaviləsi ilə bağlı bankdan götürdüyü kreditə artıq lüzum qalmadığını hesab edirdisə, o, krediti və müvafiq faizləri qaytarmaqla müqavilənin vaxtından əvvəl icrası qaydalarına uyğun hərəkət etməli idi.

39. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını cavabdehdən tələb etməkdə haqlıdır.

40. Buna baxmayaraq iddiaçı iddia verərkən iddia müddətini ötürmüşdür.

41. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).

43. Məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcu tələb etmək üçün subyektiv hüququ olsa da, 07 oktyabr 2013-cü il tarixli 274/13 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti xx.xx.2015-ci il tarixində bitmişdir. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra, yəni 13 yanvar 2022-ci il tarixdə irəli sürmüşdür. İddiaçının nümayəndəsi qeyd edilən kredit müqaviləsi üzrə borcun qaytarılması üçün 2019-cu ildə Qaradağ Rayon Məhkəməsində iddia qaldırıldığını, lakin Qaradağ Rayon Məhkəməsinin 2(002)-3031/2019 saylı qərardadı ilə iddia ərizəsinin geri qaytarıldığını, nəticədə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın təsir dairəsinə düşməsi səbəbindən iddia müddətinin ötrülmədiyini iddia edir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddia müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. Belə olan halda iddiaçı tərəf 2019-cu il tarixində iddia ərizəsi ilə məhkəməyə müaciət etmiş olsa belə, həmin tarixdə artıq iddia müddətini ötürmüş hesab edilir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia müddətinin üzürlü səbəbdən buraxılması və iddia müddətinin axımının kəsilməsi iş materialları ilə müəyyən edilmir. Tətbiq edilən prosessual normalar:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

48. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası, iddia müddəti tədbiq edilərək rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" BOKT Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar