Məhkəmə qərarları › İş №2(001)-1397/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1397/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1397/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olmuş xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində tutulan aliment məbləğinin artırılması və Cavabdeh hər ay hər uşaq üçün 193 manat, cəmi 579 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, uşaqların artan tələbatı qarşısında Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği onların ehtiyaclarının ödənilməsi üçün yetərli deyil. Həmçinin, bu qətnamədən sonra, yəni 2022-ci ildə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmışdır. Bütün bunlar həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını zəruri edir. Cavabdeh də iddia üzrə tələb edilən məbləğdə aliment ödəmək üçün maddi imkana malikdir. Belə ki, Şəki Rayon Məhkəməsi tərəfindən onunla cavabdeh arasında yaranmış uşaq mübahisəsinə baxılan zaman cavabdeh Bakı şəhərində lazer-operator vəzifəsində işlədiyini və uşaqların saxlanılması üçün kifayət qədər gəlir əldə etdiyini bildirmişdir. O isə hazırda rəsmi olaraq heç bir yerdə işləmir, uşaqların təkbaşına maddi cəhətdən təmin edilməsində çətinlik çəkir. Uşaqlar cavabdehin yanında qalsa idi o, hər ay hər uşağın saxlanılması üçün 150-160 manat sabit pul məbləğində aliment ödəyərdi. Lakin cavabdehin iddia üzrə tələb edilən məbləğdə alimentin ödənilməsi üçün maddi imkanının olmasına baxmayaraq, bu məbləği ödəmək istəmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və tərəfindən verilmiş iddiaya etirazı müdafiə edərək, bildirmişdir ki, məhkəmə qətnaməsi ilə tutulan aliment məbləğini çətinliklə ödəyir. Həmin aliment məbləğinin tutulduğu vaxtdan da onun maddi imkanında hər hansı dəyişiklik olmamışdır. Belə ki, o, yenə də rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmur. Özünü dolandırmaq üçün qeyri rəsmi şəkildə və fərdi qaydada göstərdiyi fəaliyyət nəticəsində ayda yalnız 300 manat gəlir əldə edir. Həmin pulun da 195 manat hissəsini uşaqların saxlanılması üçün aliment qismində ödəyir. İddiaçı isə uşaqların saxlanılması üçün kifayət qədər gəlirə malikdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2006-cı il tarixdə X9, xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2014-cü il tarixdə X10 doğulmuşdur. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların cavabdehin yanında qalması müəyyən edilmiş və onların saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X9, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X7 və xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X10 iddiaçının himayəsinə verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-850/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 65 manat, cəmi 195 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı bu məbləğin uşaqların saxlanılması üçün kifayət etmədiyini, həmin qətnamədən sonra, yəni 2022-ci ildə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumunun artırıldığını, rəsmi olaraq heç bir yerdə işləmədiyini, uşaqların təkbaşına maddi cəhətdən təmin edilməsində çətinlik çəkdiyini, cavabdehin isə lazeroperator vəzifəsində işlədiyini, iddia üzrə tələb edilən məbləğdə aliment ödəmək üçün maddi imkana malik olduğunu, Şəki Rayon Məhkəməsi tərəfindən onunla cavabdeh arasında yaranmış uşaq mübahisəsinə baxılan zaman cavabdehin uşaqların saxlanılması üçün kifayət qədər gəlir əldə etməsi barədə məhkəməyə məlumat verdiyini bildirir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir, məhkəmə qətnaməsi ilə tutulan aliment məbləğini çətinliklə ödədiyini, həmin aliment məbləğinin tutulduğu vaxtdan onun maddi imkanında hər hansı dəyişikliyin olmadığını, rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmadığını, fərdi qaydada fəaliyyət göstərdiyini və ayda yalnız 300 manat gəlir əldə etdiyini, həmin pulun da 195 manat hissəsini uşaqların saxlanılması üçün aliment qismində ödədiyini, iddiaçının isə uşaqların saxlanılması üçün kifayət qədər gəlirə malik olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X6 publik hüquqi şəxsin 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadən qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış minimumu haqqında” Qanunun Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü ilə bağlı Ailə Məcəlləsinin 1.1-ci, 4-cü və 5-ci maddələrinə istinadən vurğulamışdır ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, ailə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını, habelə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, ilk növbədə qeyd edir ki, hazırki iddia cavabdehdən alimentin tutulmasını müəyyən edən qətnamə çıxarıldığı (xx.xx.2021-ci il) tarixdən cəmi 8 aya yaxın müddət keçdikdən sonra qaldırılmışdır. xx.xx.2021-ci il tarixdən sonra da tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması müəyyən edilməmişdir. İddiaçı cavabdehin iddia üzrə tələb edilən məbləğdə alimenti ödəmək üçün maddi imkana malik olmasını bildirsə də, cavabdehin nəinki tələb edilən məbləğin, ümumiyyətlə tutulan məbləğdən artıq 1 manat pulun ödənilməsi üçün maddi imkana, o cümlədən gəlirə malik olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Bu halların mövcudluğu da iddianın hər hansı hissədə təmin edilməsini istisna edir. Uşaq mübahisəsi ilə bağlı mülki işə baxılan zaman cavabdehin uşaqların saxlanılması üçün kifayət qədər gəlir əldə etdiyini bildirməsi və onun bu fikirlərinin Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qətnaməsində əks olunması da müəyyən edilmiş aliment məbləğinin artırılması üçün əsas ola bilməz. Belə ki, cavabdehdən alimentin tutulması barədə Şəki Rayon Məhkəməsinin qətnaməsi (xx.xx.2021-ci il) məhz bu tarixdən sonra və bütün mövcud olan hallar müəyyən edilməklə, o cümlədən qeyd edilən xx.xx.2020-ci il tarixli qətnamənin preyudisiallığı (məzmunu) nəzərə alınmaqla çıxarılmışdır. Məhkəmə xüsusilə o halı da vurğulayır ki, uşağın bir valideyndə olması digər valideynin uşağın saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin tam şəkildə uşağı saxlayan valideynə ödənilməsini özündə ehtiva etmir. Uşağın saxlanılması vəzifəsini hər iki valideyn daşıdığından uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını, habelə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını valideynlər birlikdə təmin etməlidirlər. Bununla bağlı hər hansı məsələdə (məsələn, hazırki mübahisədə olduğu kimi alimentin ödənilməsi məsələsində) tərəflər arasında razılığ olmadıqda və əmələ gəlmiş mübahisənin məhkəmə tərəfindən həll edilməsinə zərurət yarandıqda, həmçinin tərəflərin hər birinin maddi imkanı nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, uşaqlar məhkəmə qaydasında cavabdehin himayəsinə verildikdən sonra təxminən 3 il ərzində iddiaçı məhkəmə qaydasında uşaqları təvəllüd ardıcıllığı ilə (tək-tək) cavabdehin himayəsindən öz himayəsinə almışdır. Sonuncu, yəni xx.xx.2014-cü il təvəllüdlü X10 məhkəmə qaydasında iddiaçının himayəsinə verilən zaman (xx.xx.2020-ci il) digər iki uşaq artıq iki ildir ki, iddiaçının himayəsində olmuşdur. Lakin say etibarı ilə iddiaçının himayəsində bir uşaq artıq olmasına baxmayaraq, iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən hər hansı məbləğdə aliment tələb etməmişdir. İddiaçının xx.xx.2014-cü il təvəllüdlü X5 himayəsini mübahisələndirdiyi vaxt isə artıq uşaqların hər biri üçün aliment tələb etmək imkanı olmuşdur. Lakin iddiaçı həmin vaxt da bu imkandan istifadə etməmişdir. Bununla da belə qənaətə gəlmək olur ki, iddiaçı bu uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin etmək, o cümlədən onların təminatının tələb olunan səviyyədə saxlanılması üçün kifayət qədər maddi imkana malik olmuşdur. Əks halda, artıq həmin vaxt cavabdehdən aliment tələb etmiş olardı. Digər tərəfdən iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli qətnaməsində əks olunmuş mövqeyinə istinad edir, lakin bu zaman özünün nümayiş etdirdiyi mövqeyə toxunmur. Halbuki, iddiaçı özü də ali təhsilli olduğunu, sahibkarlıq fəaliyyəti ilə topoqraflıqla məşğul olduğunu, bir neçə şirkətdə işlədiyini bildirmiş və bununla da dolayısı ilə uşaqların saxlanılması üçün tələb olunan səviyyədə maddi imkana (gəlirə) malik olduğunu məhkəmənin nəzərinə çatdırmışdır. Hər bir halda, iddiaçı uşaqların himayəsini mübahisələndirərkən onların maddi baxımdan tələb edilən səviyyədə təmin edilməsi üçün öz imkanlarını dəyərləndirmiş və uşaqların tələbatlarını qarşılıya bilməsinə əmin olub bu addımı atmışdır. Başqa sözlə, çətin ki, iddiaçı uşaqların cavabdeh tərəfindən ödənilən aliment hesabına saxlanılmasını düşünərək bu qərara gəlmişdir. Məhkəmə, iddiaçının “Uşaqlar cavabdehin yanında qalsa idi mən hər ay hər uşağın saxlanılması üçün 150-160 manat sabit pul məbləğində aliment ödəyərdim” fikrinə də qiymət verməyi zəruri hesab edir və bununla bağlı qeyd edir ki, belə bir mövqeydən çıxış edən iddiaçı nəticə etibarı ilə hər ay hər uşağın saxlanılması üçün ən azı 150 manat məbləğində vəsait ödəmək imkanına malikdir. Hər bir halda, iddiaçı öz maddi imkanlarını dəyərləndirib bu mövqeydən çıxış edir və hazırda da uşaqların hər birinin saxlanılması üçün mütəmadi olaraq bu məbləği sərf edir və ya zərurət yarandığı halda sərf etmək imkanına malikdir. Belə olan halda, cavabdehin də ödədiyi aliment məbləği ilə birlikdə tərəflərin birgə nikahından olmuş hər uşağın mümkün olan maddi təminatı (150 + 65 = 215 manat) 215 manat təşkil edir ki, bu da uşaqlar üçün 2022-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğindən də artıqdır. Hələ bu baxımdan iddiaçının müəyyən edilmiş aliment məbləğinin artırılması deyil, cavabdehin müəyyən edilmiş aliment məbləğinin azaldılması tələbi daha əsaslı və real görünür. Məhkəmə, iddiaçının cavabdehdən hər ay hər uşaq üçün məhz 193 manat məbləğində alimentin tutulması barədə tələbini ümumiyyətlə ədalətsiz hesab edir. Belə ki, ilk öncə uşaqlar məhkəmə qaydasında cavabdehin himayəsinə verilərkən iddiaçıdan məhkəmə qaydasında hər uşaq üçün hər ay 80 manat məbləğində aliment tutulmuşdur. Lakin hazırda “Uşaqlar cavabdehin yanında qalsa idi mən hər ay hər uşağın saxlanılması üçün 150-160 manat sabit pul məbləğində aliment ödəyərdim” mövqeyindən çıxış edən və cavabdehin hər uşaq üçün məhz yaşayış minimumuna uyğun olan 193 manat sabit pul məbləğində aliment ödəməli olduğunu iddia edən iddiaçı təəssüflər olsun ki, həmin vaxt özünə də eyni qaydada tənqidi yanaşıb bir valideyn kimi daha yüksək məbləğdə alimentin ödənilməsinə razılıq verməmişdir. Məhz bu səbəbdən də həmin vaxt hər uşaq üçün 80 manat məbləğində aliment tutulmuşdur. Bununla belə, məhkəmənin mövqeyi, o cümlədən yuxarıda göstərilənlər iddianın rədd edilməsini şərtləndirir. Lakin, məhkəmə, hər bir halda, ötən illə müqayisədə yetkinlik yaşına çatmayanlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artmasını, alimentin məhz uşağın saxlanılması məqsədi ilə tutulmasını və tutulan məbləğin hər bir halda uşaqların ehtiyaclarının ödənilməsinə yönəldiyini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin məhz iddiaçının üzərinə düşməsini nəzərə alıb, habelə uşaqların saxlanılmasında cavabdehin rolunun artırılması mövqeyindən çıxış edib, cavabdehdən tutulan aliment məbləğinin 2021-ci və 2022-ci illər üzrə müəyyən edilmiş yaşayış minimumunun fərqi, yəni (193-175=18) 18 manat məbləğində artırılmasını və bu məbləğin uşaqlar arasında bərabər bölünməsini məqsədəmüvafiq hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün (18 / 3 = 6 manat bir uşağa, 65 + 6 = 71 manat hər uşağa) 71 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, iddia tələbinin “alimentin məhkəməyə müraciət edildiyi tarixdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş edir. Bu səbəbdən məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçının bu iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən deyil, hazırkı iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-850/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 71 manat, cəmi 213 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan (18 x 12=216 manat) ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli, lakin iddiaçı tərəfindən mediasiya prosesində iştirak üçün 50 manat məbləğində mediasiya xərci ödənildiyindən və ödənilmiş mediasiya xərci məbləğ etibarı ilə müəyyən edilmiş dövlət rüsumu məbləğini əhatə etdiyindən cavabdehdən dövlət nəfinə hər hansı məbləğdə dövlət rüsumu tutulmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-850/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 71 (yetmiş bir) manat, cəmi 213 (iki yüz on üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar