Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1402/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın cavabdehin hesabına aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın cavabdehin hesabına aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 132 saylı mənzilinə dəymiş 1.500 manat maddi ziyanın və hazırki iddia ərizəsinə dair ödədiyi 36 manat dövlət rüsumunun, ümumilikdə 1.536 manat vəsaitin cavabdehdən tutulması, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 135 saylı mənzilin onun öz hesabına təmir olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, ev 52C, korpos 18, mənzil 10 ünvanında yaşayır. ünvan 3un mülkiyyətindir. Bu hal mənzilə dair alınmış ÖM seriyalı 163520 nömrəli qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. 2021-ci ilin iyul ayında ona məxsus mənzildən bir mərtəbə yuxarıda yerləşən cavabehə məxsus 135 saylı mənzildən suyun axması nəticəsində mənzilni su basmış və nəticədə mətbəx mebeli yararsız vəziyyətə düşmüş, dəhlizdə divar kağızları qopmuş, taxta döşəmə çürümüşdür. Bunun nəticəsində cavabdehin məsuliyyətsizliyi üzündən evinin müəyyən hissələrinə xeyli miqdarda ziyan dəymişdir. Bunu fotoşəkillər də təsdiq edir. Qeyd etdiyi hadisə ilk dəfə baş verməmişdir. Belə ki, bundan əvvəl, hələ o, 2004-cü ildə 132 nömrəli mənzilə köçdüyü vaxtdan bu günə qədər cavabdehin mənzilindən onun mənzilinə su tökülmüşdür. Bu barədə o, cavabdehə və onun ailə üzvlərinə dəfələrlə məlumat versə də, heç bir müsbət nəticə əldə olunmamışdır. Lakin, cavbdehin ona qarşı bu hörmətsizliyi diqqətə almayaraq və qonşuluq prinsiplərinə hörmətlə yanaşaraq heç bir quruma şikayət etməmişdir. Hətta cavadehin məsuliyyətsizliyi üzündən cavabdehin mənzilindən ona məxsus mənzilə suyun axması nəticəsində ona dəymiş maddi ziyanı öz vəsaiti hesabına aradan qaldıraraq 2012 və 2014cü illərdə dəhlizi, hamamı, mətbəxi təmir edərək təzə mətbəx mebeli quraşdırmışdır. Cavabdehə də hər dəfə bu barədə məlumat verirdi ki, axan suyun aradan qaldırılması istiqamətində müəyyən təmir işləri aparsın. Lakin, cavabdeh yenə də qonşuluq prinsiplərinə zidd olaraq öhdəsinə düşən vəzifəni yerinə yetirmirdi. 2014-2021-ci ilə qədər cavabdeh həmin bərbad vəziyyətdə olan mənzilini kirayə verərək pul qazanır, lakin mənzilini təmir eləmir. Bu səbəbdən cavabdehin mənzilindən suyun axması nəticəsində yenə də ona maddi ziyan dəymişdir. Nəhayət cavabdehin təkrar məsuliyyətsizliyi üzündən ona dəymiş maddi ziyana görə 2020-ci ildə aprel ayında o, şikayət ərizəsi ilə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə müraciət etmiş və araşdırma zamanı məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O isə həmin vaxt yenə də düşünmüşdür ki, cavabdeh heç olmasa polisdə aparılan araşdırmadan müsbət nəticə çıxarıb evini təmir edər, o da öz hesabına öz evini təmir edər, oununla da mübahisə öz həllini tapar. Lakin cavadeh yenə də müsbət nəticə çıxarmadı. Bundan əlavə, mövcud problemin həlli ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etmiş, 09 sentyabr 2021-ci il tarixdə 72 saylı MKİS-nin əməkdaşları ona məxsus mənzildə olmuş və mənzilə baxış zamanı mənzilin divarlarında saralmış su ləkələrini müşahidə etdiklərinə dair “Akt” tərtib etmişlər. Bu problem artıq illərdir ki, davam edir. Həmçinin, dəfələrlə cavabdehə üzbəüz və telefon vasitəsi ilə sözügedən problemi aradan qaldırmağı xahiş etsə də, məhəl qoymadan mövcud problemin həlli istiqamətində heç bir hərəkət etməmişdir. Ona “mənim mənzilimdən su axmır, məni narahat etmə” demişdir. Elə hallar olub ki, onun zənglərinə ümumiyyətlə cavab verməmişdir. Cavabdehin təqsiri üzündən uzun müddətdir ki, o, bu problemlərlə yaşayır. Bu müddət ərzində cavabdeh onunla heç bir şəkildə ünsiyyətə girməmiş, yaranmış mövcud problemin aradan qaldırılmasına səy göstərməmiş, hadisədən peşmanlıq hissi keçirdiyini söyləməmiş, onunla razılığa gəlməyə çalışmamışdır, yəni qonşu kimi ona və ən əsası mövcud problemə laqeyd yanaşmışdır. Cavbdehin mənzilindən onun mənzilinə axan su təkcə ona deyil, həmin su daha sonra birinci mərtəbəyə axaraq orada fəaliyyət göstərən "xxxx" MTK-ya da külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində əmlakına zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin təqsiri ucbatından illərdir ki, onun mənzilinə su axıdılır. Halbuki, cavabdeh özünə məxsus mənzildə olan qüsuru təmir etdirsə, bu hal birdəfəlik həll olunar. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun iddia ərzəsində göstərilən tələblərindən biri də məhz bununla bağlıdır ki, cavabdehin üzərinə mənzilini təmir etdirmək vəzifəsi qoyulsun və ona suyun axıdılması qadağan edilsin. Çünki o, mənzilini hər dəfə təmir etdirməsinə baxmayaraq suyun axıdılması təkrarlanır və nəticədə ona daha çox maddi zərər dəymiş olur. Eyni zamanda qeyd etdi ki, o, iş üzrə verilmiş ekspert rəyinə etiraz etmir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabineti olmadığı üçün etirazını elektron formada göndərə bilməmişdir. Ona görə də şifahi qaydada bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 135 saylı mənzil onun mülkiyyətindədir. Onun mənzilində iddiaçının mənzilinə su axıdılmamışdır. Belə ki, problem şaxtadadır, bunun da ona hər hansı aidiyyəti yoxdur. Həmçinin qeyd etmişdir ki, o, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı 163520 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 132 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 109432 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 135 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir; Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 16 iyun 2020-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun şikayəti araşdırılmış və araşdırma zamanı sonuncunun ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğuna görə Binəqədi RPİ-nin 4-cü PŞ-nin dəftərxanasında işə tikilmişdir. Göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 09 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, 72 saylı MKİS-in mühəndisi N.Qarayev, sahə nəzarətçisi A.Bayramov, çilingəri A.Mansurov Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, mənzil 132-də yaşayan İddiaçı ərizəsinə əsasən mənzilinə baxış keçirilmiş və baxış zamanı mənzilin divarlarında saralmış su ləkələri müşahidə edilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 19 noyabr 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, mənzilinə su axıdılması nəticəsində mənzilinə dəymiş ziyanın aradan qaldırılması üçün 1.500 manat məbləğində pulun ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2022-ci il tarixli, 10/1382 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 132 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus 135 saylı mənzilin isə binanın 6-cı mərtəbəsində yerləşdiyini, 132 saylı mənzilin dəhliz tikilisinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 189 nömrəli evin, 132 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 135 saylı mənzildən su axıdılığı və nəticədə 132 saylı mənzilin dəhliz tikililisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 132 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.034,0 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 14 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görününr ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus 132 saylı mənzil yaşayış binasının 5-ci mərtəbəsində, cavabdehə məxsus 135 saylı mənzil isə həmin binanın 6-cı mərtəbəsində yerləşir. Cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının mənzilinə su axıdılmış və bununla bağlı iddiaçıya dəymiş maddi ziyanın məbləği ekspert rəyinə əsasən 1.034 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 1.034 manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehə məxsus mənzilin onun öz hesabına təmir olunması” hissəsi ilə bağlı mülki qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarını və cavabdehin iddia tələbinin həmin hissəsi ilə bağlı məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və cavabdehin üzərinə mülkiyyətində olan mənzildə müvafiq təmir işlərinin aparılması öhdəliyi qoyulmaqla iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 34 manatı cavabdehdən, 16 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1.034 (bir min otuz dörd) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 135 saylı mənzildə müvafiq təmir işlərinin aparılması öhdəliyi qoyulmaqla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189, 132 saylı mənzilə suyun axıdılması qadağan edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manatın 34 (otuz dörd) manatı Cavabdeh, 16 (on altı) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1402/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1402/2022
02.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver