Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1418/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: Nağıyev X2 Fatma İsax qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, habelə vurulmuş maddi zərərin əvəzi kimi 3000 manat, dövlət rüsumunun əvəzi kimi 50 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırımışdır ki, iddiaçı ilə cavabdeh 5 ildir ki, qonşuluqda yaşayırlar. Bu müddət ərzində cavabdeh iddiaçının mülkiyyətində olan 0,06 ha. həyətyanı torpaq sahəsinin 1,5 metr enində, 25 metr uzunluğunda hissəsini özbaşına zəbt edərək mənimsəmiş, həmin sahəyə iddiaçının evinin divarı tərəfdən meyvə ağacları, üzüm şitilləri əkmiş, həmin ağacları, üzümü, tərəvəz məhsullarını suvarıb becərməklə iddiaçının evinin divarlarının çatlamasına, çökməsinə səbəb olmuşdur. İddiaçı ona dəymiş ziyanın ölçülməsi məqsədi ilə usta çağırmış, ziyanın 3000 manat olduğu müəyyənləşdirilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi və zərər vurulmasının qarşısının alınması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, nəticə əldə olunmadığından, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya öz yazılı etirazını ünvanlayaraq, göstərmişdir ki, o, hazırda yaşadığı fərdi yaşayış evini 2013-cü ildə iddiaçının qardaşı X3 almış, həmin vaxtdan da qızı ilə birlikdə orada yaşayır. Evi alan zaman həyətində üzüm çardağı və güllər olmuş, hal-hazıradək də həmin üzüm çardağı və güllər oradadır. Həyətdə iddia ərizəsidə göstərilən kimi ağac yoxdur. O, qonşu kimi iddiaçıya qarşı hər hansı qanunazidd hərəkət etməmiş, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Əksinə iddiaının evinin damından axan su onun həyətinə axır. İddiaçının quraşdırdığı tv dalğaqəbuledici (krosnu) onun həyətindədir və hər dəfə tanımadığı şəxslər həyətinə daxil olaraq dalğaqəbuledicini düzəltdiklərini bildirirlər. Əslində isə iddiaçı sırf onu narahat etmək üçün belə hərəkətlərə yol verir. İddiaçının sonradan tikdiyi açıq eyvan düz onun həyətinə baxır və eyvandan onun həyətində zibil tükülür, su axıdılır. İddiaçı onun qızı ilə tək yaşadığından istifadə edərək, daim onları qorxu içində saxlayır, öldürəcəyi ilə, evi yandıracağı ilə hədələyir. İddiaçı küçədə, həyətindən kənarda tövlə tikmiş, orada qoyun, qaz, toyuq, ördək saxlayaraq anti-sanitariyaya yol verir, iydən həyətdə oturmaq olmur. Hətta iddiaçı o qədər özbaşınalıq edib ki, telefon dirəyini belə tövlənin içinə almışdır. Beləliklə, iddiaçı dəyən zərərin məhz cavabdehin iddiaçıya qarşı hər hansı təqsirli hərəkətləri nəticəsində baş verməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsini bildirsə də, həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də, iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi iddiaya etirazda göstərilənləri müdafiə etdiklərini, iddianı qəbul etmədiklərini bildirib, iddianın rədd edilməsini xahiş etmişlər. Mülki iş materiallarında olan MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində istifadədə olan 0,0277 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 116,5 kv.metr yaşayış, 136,4 kv.metr köməkçi sahədən ibarət 126 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır,amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Hazırki iddia tələbi iki – torpaq sahəsinin zəbtdən azad edilməsi; vurulmuş maddi zərərin əvəzinin ödənilməsi – hissədən ibarətdir. Tələbin birinci, yəni torpaq sahəsinin zəbtdən azad edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı öz tələbini bu hissədə cavabdeh tərəfindən ona məxsus 0,06 ha. ölçülü həyətyanı torpaq sahəsinin 1,5 metr enində və 25 metr uzunluğundan hissəsinin zəbt edilməsi ilə əsaslandırsa da, bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin müəyyən edilmiş halları ilə mübahisəli sahənin cavabdeh tərəfindən kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları göstərilməklə hansı istiqamətdə zəbt edilməsi, habelə tələbinin əsasına dair hər hansı sübut, o cümlədən iddiaçı tərəfindən beş il ərzində zəbtin aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməsi, müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməsi və s. ilə bağlı heç bir sübut təqdim etməmiş, iddia ümumi ifadələrlə əsaslandırılmışdır. Halbu ki, sübutetmə yükü baxımından tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, iddia tələbinin torpaq sahəsinin zəbtdən azad edilməsi hissəsi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin digər, yəni vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə qeyd edir ki, ziyanın mövcud olub-olmamasının, səbəbinin və məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2023-cü il tarixli, 10/2679 saylı müvafiq rəyində göstərilmişdir ki, X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 126 saylı fərdi yaşayış evinin divarında çatların, aralanmaların, ovulmaların, nəmişlik izlərinin olduğu müəyyən olundu, lakin baxış zamanı həmin qüsurların yaranma səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Həmçinin, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsində, iddiaçının fərdi yaşayış evinin divarının dibində üzüm və gül bitkilərinin mövcud olduğunu, iddiaçının fərdi yaşayış evinin önündə inşa olunmuş köməkçi tikilinin damının maili olduğunu, damın kənarlarında novların mövcud olmadığını, eləcə də iddiaçının fərdi yaşayış evinin damının kənarlarına vurulmuş novlarda və novlara yığılan atmosfer çöküntülərinin uzaqlaşdırılması üçün nəzərdə tutulan borularda qüsurların olduğu, fərdi yaşayış evinin yerləşdiri ərazinin az mailli olduğunu nəzərə alaraq, iddiaçının fərdi yaşayış evində nəmişlik və qüsurlar, cavabdeh tərəfindən üzüm və gül bitkilərinin suvarılması, eləcə də, iddiaçının fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən ola bilər. İddiaçının fərdi yaşayış evinə dəymiş ziyanın səbəbi müəyyən olunmadığına görə, fərdi yaşayış evinə dərmiş ziyanın məbləğinin müəyyən olunmasına dair tədqiqat aparılmadır. Mülki qanunvericiliyin zərərlə bağlı müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə alınmış rəylə də iddiaçıya iddia ərizəsində göstərilən maddi ziyanın cavabdeh tərəfindən vurulması təsdiq olunmur. Bundan əlavə həmin rəydə iddiaçının fərdi yaşayış evinin və fərdi yaşayış evinin qarşısında inşa olunmuş köməkçi tikilinin damının aksessuarlarında (novlar, plastik borular) mövcud olan çatışmazlıqlar və qüsurlar səbəbindən atmosfer çöküntülərinin fərdi yaşayış evinin divarına doğru axması səbəbindən ola bilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 3000 manat pulun tələb etməsi də cavabdehin təqsiri sübuta yetmədiyindən əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bütünlükdə əsassız olduğundan rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçını özünə aid edilməli, ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq aidiyyəti üzrə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1418/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1418/2023
17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver