Məhkəmə qərarları › İş №2(001)-1438/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1438/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1438/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.02.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6666.11 manat ödəmiş, onun 41333.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Hacıyev Ərşad İsa oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.10.2020-ci il tarixə 228 gün üçün hesablanmış faiz borcu 6404.45 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh2, borclu Cavabdeh1 və bank arasında bağlanılmış 15.03.2019-cu il tarixli 017M**********01 ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid, istifadədə olan 0,00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 203 №-li reyestr kitabının 25 №4i vərəqində qeydiyyata alınmış RX№15Ü0189 saylı çıxarışla Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid, istifadədə olan 0.00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı X1 rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid, istifadədə olan 0.00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evi AccessBank QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin torpaq sahəsini qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan AccessBank QSC tərəfindən ipoteka qoyana İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 22.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı AccessBank QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazı İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Ona görə də iddiaçı AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsinin və 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manat, cəriməyə görə 10783,83 manat olmaqla, cəmi 58522,17 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulmasına, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid, istifadədə olan 0.00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evinə yönəldilməsinə, həmin evin açıq hərracdan satılmasına və cəmi 58522,17 manat məbləğində borcun və məhkəmə xərclərinə görə 60 manatın ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsinə, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulmasına, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid, istifadədə olan 0.00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və X2 istifadə hüququnun itirilməsinə, onların həmin evdən çıxarılmasına, əmlakın boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 AccessBank QSC ilə bağladığı 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 AccessBank QSC ilə bağladığı 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48000 manat məbləğində kredit götürmüş və kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan Cavabdeh2, borclu Cavabdeh1 və bank arasında bağlanılmış 15.03.2019cu il tarixli 017M**********01 ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsində yaşayış məntəqələrinin torpaqları kategoriyasına aid, istifadədə olan 0,00693 ha torpaq sahəsində yerləşən 106.6 m2 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 181A saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə kreditin çox hissəsi ödənilmişdir. AccessBank QSC tərəfindən iddia qaldırılan zaman Cavabdeh1 kredit müqaviləsi üzrə 41333,89 manat məbləğində kredit borcu, 6404,45 manat faiz borcu və 10783,83 manat cərimə borcu olmaqla cəmi 58522,17 manat borcunun olması göstərilmişdir. İş üzrə keçirilən ekspertiza ilə borcun məbləği daha da artırılmışdır. İddiaçının tələb etdiyi cərimə borcu borcalan ümumiyyətlə razılaşmır. Cavabdeh1 kredit borcunu banka ödəyəcəkdir. Buna görə ona müəyyən vaxt lazımdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 300000 manat kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 1.1-ci bəndindən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 manat məbləğində kredit xəttini açır. Kredit müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılıaşmaları əsasında istənilən məbləğ 120 ay, 14.01.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunur. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər qaytarılmalı kredit üçün kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 48000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. AccessBank QSC-nin 15.03.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 48000 manatı Cavabdeh1 vermişdir. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh1 15.04.2019-cu il tarixdən 15.03.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 48000 manat, faiz borcuna görə 26359,83 manat olmaqla cəmi 74359,83 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Gecikməyə görə gündəlik cərimə kredit məbləğinin 0,1% miqdarında müəyyən edilmişdir. Ödəniş planından daha sonra müəyyən olunur ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə tanış olaraq razı olduqlarını imzaları ilə təsdiq etmişlər. Borcverən AccessBank QSC, zamin Cavabdeh2 arasında bağlanmış 15.03.2019-cu il tarixli 017S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalanın məbləği 300000 manat, müddəti 120 ay, faiz dərəcəsi 28% olan 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini borcalanla birgə tam icra edilməsini öz üzərinə götürmüşdür. Borcverən AccessBank QSC, zamin Cavabdeh3 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017S**********03 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3 borcalanın məbləği 300000 manat, müddəti 120 ay, faiz dərəcəsi 28% olan 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini borcalanla birgə tam icra edilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.03.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evə dair Cavabdeh2 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan AccessBank QSC, ipoteka qoyan və zamin Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş 15.03.2019-cu il tarixli 017M**********01 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evi 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə və akkreditiv açılması üçün razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasını təmin etmək üçün yüklü etmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndindən müəyyən olunur ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 48000 manat təşkil edir. X3 15.03.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evin ipotekaya qoyulmasına etiraz etməyərək, ipotekaya qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz mənzili tərk edəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.03.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evi 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 14.01.2019-cu il tarixdən 120 ay müddətinə AccessBank QSC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. AccessBank QSC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 28.09.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş 30.09.2020-ci il tarixdə qeydə alınmışdır. AccessBank QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı 30.09.2020-cı il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, bank borcalana, ipotekaqoyana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AccessBank QSC-nin 25.11.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 02.10.2020-ci il tarixə əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manat, cərimə borcuna görə 10783,83 manat olmaqla cəmi 58522,17 manat borcu vardır. Gecikmə günlərinin sayı 228 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli 9/2003 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 15.03.2019-cu il tarixli 017R********** saylı razılaşmanın şərtlərini əsas götürülməklə Cavabdeh1 02.10.2020-ci il tarixədək (iddia tələbinin tarixi) banka olan əsas borcu 41596,83 manat, faiz borcu 6431,44 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin 11.06.2021-ci il tarixli 02-33\21 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evin bazar dəyəri 65000 manat, likvid dəyəri 60000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.1.-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2.-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4.-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borc verənə əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manat borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının uzunmüddətli kredit müqaviləsinin, kredit razılaşmasının ləğv edilməsinə, kredit müqaviləsi birgə borclulardan müştərək qaydada əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manatın tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmeti satıldıqdan 1 ay sonra ipoteka qoyanın evdən çıxarılmaqla evin boşaldılmasına dair tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin birgə borcluların borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 07.12.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 500 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, icra hərəkətlərinin davam etdirilməsi, tələbin borclunun digər əmlakına yönəldilməsi vəzifəsi qanuni qüvvəsini alan məhkəmə aktını icra etmək səlahiyyəti olan icra məmuruna aid olduğundan, icra məmuru bu vəzifəsini İcra Haqqında Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunan qaydada həyata keçirməli olduğundan və bu barədə məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının ipoteka predmeti satıldıqdan sonra Cavabdeh2 və X2 evə istifadə hüquqlarına xitam verilməsi, X2 evdən çıxarılması, evin alıcıya təhvil verilməsi tələbləri ilə bağlı qeyd edir ki, iddiaçı E.H.Əhmədovaya qarşı tələb irəli sürsə də, iddia ərizəsində onu cavabdeh qismində cəlb etmədiyindən, ipotekasaxlayanın ipoteka predmeti olan daşınmaz əmlaka istifadə hüquqları olan şəxslərin bu hüquqlarına xitam verilməsini, daşınmaz əmlakın alıcıya təhvil verilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığından bu iddia tələblərinin də təmin edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi və AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2019-cu il tarixli 017L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 15.03.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 41333,89 manat, faiz borcuna görə 6404,45 manat, cəriməyə görə 500 manat olmaqla cəmi 48238,34 manat borc, məhkəmə xərclərinə görə 60 manat AccessBank QSC-nin xeyrinə tutulsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada aparılmış tədqiqatın dəyərinə görə 245 manat Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı ev ilkin satış qiyməti 60000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. Abşeron rayonu Xırdalan şəhəri Bəşir Səfəroğlu küçəsi 181A saylı evi satıldıqdan 1 ay sonra Cavabdeh2 evdən çıxarılmaqla ev boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar