Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1439/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 3984,04 manat məbləğində kredit borcu, 772,48 manat məbləğində faiz borcu və 2601,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7358,43 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin hərracdan satılması və satışından əldə olunan vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bankın iddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 009L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqavilə üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüş, lakin kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 6015,96 manat ödəmiş, onun 3984,04 manat məbləğində əsas borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 325 gün üçün hesablanmış faiz borcu 772,48 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 325 gün üçün hesablanmış cərimə 2601,91 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan Cavabdeh2, Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək, həmçinin məhkəməyə maliyyə arayışı təqdim edərək bidirmişdir ki, cavabdeh tərəfindən borcdan 500 manat ödəniş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, faiz və cərimə borclarının azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 009L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx xxxx 2018-ci il tarixli 009L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 2.5-ci bəndində ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 24000 manat olaraq müəyyən edildiyi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, İddiaçı” QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 009S**********05 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu Cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 009R********** saylı, xx xxxx 2018-ci il tarixli kredit razılaşması bağlanmış və ona aylıq 2.3333% olmaqla, 24 ay müddətinə 10.000 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin razılaşmaya əlavə edilmiş ödəniş planına Cavabdeh2 ipoteka qoyan qismində imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir. Həmin ödəniş planında kredit vəsaiti üzrə aylıq ödənişlərin sonuncu istisna olmaqla 551 manat olması, sonuncu ödənişin isə xx xxxx 2020-ci il tarixdə 559.56 manat olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 10.000 manat məbləğində kredit vəsaitini komissiya çıxılaraq İddiaçı QSC-dən almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 009R********** saylı, xx xxxx 2018-ci il tarixli kredit razılaşması üzrə xx xxxxxxx 2020-ci il tarixə 3984,04 manat əsas kredit borcu, 772,48 manat faiz borcu, 2601,91 manat cərimə olmaqla, cəmi 7358,43 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan digər maliyyə arayışından görünür ki, Cavabdeh1 009R********** saylı, xx xxxx 2018-ci il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2021-ci il tarixə 3484,04 manat əsas kredit borcu, 1167,09 manat faiz borcu, 3117,24 manat cərimə olmaqla, cəmi 7768,37 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər Cavabdeh2 isə bankla bağladığı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş, xx xxxx 2018-ci il tarixli kredit razılaşmasına əlavə edilmiş ödəniş planına imza etməklə onunla tanış olduğunu təsdiq etmişdir (imzanın ipoteka qoyan qismində həyata keçirilməsi də fərqli qənaətə gəlmək üçün əsas deyildir; belə ki, həmin imza onun hər bir halda kredit razılaşmasının şərtlərindən məlumatlı olduğunu göstərir). Bankın təqdim etdiyi maliyyə arayışına görə, borclunun xx xxxxxxx 2020-ci il tarixə 3984,04 manat əsas kredit borcu, 772,48 manat faiz borcu, 2601,91 manat cərimə olmaqla, cəmi 7358,43 manat məbləğində borcunun yarandığı göstərilmiş, bununla belə sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının (bankın) nümayəndəsi cavabdehin əsas borcdan 500 manat ödəniş etdiyini bildirməklə yeni maliyyə arayışı təqdim etmişdir. Həmin arayışda borclunun xx xxxxxx 2021-ci il tarixə 3484,04 manat (3984,04 manat – 500 manat = 3484,04 manat) əsas kredit borcunun olduğu göstərilsə də, faiz və cərimə borcu əvvəlki arayışdan daha yüksək məbləğdə (1167,09 manat və 3117,24 manat olmaqla) göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bu baxımdan məhkəmə hesab edir ki, kredit razılaşması üzrə sonuncu ödəniş tarixinin xx xxxx 2020-ci il olduğu nəzərə alınmaqla cavabdehlərdən əsas borca görə 3484,04 manat, faiz borcuna görə isə 772,48 manat pul tutularaq iddiaçı banka ödənilməlidir. Cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinə gəldikdə isə məhkəmənin qənaətinə görə, cərimə borcunun 200 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə iddianın, “pulun tutulması tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin hərracdan satılması və borcun satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutma ipoteka predmeti olan əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, həmin torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi” hissəsini də əsaslı hesab edir: Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Həmçinin, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən 24000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünki, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehlərdən tələb etdiyi pul məbləğinin qismən tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Başqa sözlə qeyd olunan tələb, “cavabdehlərdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına isə məhkəmə hər hansı zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı bank tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyata alınması üçün ödənilmiş cəmi 30 manat rüsum və xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3484,04 manat məbləğində əsas borc, 772,48 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, cəmi 4456,52 (dörd min dörd yüz əlli altı manat 52 qəpik) manat məbləğində borc, o cümlədən 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 30 manat rüsum və xidmət haqqı, ümumilikdə 60 manat məhkəmə xərclərinin əvəzi alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutulacaq məbləğ ilkin satış qiyməti 24.000 (iyirmi dörd min) manat müəyyən edilən və Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinə yönəldilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi ilkin satış qiyməti 24.000 (iyirmi dörd min) manat olmaqla açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə yerləşən 0,02 ha torpaq sahəsi satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilsin və həmin torpaq sahəsi boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1439/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1439/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver