Məhkəmə qərarları › İş №2(001)-1448/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1448/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1448/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının cavabdehlər “xxxx” Firmasına və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatı cavabdehlər “xxxx” Firmasına və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” Firmasından və Cavabdeh2 cəmi 21.470,39 manat (əsas borc 14.218,80 manat, faiz borcu 7.251,59 manat) məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər “xxxx” Firmasına və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” X1 Sumqayıt Filialı ilə “xxxx” Firması arasında bağlanmış xx xxxxxx 1998-ci il tarixli, 54/98 nömrəli kredit xəttinin açılması haqqında müqavilənin 1.1 və 1.3-cü bəndlərindən görünür ki, Bank bu müqavilənin şərtlərinə əsasən borcalana 1 (bir) il müddətinə 102.000.000 manat məbləğində kredit xətti açır. Borcalan bankın verdiyi krediti idxal, ixrac əməliyyatlarının və respublikadaxili müqavilələrin icrasına yönəldəcəkdir. Həmçinin, iş materiallarında olan “xxxx” Firmasının nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” Firması sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Göründüyü kimi tərəflərdən iddiaçı və cavabdeh “xxxx” Firması hüquqi şəxslərdir, mübahisənin predmeti tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn pul tələbi, tərəflərin hüquqi münasibətlərinin xarakteri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 31-32, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının cavabdehlər “xxxx” Firmasına və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar