Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-146/2025 01.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “BMW” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2023-cü il tarixli nəqliyyat nasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsini tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarlılıq müddəti xx.xx.2030cu il tarixədək qüvvədə olan etibarnamə əsasında oğlu Nümayəndə Ehtibar oğlu B kateqoriyalı xx.xx.2020-ci il tarixli sürücükük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində qeyd etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Avtovağzal deyilən yerin qarşısı ilə üzü Ozon dairəsi istiqamətinə doğru keçdikdə öz hərəkət istiqamətində piyada keçidindən keçən piyadalara yol vermək üçün avtomobili saxlamış, bu zaman onunla eyni istiqamətdə və zolaqda hərəkətdə olan “Mercedes” markalı minik avtomobili avtomobilini dayanmış vəziyyətdə arxadan vuraraq getmişdir. Hadisə yerinə kənar şəxslər və polis əməkdaşları gəldikdən 20-25 dəqiqə sonra maşını idarə edən şəxs bir nəfərlə gələrək avtomobilin ona məxsus olmasını, yanında olan şəxsin isə qardaşı olmasını və avtomobili onun idarə etməsini bildirmişdir. Hadisə zamanı oğlu Nümayəndə “X5 Travması” alması təsdiq edilmişdir. Araşdırmanın nəticəsi olaraq Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı Araz Kazımlı tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək hadisəni törətmiş “Mervedes” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Təhqiqatçının araşdırmasından belə çıxmışdır ki, avtomobili etibarnamə olmadan Cavabdeh2 idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan “BMW” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi zərər dəymişdir. Bunu ilk olaraq hiss etməsələr də, avtomobili MY AUTO SERVİCE-də yoxlatdıran zaman zədələnmiş detalların kodları və qiymətləri barədə çıxarılmış rəqəmlərlə 9968 manat məbləğində zərərin dəyməsi müəyyən edilmişdir. Servis tərəfindən görüləcək təmir işləri isə 910 manat qiymətləndirilmişdir. Cəmi zərər yekun olaraq 10878 manat müəyyən edilmişdir. Ailənin xidmətində olan avtomobili baş vermiş hadisədən sonra idarə etmək mümkün deyildir, bu səbəbdən də, həmin vaxtdan taksi xidmətindən istifadə etməklə hər gün üçün taksi xidmətinə görə 15-20 manat civarında pul xərcləmək məcburiyyətində qalmışlar. Cavabdeh tərəflə isə bir neçə dəfə oğlu tərəfindən danışıqlar aparılmasına baxmayaraq avtomobilə vurulmuş zərəri ödəmək istəmirlər. Bu istiqamətdə çaşqınlıq yaratmaq və hərəkətlərini pərdələyərək vurduqları zərəri ödəməkdən yayınmaq məqsədi cavabdeh hadisə törədən avtomobilin mülkiyyətçisi-Cavabdeh1 hadisəni törətdikdən sonra avtomobilini sığorta etdirmişdir. Bu əsasla da zərəri ödəməkdən yayınaraq bildirmişdir ki, onun avtomobilinə vurduğu zərəri sığorta ödəməlidir. Cavabdehlərin bu hərəkətləri nəticəsində avtomobil təmir edilməmişdir. Bu səbəbdən də, məcbur olaraq mülkiyyətində olan “BMW” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehlər tərəfindən vurulmuş zərərin və bu səbəbdən də çəkdiyi əlavə xərclərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İşin həqiqi və faktiki hallarına əsaslanaraq o, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehlərin təqsiri üzündən avtomobilinə vurulmuş zərərin dəyəri olaraq 10878 manat, hüquqi yardıma görə "xxxx" ASC-nin hesabına ödənilmiş 320 manat və iddia tələbinin məhkəməyə verilməsi üçün "xxxx" ASC-nin hesabına ödənilmiş 156 manat və 10 manat pul vəsaitləri cavabdehlərdən tutularaq ona verilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1108.1 və 1108.2-ci maddələri ilə əsaslandıraraq, yol-nəqliyyat hadisəsi törətmiş “Mercedes” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 və avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh2 onun mülkiyyətində olan “BMW” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10878 manat məbləğində vurulmuş zərərin, hüquqi yardıma görə 6 saylı vəkil bürosunun hesabına "xxxx" ASC vasitəsilə ödənilmiş 320 manat, "xxxx" ASC vasitəsi ilə ödənilmiş 156 manat və 10 manat dövlət rüsumu olmaqla, cəmi 11364 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişlər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin təmir-bərpa edilməsinə ümumilikdə 8000 manat məbləğində vəsaitinin xərcləndiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, ekspert rəylərini mübahisələndirərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin, həmçinin Cavabdeh2 nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Nümayəndə tərəfindən 6 saylı vəkil bürosuna 320 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan MY AVTO SERVİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 10878 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X2 həmin etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:40-da R.İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş və Cavabdeh2 idarə etdiyi “Mercedes” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin arayışın 1.5-ci qrafasında – yolnəqliyyat hadisəsinin baş verdiyi anda: sürücünün avto-nqəliyyat vasitəsini idarə etmək hüququnun olması qeyd edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz - 230” minik markalı, ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi (mülkiyyətçisi) Cavabdeh1dur. İş materiallarında olan Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “Mercedes” markalı, 90-UX- 405 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, Mercedes markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində qardaşı Rəşad ona zəng edərək ona avtomobil lazım olduğunu bildirmişdir. O, da ona Biləcəridə Army marketin yanında olduğunu demişdir. Rəşad onun yanına gəlmiş, ona yaxınlıqda olan Bulaq restoranına onu düşürtməyi, sonra isə getməyini demişdir. Onlar avtomobilə əyləşmişlər. O, qabaqda sərnişin yerində oturmuşdur. Avtomobili qardaşı Rəşad idarə etmişdir. Biləcəri qəsəbəsi, Avtovağzalın qarşısından düz istiqamətdə hərəkətdə olarkən qarşıda gedən BMW markalı avtomobil piyada keçidində avtomobilini saxlamışdır. Rəşad özünü itirdiyindən həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Dəymiş olan zərbədən avtomobilləri zədə almışdır. O, Rəşada tıxac yaranmaması üçün avtomobili yolun sağına çəkib saxlamağı bildirmişdir. Rəşad avtomobili yolun sağ kənarına sürərək saxlamışdır. İlk dəfə hadisə törətdiyi üçün qorxmuşdur. Ona qarşıda olan petrola gedib əl üzünü yuyub qayıtmağı demişdir. Rəşad avtomobildən düşmüş və qarşıda olan petrola tərəf getmişdir. O, da təxminən 6-7 dəqiqə sonra avtomobildən aşağı düşmüşdür. Hadisə yerinə yaxınlıqda olan çoxlu camaat gəlmişdir. O, avtomobilinin qabaq hissəsinə baxmışdır. Avtomobili çox zədə almışdır. Bir müddət sonra qardaşı Rəşad yenidən qayıtmışdır. Onlar qarşı tərəfin sürücüsü ilə aralarında danışıqlar etmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsində təqsir Rəşadda imiş. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, Mercedes markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Faiq adlı şəxsə məxsusdur və həmin avtomobili B kateqoriyalı sürücülük vəsiqəsi əsasında xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində qardaşı Faiqə zəng edərək, ona avtomobil lazım deyilsə ondan götürməyini və bəzi işlərini həll edəcəyini demişdir. Faiq ona hələki avtomobilin ona lazım olmadığını və Biləcəridə “Army” market deyilən yerin yaxınlığında olduğunu bildirmişdir. O, da həmin yerə gəlmişdir. Faiq ona onu sadəcə olaraq Biləcəridə yerləşən Bulaq restoranına düşürdüb oradan avtomobili götürə biləcəyini qeyd etmişdir. Onlar avtomobilə əyləşmişlər. Avtomobili o, idarə etmişdir. Qardaşı Faiq avtomobilində sərnişin tərəfdə əyləşmişdir. Hərəkətə başlamışlar. Biləcəri qəsəbəsi Avtovağzalın qarşısı ilə düz istiqamətdə hərəkət etmişdir. Qarşıda gümüşü rəngli BMW markalı avtomobil hərəkətdə idi. Yolun hərəkət hissəsində həmin avtomobilin sürücüsü avtomobilini saxlamışdır. O, da ara məsafəni düzgün tənzimləmədiyi üçün qeyd edilən avtomobilin arxa hissəsindən vurmuşdur. Daha sonra avtomobilini yolun sağ kənarına çəkmişdir. Hadisənin şokunda imiş, ilk dəfə idi ki, qəza törətmişdir. Ona görə də avtomobilindən düşüb yaxınlıqdakı petrola gedib əl üzünü yumuşdur. Qardaşı Faiq isə orada hadisə yerində qalmışdır. Bir müddət sonra əl üzünü yuduqdan sonra hadisə yerinə yenidən qayıtmışdır. Hadisənin baş vermə səbəbi olaraq onu qeyd etmişdir ki, ara məsafəsini düzgün seçmədiyindən həmin “BMW” markalı avtomobili arxa hissədən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində təqsirlidir. Həmin qərardan görünür ki, təhqiqat araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi Avtovağzal deyilən yerin yaxınlığında “Mercedes” markalı, **-UX-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə baş verə biləcək yol nəqliyyat hadisəsini qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək, həmçinin ara məsafəni gözləmədən hərəkətini davam etdirmiş və idarə etdiyi avtomobilin qabaq ön sol tərəfi ilə yolun hərəkət hissəsini dayanmış vəziyyətdə olan “BMW” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Dəymiş olan zərbədən “BMW” markalı avtomobilin sürücüsü Nümayəndə xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Nümayəndə baş vermiş yol nəqliyyat hadisəsində dərəcəsi təyin olunmayan xəsarət almışdır. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz və mülahizələrdən görünür ki, onlar, hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, həmin maşına maksimum 2000 manat zərər vurulmuşdur. İddiaçı isə bunun əksinə, məbləği şişirtmiş və onlardan 11364 manat ödəniş tələb etmişdir. Belə çıxır ki, iddiaçı əlinə fürsət düşmüşkən öz dolanışığını da onlardan çıxartmaq istəyir. İddia tələbini qismən qəbul etdiklərini, real zərərin 2000 manat məbləğində ola biləcəyini bildirmişlər. Onlar, iddia tələbinin 2000 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5153 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan My Auto Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2011-ci il buraxılışlı, boz metalik rəngli, “BMW” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10878 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 9968 manat; təmir-bərpa işlərinin qiyməti – 910 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7826.22 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 6916.22 manat; təmir-bərpa işlərinin qiyməti – 910 manat; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1828 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmamışdır. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülərək bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrində təmir-bərpa işlərinin aparılıb-aparılmamasının və yaxud dəyişdirilməsini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1784 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “BMW” minik markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan (arxa bamperin, arxa sağ və sol faraların, arxa kantın, arxa sağ və sol işıq əks etdiricinin, arxa sol təkər qoruyucunun) detalların dəyişdirilməsi, arxa yük yerin qapağı isə təmir olunması istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/3150 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülərək bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9216-9/1032-8/341 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Aparılmış balistik-trasoloji ekspertizasının və təqdim edilmiş “MY Auto” Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2011-ci il buraxılışlı, boz metalik rəngli, “BMW minik” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir. 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5313 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4913 manat, təmir-bərpa işlərinin qiyməti 400 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3914.27 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 3514.27 manat, təmir-bərpa işlərinin qiyməti 400 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan 2011-ci il buraxılışlı, “BMW” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı təqdim edilmiş qüsur aktları əsasında hesablanır. Təqdim edilmiş qüsur aktında göstərilən iş həcminin mötəbərli olub-olmamasının müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi Avtovağzal deyilən yerin yaxınlığında “Mercedes” markalı, ** UX *** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək, həmçinin ara məsafəni gözləmədən hərəkətini davam etdirmiş və idarə etdiyi avtomobilin qabaq ön sol tərəfi ilə yolun hərəkət hissəsini dayanmış vəziyyətdə olan “BMW” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Dəymiş olan zərbədən “BMW” markalı avtomobilin sürücüsü Nümayəndə xəsarət almışdır. Bakı şəhəri Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində müvafiq qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. MY AUTO SERVİCE tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci ümumilikdə 10878 manat məbləğində qiymətləndirilmişdir. Dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən bir neçə dəfə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sonuncu, yəni 9/9216-9/1032-8/341 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur ki, 2008-ci il buraxılışlı, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə təxminən 3914.27 manat müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən “Mercedes Benz-230” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verən zaman “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın olub-olmaması da araşdırılmış, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının olmaması müəyyən edilmiş, bu faktı həmçinin tərəflər məhkəmə iclasında verdikləri izahatları ilə də bir daha təsdiq etmişlər. Məhkəmə hesab edir ki, “BMW” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/9216-9/1032-8/341 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyində müəyyən edilmiş 3914.27 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq, İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, “Mercedes Benz-230” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi digər Cavabdeh1 olsa da, həmin avtomobil onun tərəfindən qanuni qaydada rəsmiləşdirilməklə Cavabdeh2 verildiyindən, iddia tələbi Cavabdeh1 qarşı əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışa istinad etmiş, həmin arayışın 1.5-ci qrafasında – yol-nəqliyyat hadisəsinin baş verdiyi anda: sürücünün avto-nəqliyyat vasitəsini idarə etmək hüququnun olması təsdiq edilmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə məhkəmə xərcləri hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat məbləğində vəsaitdən və ödənilmiş dövlət rüsumundan ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 dəymiş ziyana görə 3914.27 (üç min doqquz yüz on dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh1 qarşı təmin edilməsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 156 manat dövlət rüsumunun 50%-i, yəni 238 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%-i, yəni 238 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 310 manat ekspertiza xərclərinin 50%, yəni 155 manat Cavabdeh2, qalan 50%, yəni 155 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-146/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-146/2025
01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver