Məhkəmə qərarları › İş №2(001)-1460/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1460/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1460/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyun 2019-cu il tarixli N 711-0***-******* nömrəli kredit müqaviləsinə əsasən 289,84 manat əsas borc, 29,33 manat faiz borcu, ümumilikdə 319,17 manat məbləğində borcun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 ay müddətinə ödəmək şərti ilə 1.650 manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilmir. Borclunun kredit müqaviləsinə görə 11 iyun 2020-ci il tarixə gecikdirilmiş əsas borc 289,84 manat və gecikdirilmiş faiz borcu 29,33 manat təşkil edir. Kredit üzrə ümumi borc 319,17 manat təşkil edir. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan kreditdə göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0.5 faiz dərəcəsində dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 17 iyun 2021-ci il tarixinə borclunun İddiaçı BOKT MMC-yə ümumi 319,17 manat borcu vardır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin rəsmi qeydə alındığı və faktiki yaşadığı ünvanına bildirişlər göndərilsə də, poçt xidməti tərəfindən zərflər “ünvan düzgün deyil” və “bu ünvanda yaşamır” qeydləri ilə məhkəməyə geri qaytarılmış, bununla da bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı BOKT MMC (kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 219-0***-******* nömrəli kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 44% dərəcəsi ilə müqavilə çərçivəsində malların əldə edilməsi üçün 1.650 manat məbləğində krediti verməyi, borcalan isə borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə 18 sentyabr 2021-ci il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyun 2020-ci il tarixə 289,84 manat əsas borcu və 29,33 manat faiz borcu vardır. 29 sentyabr 2021-ci il tarixli ********* nömrəli və 12 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, 11 iyun 2019-cu il tarixli 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə əsas borc 289,84 manat, faiz borcu 29,33 manat olmaqla, cəmi 319,17 manat məbləğində borc tutulmalıdır. Həmçinin hesab edirəm ki, iddia təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. 11 iyun 2019-cu il tarixli 219-0***-******* nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə əsas borc 289,84 (iki yüz səksən doqquz manat, səksən dörd qəpik) manat, cərimə 29,33 (iyirmi doqquz manat, otuz üç qəpik) manat olmaqla, cəmi 319,17 (üç yüz on doqquz manat, on yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar