Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1461/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə birgə nikahlarından olan 19 fevral 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən 160 manat sabit pul məbləğində tutulmuş alimentin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 dekabr 2011-ci ildə 2070 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq, rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 19 fevral 2012-ci ildə X7 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsində 30 avqust 2019-cu il tarixində 2(001)-6154/2019 nömrəli qətnamə ilə 19 fevral 2012-ci il təvəllüdlü X1 üçün 160 manat məbləğində aliment tutulmuşdur. Binqədi Rayon Məhkəməsində 07 mart 2020-ci il tarixində 2(001)-599/2020 nömrəli qətnamə ilə nikahları pozulmuşdur. Birgə nikahlarından olan 19 fevral 2012-ci il təvəllüdlü X7 onun yanında saxlanılmışdır. O, övladı ilə cavabdehdən ayrı yaşıyır. Hal-hazırda alimentin məbləğinin artırılması onu yenidən məhkəməyə müraciət etmək qərarına gətirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, cavabdeh aylıq 160 manat aliment ödəyir. O, uşaqla maraqlanmır, əlavə heç nə etmir. Uşağı ilə birlikdə anasının evində yaşayır. Uşağı hazırlıqlara gedir və onun hazırlıqlarına aylıq 150 manat pul ödəyir. Əlavə olaraq olaraq 50 manat servis üçün ödəniş edir. Həmçinin uşağın başında şiş var və onu müalicə etdirir. Özü "xxxx" MMC-də fəhlə işləyir və 380 manat əmək haqqı alır. Cavabdeh məhkəmə iclası barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. Lakin 02.03.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh 10.02.2022-ci il tarixində iddiaya dair etirazını məhkəməyə ünvanlayaraq, ondan 100 manat aliment məbləğinin tutularaq qızının saxlanılması üçün İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, restoranda ofisiant olaraq işləyir. Aylıq əmək haqqı isə 300 manat təşkil edir. İddiaçının istinad etdiyi qanunvericilik aktı tamamilə əsassızdır. Belə ki, iddiaçı əslində Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə istinad etməli idir. Ailə məcəlləsinin 76.1.1-ci maddəsinə görə valideynlər arasında razılıq olmadıqda məhkəmə onların valideynlərindən qazancın və digər gəlirlərin dörddə bir hissəsini aliment olaraq tutur. İndiki vəziyyətdə onun aylıq qazancı 300 manat təşkil edərsə ondan 75 manat aliment məbləği müəyyən olunmalıdır. Ancaq o, bütün bunları nəzərə alaraq, eləcə də özünün də yaşamaq və maddi təlabatını qarşılamaq məsələsini nəzərə alaraq, 100 manat aliment ödənilməsinə razılıq vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(001)- 6154/2019 saylı qətnaməsinin surətindən görünür ki,19.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyul 2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(0010-599/2020 saylı, 04.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında 02 dekabr 2011-ci ildə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 2070 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqları 19.02.2012-ci il təvəllüdlü X7 cavabdeh X2 yanında saxlanılması qət edilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 25 iyun 2021-ci il tarixində verilən, AZ-İ seriyalı, 387340 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 qızı arasında olan nikah 13.04.2020-ci il tarixində pozulmuş, 25 iyun 2021-ci il tarixli, 318 № ilə qeyd edilmişdir. Nikah pozulandan sonra arvada “Salahova” soyadı verilmişdir. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh yeməkxanada əmək müqaviləsi üzrə ofisiant olaraq işləyir. Aylıq əmək haqqı 300 manatdır. 2 saylı X9 tərəfindən verilən elektoensefaloqrafik müayinədən görünür ki, 19.02.2012-ci il təvəllüdlü Seyidova Zəhra 11.12.2020-ci il tarixində müayinədən keçirilmiş və nəticədə sağ yarımkürənin üstünlüyü ilə fotostimuliyasiya sınaqlar zaman və hiperventiliasiadan sonra alın, mərkəz, təpə, ənsə, gicgah paylarında diffuz epileptiform aktivlik qeyd olunduğu müəyən edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş 19.02.2012-ci il təvəllüdlü X6 anasının yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(001)-6154/2019 saylı qətnaməsi ilə 19.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyul 2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Hazırda iddiaçı 30 avqust 2019-cu il tarixli qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh isə iddiaya etirazında iddiaçının yalnış əsaslandırma ilə məhkəməyə müraciət etdiyini və uşağın saxlanması üçün 100 manat aliment ödəmək istədiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X5 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı 2019-cu ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 193 manat məbləğində müəyyən edilməlidir. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, 19.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hər ay 160 manat sabit pul məbləğində aliment tutulur. İddiaçı məhkəmə iclasında cavabdehin 160 manat aliment ödədiyini təsdiq etmişdir. Cavabdeh özü isə iddiaya etiraz ərizəsində tutulacaq aliment məbləğinin 100 manat məbləğində müəyyən edilməsini xahiş edir ki, bu artıq iddiaya etiraz yox, müstəqil iddia tələbinin (alimentin azaldılması) predmetidir. Buna baxmayaraq məhkəmə cavabdehin dəlillərini alimentin artırılması tələbinə münasibətdə onun etirazı kimi qiymətləndirir və onun etirazını əsassız hesab edir. Belə ki, işin hallarından müəyyən edilir ki, yetkinlik yaşına çatmayan uşaq xəstədir və onun müalicə, müayinə xərcləri iddiaçı tərəfindən qarşılanır. Uşağın əlavə xərclərində cavabdehin iştirakı işin halları ilə müəyyən olunmur. Halbuki valideynlik hüququ tələb edir ki, valideynlər uşaqlarının təkcə minimal xərclərini deyil, onların digər zəruri ehtiyaclarını da qarşılasın.Təsadüfi deyilki, Ailə Məcəlləsi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını təsbit etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə cavabdehin uşağına görə əlavə xərclərdə iştirak etməməsinə baxmayaraq, onun minimal xərclərin ödənilməsindən imtina etməsi barədə etirazını da formal qəbul edir və hesab edir ki, mübahisəyə aliment ödəməli olan şəxsin formal etirazları ilə müqayisədə uşağın mənafeyinin üstünlüyü baxımından qiymət verilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(001)-6154/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 19.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 2(001)- 6154/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 19.02.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1461/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1461/2022
04.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver