Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-147/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Azadlıq prospektində 156 saylı binanın qabağında Tikinti İnventarizasiya və Mülkiyyət hüququnun qeydiyyatı idarəsində qeydə alınmış, xx.xx.2005-ci il tarixli texniki pasportu olan daş qarajı var. xx.xx.2016-cı il tarixdə 156 saylı bina sökülərək yerində çoxmərtəbəli binanın tikintisinə başladılmış, qaraj isə tikintidən 30-50 metr aralı məsafədə yerləşir. Həmin vaxtdan ərazi hasara alınmış, Cavabdeh MTK-nın sədri X4 oqlu iddiaçını və maşınını əraziyə buraxmamış, baxmayaraq ki, qarajın tikinti ərazisinə dəxli yox idi. Həmin vaxtdan, yəni 2 il bundan öncə iddiaçının razılığı olmadan qarajının dəmir qapıları sökülmüş, yerinə plastik qapı-pəncərə qoyulmuş və qarajdan yeməkxana kimi istifadə edilməyə başlanmışdır. “X2” MMC-nin rəyinə əsasən, Azadlıq prospekti ərazisində 1 kv.m. sahənin icarə haqqı 14 manat, orta bazar qiyməti isə 2681 manata bərabərdir. Bu hesabla qarajın sahəsi 30.9 kv.m. x 14 manat = 432 manat aylıq icarə haqqı tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, cavabdeh tərəfindən onun mülkiyyət hüququ pozulmuş və o, bu illər ərzində qarajını icarəyə versə idi hər ay üçün 432 manat pul qazanmış olardı. MTK tərəfindən ona yeni tikiləcək binada qaraj təklif olunur, lakin o, buna razı deyil. Belə ki, onun 31 kv.m. sahəsi olan daş qarajı tək maşın saxlamaq funksiyasını icra etmirdi. O, yeni tikiləcək binada mənzili olmadığı halda həmin binada maşın saxlamaq üçün yerə ehtiyac duymur. O, mülkiyyətində olan daş qarajın ona qaytarılmasını tələb edir və hesab edir ki, MTK tərəfindən illərdir onun qarajından yeməkxana kimi istifadə olunması qanunsuzdur. Qaraj ona qaytarılmalı və xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay üçün 432 manat əldən çıxmış fayda olaraq cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddiaçıya məxsus qarajın da yerləşdiyi ərazi rəsmi olaraq yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya ayrılmış və o, buna dair müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçıya məxsus olan daş qaraj 2018-ci ilin aprel ayından Cavabdeh MTK-nın istifadəsindədir və hal-hazırda qarajın iddiaçıya qaytarılması mümkün deyil. Qaraj hal-hazırda sökülməyib və MTK tərəfindən yardımçı tikili kimi istifadə olunur. İddiaçı ilə dəfələrlə danışıqlar aparılmış, tikilən binada qaraj və müəyyən pul məbləğləri təklif edilmiş, lakin iddiaçı təklif olunanlarla razılaşmamış və qarajın dəyərinə adekvat olmayan tələblər irəli sürmüşdür. Cavabdeh MTK-nın təklifləri hal-hazırda da qüvvədədir, lakin hazırkı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2003-cü il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə X1 ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısındakı qaraj İddiaçı satılmışdır. İş materiallarında olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən 30,9 kv.m. sahəsi olan daş qaraj İddiaçı mülkiyyətindədir. İş materiallarında olan ayrıc aktından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 174 saylı sərəncamı ilə Binəqədi rayonu, 18ci Dağlıq küçəsi, ev 1 ünvanında 2314,66 kv.m. torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya verilib. İş materiallarında olan xx.xx.2018-ci il tarixli obyektin tikintisinə icazədən görünür ki, Cavabdeh MTK-ya ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə, Cavabdeh MTK-ya hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair şəhərsalma əsaslandırılması layihəsi təsdiq edilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı məxsus olan daş qaraj Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilən ərazidə yerləşir və bir neçə ildir ki, Cavabdeh MTK-nın istifadəsindədir. Daş qaraj hal-hazırda sökülməyib və yardımçı tikili kimi MTK-nın istifadəsindədir. İddiaçının sözlərinə görə daş qaraj xx.xx.2016-cı il tarixdən "Cavabdeh" MTK tərəfindən onun əlindən alınıb. Belə ki, həmin tarixdə tikinti aparılan ərazi hasara alınmış və onun qaraja daxil olmaq imkanı itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, qarajın xx.xx.2016-cı il tarixdən onun istifadəsindən alınması iddiaçı tərəfindən sübut edilməli idi, lakin iddiaçı buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə qarajın 2018-ci ilin aprel ayından "Cavabdeh" MTK-nın istifadəsində olmasını məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə iddia tələbinin 10368 manat məbləğində tələbini qismən əsaslı hesab edir və qeyd etməyi zəruri hesab edir ki, həmin tələb “icarə haqqı” tələbi kimi yox, “əldən çıxmış fayda” kimi müəyyən hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında icarə müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır və cavabdeh qarajdan hər hansı hüquqi əsas olmadan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, ... hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) ekspertiza keçirilən günə aylıq icarə haqqı 100 manat təşkil edir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən qarajın 2018-ci ilin aprel ayından Cavabdeh MTK-nın istifadəsində olmasını qəbul etməsini nəzərə alaraq hesab edir ki, İddiaçı qarajın onun istifadəsində olmadığı 34 ay üçün 3400 manat məbləğində pulu əldən çıxmış fayda olaraq cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini “qarajın əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi” hissəsində əsaslı hesab edir. Belə ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə müvafiq olaraq, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz". İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməli və 3400 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilsin. 3400 (üç min dörd yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA**********6000000000, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-147/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-147/2021
09.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver